Almaniya kansleri Krım muxtar vilayətində keçirilən referendumun nəticələrini tanımayacaq
“Reuters” agentliyinnin verdiyi məlumata görə, Almaniya kansleri Angela Merkellə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Almaniya kansleri Krım muxtar vilayətində keçirilən referendumla bağlı Vladimir Putinə etirazını bildirib.
Angela Merkel keçiriləcək referendumu qanunsuz adlandırıb və bunun Ukrayna konstitusiyası, eyni zamanda beynəlxalq hüquqla ziddiyyət təşkil etdiyini vurğulayıb. Almaniyanın baş naziri Rusiya prezidenti ilə danışığnda Krımdakı mövcud problemdən çıxış yolunu tapmaq üçün beynəlxalq müşahidə qrupunun yaradılmamasına da təəssüf etdiyini dilə gətirib.
Məlumat üçün bildirək ki, Ukraynada prezident Viktor Yanukoviçin devrilməsindən sonra Qərb meyilli müxaifətin hökuməti ələ keçirməsi Kremli heç də qane etməyib və Rusiya qoşunlarını Krıma yeritməklə muxtar vilayəti öz tərkibinə qatmaq prosesinə başlayıb. 16 mart referendumundan sonra Krım əhalisinin verəcəyi səslər Rusiyanın bu bölgəni öz ərazisinə qatıb-qatmayacağını ortaya qoyacaq.