250 minlik maşınla şütüyüb qarşılarına çıxanı güllələyən, tapdalayan qudurğan məmur balalarını kim dayandıracaq?
Daha bir oliqarx oğlunun qudurğanlığı Bakıda böyük faciəyə səbəb oldu.
Xəbərlərdən məlum olduğu kimi, Suraxanı rayonu ərazisində, Zığ şosesində quduzcasına sürətlə hərəkət edən “Mercedes Gelandewagen G55 AMG” markalı avtomobil eyni istiqamətdə (aeroport istiqamətində) hərəkət edən “VAZ-2106” avtomobilini darmadağın edərək aşıb.
“Jiquli”nin sərnişinlərindən ikisi – Azərbaycanın görkəmli tarzəni, xalq artisti Ağasəlim Abdullayevin 4 yaşlı nəvəsi və həyat yoldaşı həlak olub.
Daha üç nəfər, o cümlədən xalq artistinin özü isə ağır yaralanıb.
Bir ailənin iki üzvünün öldürən, üç üzvünü ağır yaralayan “Gelandewagen”in sürücüsü isə Xəzər Dəniz Neft Donanmasının keçmiş rəisi Mübariz Mədətovun oğlu, 1976-cı il təvəllüdlü Xalid Mədətovdur. Qəzadan sonra o və yanındakılar “Gelandewagen”in dövlət nömrə nişanını (90 FE 007) açaraq aradan çıxıblar.
Rəsmi araşdırmanın nəticələri hələ məlum olmasa da bütün dəlillər bunu deməyə əsas verir ki, söhbət təsadüf, yaxud ehtiyatsızlıq nəticəsində baş vermiş adi avtomobil qəzasından getmir. Baş vermiş hadisə sözün əsl mənasında qəsdən adam öldürmək cinayətinə bərabər əməldir. Çünki qiyməti 250 min manat olan “Gelandewagen” icazə verilmiş maksimal sürət həddini ən azı iki dəfə keçib və sürücünün qudurğanlığı ölkənin nüfuzlu incəsənət xadiminin ailəsində böyük faciəyə səbəb olub.
Bu həmin Mübariz Mədətovdur ki, ən korrupsiyalaşmış idarəyə başçılıq edirdi və onun korrupsiya əməlləri barədə mətbuat illərdir yazırdı. Ötən ilin payızında prezident İlham Əliyev struktur islahatları həyata keçirərək ARDNŞ-in tərkibində olan, başdan-ayağa korrupsiyalaşmış Xəzər Dəniz Neft Donanmasını ləğv etdi və onun rəhbəri nəhayət vəzifəsini itirdi.
Prezidentin sərəncamı ilə Xəzər Dəniz Gəmiçiliyi ilə Xəzər Dəniz Neft Donanması birləşdirildi, onun əsasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. Bununla da Mübariz Mədətovun biznes və korrupsiya ortağı olan Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirovun statusu aşağı düşdü.
Doğrudur, onun ümumiyyətlə gəmiçilik sistemindən kənarlaşdırılacağı və uzun illərdir başçılıq etdiyi idarədə hökm sürən korrupsiya və maxinasiyalara görə cinayət məsuliyyətinə cəlb olunacağı haqda xəbərlər də yayıldı.
Lakin A.Bəşirov hələ də gəmilərini fırladıb milyonlarını qazanmaqdadır. Biri azyaşlı olmaqla iki nəfəri öldürən, üçünü yaralayan X.Mədətovun atası ilə Aydın Bəşirovun həm də quda olduğu bildirilir. Hərçənd ki, A.Bəşirov özü bu qudalıq münasibətlərini təsdiq etmir.
Lakin iki korrupsiyalaşmış və hazırda birləşdirilmiş strukurların rəhbərləri arasında qudalıq münasibətləri heç nəyi həll etmir. Azərbaycan təcrübəsində əslində məmur-oliqarxlar arasında qudalıq münasibətləri çox vaxt korrupsiya şəbəkəsini təkmilləşdirmək və yeni biznes ortaqlığı yaratmaq üçün vasitədir.
