Bu dəfə Rusiya qazdığı quyudan çıxa bilməyəcək…
Krım ətrafında gedən əsəb müharibəsi öz apogeyinə yaxınlaşmaqdadır. Cəmi üç gün sonra bu muxtar diyarda dünyanın qanunsuz saydığı 16 mart referendumunun nəticəsi bəlli olacaq. Eyni zamanda Rusiyanın Krımla bağlı qəti qərarı bilinəcək. Qərb və onun dominant olduğu nüfuzlu beynəlxalq təşkilatlar (Avropa Birliyi, NATO) da elə həftənin sonunu gözləyir. Putinə ABŞ və Avropanın verdiyi möhlət 17-də bitir.
Özünün ağılsız, dünyanı 3-cü cahan savaşı həddinə gətirəcək neoimperiya maraqlarının əsirinə çevrilmiş Rusiya prezidenti isə hələ ki, geri durmaq qırımı nümayiş etdirmir. Onun xarakterinə və KQB bioqrafiyasına bələd olanlar bilir ki, Putin siyasətdə praqmatizm, hamının qəbul elədiyi oyun qaydaları, beynəlxalq norma-filan hərləmir və qarşısında real güc görməyənədək dünyanı sarsıntıda saxlamaqda davam edəcək.
Bu günlərdə bir rus analitikinin Putin haqda maraqlı fikrini oxudum. Deyir ki, Putin iki şeyin girovudur – “qədeş oğlanlar geri çəkilmir” prinsipinin və çoxluğun rəyinin. Kreml başçısı sanki indi elə durumdadır ki, onun geri verməsi öz günahı üzündən az qala mümkünsüz hala gəlib, çünki bu, onundan ötrü siyasi intihara, “yenilməz Putin” obrazının və putinizmin iflasına gətirə bibər.
Çoxluğun rəyinə gəlincə, Rusiya prezidenti əlbəttə ki, rus cəmiyyətinin “velikorus” virusuna yoluxmuş kəsiminin onun arxasında duracağına əmindir. Rusiyanın KİV-lərinə, onun ictimai-siyasi xadimlərinin, ziyalılarının, deputatlarının çıxışlarına, hətta sıravi rusların Krım məsələsində tutuqları mövqeyə baxın – hamı Putini haqlı sayır, “Krım rus torpağıdır” deyirlər.
Başlar yenə havalıdır. “Rus ayısı” yenə dağıtmaq, ziyan vurmaq üçün ayaqdadır. Putin başda olmaqla bu “derjavniklər”ə elə gəlir ki, Rusiya XXI əsrdə də nə istəsə edə, qonşu suveren dövlətlərin ərazilərini rus pasportları paylamaqla özünə birləşdirə bilər və bu zaman kimsə ona “gözün üstə qaşın var” deməməlidir. Çünki supergücdür.
Amma supergücdürmü? Xeyr. Çoxdan deyil. Yazıqlar olsun ki, nə Kremlin qaynar başlı hazırkı rəhbərliyi, nə də onun arxasındakı “şovinist” çoxluq bunun fərqindədir. Amma bu dəfə Rusiya qazıdığı quyudan çıxa bilməyəcək. Bunun ikinci mühüm bir səbəbi Qərbin Kremlə qarşı görünməmiş yekdillik nümayiş etdirməsidir. Bu da ona görədir ki, maliyyə-iqtisadi, hərbi cəhətdən qat-qat zəif Rusiya demokratiya paytaxtlarının önünə əlcək atıb, Qərbə, demokratik dünyaya, beynəlxalq hüquqa qarşı savaş açıb.
Qərb üçün bu savaşdan qalib ayrılmaq 2-ci dünya savaşından sonra ən prinsipial, hətta ölüm-qalım məsələsinə çevrilib yazsaq, yanılmarıq. Əks halda, iştahı güclənən Kreml postsovet məkanının başqa suveren ərazilərinə də göz dikəcək, o cümlədən Dağlıq Qarabağ hesabına Azərbaycanın ilhaqına şirniklənəcək. Bütün bunların demokratik dünya üçün, qlobal demokratik proseslər və enerji təhlükəsizliyi üçün nə demək olduğunu Qərbin “beyin mərkəzləri” bilməmiş deyil.
Özümüzə gəlincə, Krım separatizmi nə qədər paradoksal da olsa, milli maraqlarımıza işləyə, Dağlıq Qarabağı geri qaytarmaq üçün Azərbaycana “fürsət pəncərəsi” aça bilər. Zira, Krım separatçılığı, müstəqillik bəyannaməsi və qanunsuz referendum oyunu ssenari etibarilə büsbütün Dağlıq Qarabağdakı separatçı hərəkatın təkrarıdır. Hətta detallar da üst-üstə düşür.
Məsələn, əgər Dağlıq Qarabağdakı qeyri-legitim rejim “müstəqillik bəyannaməsi”ə keçmiş DQMV ətrafındakı Gülüstan (keçmiş Şaumyan-kənd) rayonunu daxil edibsə, Krımın “müstəqillik” sənədinə muxtar respublikaya aid olmayan qonşu Sevastopol şəhəri salınıb. Dağlıq Qarabağda da “referendum” keçirilib və 1 dekabr 1989-cu ildə Ermənistan parlamenti Dağlıq Qarabağı Ermənistana birləşdirmək haqda qərar qəbul edib.
Qısası, “DQR” Krım statusundadırsa, işğalçı Ermənistan da Rusiyanın rolundadır indi. Qalır bu əlverişli fürsətdən rəsmi Bakının ağıllı şəkildə yararlanıb təcavüzkar ölkənin “pişiyini ağaca dırmaşdırmaq”, onun dünyada təklənməsinə nail olmaq.
Onu da unutmaq olmaz ki, yeni soyuq savaş başlasa, Rusiyanın əsas müttəfiqləri və forpostları da Qərbin qəzəbinə gələcək. Hər halda, Rusiya stilində işğala və separatizmə, Kremlin marionetinə çevrilməyə görə Ermənistanın başını tumarlamayacaqlar.