Məsələnin mahiyyəti başqadır və söhbət qudurğan məmur balalarının yüz minlərlə dollarlıq maşınlarda heç bir qaydalara məhəl qoymadan şütüyərək sözün əsl mənasında terror əsdirməsindən gedir.
Belələrinin şəhərin mərkəzində saatda 180-220 kilometr sürətlə şütüyərək sfetoforun qırmızı işığında keçməsi və qəza törətməsi, yaxud hansısa mağazaya, kafeyə girməsi barədə çoxsaylı insidentlər qeydə alınıb.
Qudurğan məmur balaları təkcə yüksək sürətlə şütüyüb qarşısına keçənləri tapdalamır, onlar elə-belə, kefləri yaxşı olanda qarşılarına keçənləri gülləyə də tuta bilirlər.
Məsələn, bu günlərdə deputat-biznesmen (həm də keçmiş “Qaçqınkom” məmuru) Ayaz Orucovun rəsmi olaraq bir qəpik də qazanmamış tələbə oğlu “Gelandewagen”lə şəhərin mərkəzində içərisində iki qadın olan avtomobili necə gülləbaran etməsi barədə zərərçəkənlərdən biri bütün təfərrüatları ilə mətbuata danışmışdı.
Hansı ki, hüquq-mühafizə orqanları hələ də deputatın kovboy oğlunu həbs etməyib. Şikayətçinin bildirdiyinə görə, onun atası zərərçəkənləri pulla susdurmağa çalışır və artıq qadınlardan biri 30 min manat alaraq buna razı olub. Digəri isə haqqını tələb edir.
Yaxud elə bu günlərdə yüksək sürətlə hərəkət edən “Gelandewagen”in Bakının mərkəzi küçələrindən birində idarəetmədən çıxaraq kafeyə necə girdiyinə dair kadrlar da yayılmışdı.
Virtualaz.org saytı azərbaycanlı məmur-oliqarxların sevimli balalarının bahalı oyuncaqlarını və lüks əyləncələrini sosial şəbəkələrdə necə reklam etdiyi barədə yazılar verib.
Belələləri atalrının oğurladığı milyonlar hesabına aldıqları “Gelandewagen”ləri, “Lamborghini” və ya “MacLaren”ləri hamının gözünə soxmaqda heç utanıb-eləmirlər. Üstəlik Bakının yollarında saatda 220 kilomer saatla şütüdüklərini hamıya sübut etmək üçün spidometrin göstəricisini də çəkib sosial şəbəkələrdə yayırlar.
Məsələn, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat-biznesmen Elton Məmmədovun oğlu Aynar Məmmədov kimi. O, həmin Zığ şossesində son model “BMW”də saatda 240 kilometr sürətlə necə şütüdüyünü avtomobilin bort kompüterinin göstəricilərini çəkib İnstagram-da yayaraq sübut edirdi.
Prezident İlham Əliyev çıxışlarında bir neçə dəfə bu cür qudurğan məmur övladları haqda danışıb və onlara qəti xəbərdarlıq edib. Prezident belələrinə görə məsuliyyəti atalarının daşıyacağını və onların işdən çıxarılacaqlarını, sərt cəzalanacaqlarını demişdi.
Belə görünür ki, qudurğan balalar ataları işdən çıxarılandan sonra da puldan korluq çəkmirlər və əvvəlki kimi arxayındırlar.
Axı Mübariz Mədətov işdən çıxarılsa da onun oğlu puldan niyə korluq çəkməlidir? Bir halda ki, onun atası yüzlərlə gəmidən ibarət donanmanı istədiyi kimi fırlanıb, üstəlik Aydın Bəşirovla birlikdə şəxsi donanmasını qurub və biznesini xaricə çıxarıb…
Yəni milyonlar sevimli balanın cibinə axmaqda davam edir. Belə olan halda o, sürəti niyə aşağı salmalıdır?!
virtualaz.org