Ermənistan “Qafqaz evi” ilə bağlı təşəbbüslərin iflasa uğrayacağını isbatlayan növbəti addımı atdı – Krımın ilhaqına dəstək verməklə. Rəsmi müqavilə ilə buxovunu ən azı 40 illiyə Rusiyanın ixtiyarına verən rəsmi İrəvan seçimini bir daha dəqiqləşdirdi, Moskvanın yanında yer aldı.
Beynəlxalq güclər Ermənistana azadlıq havasını dadızdırmaq üçün bu illərdə çox çalışdılar, hətta Sürix razılaşması ilə Türkiyə-Ermənistan sərhədini açmaqla erməniləri rus ayısının pəncəsindən xilas etməyə cəhd göstərdilər, “futbol diplomatiyası”nı işə salıb Ankara ilə İrəvanı barışdıra biləcəklərini zənn etdilər. Lakin bütün bu layihələr alınmadı. Budur, indi də Ermənistan Ukrayna ərazisinin işğalına alqış dediyi üçün Kiyevin qəzəbinə tuş gəlib. Ancaq təkcə Kiyevinmi..?
20 martda Avropa Şurasının Nazirlər Komitəsi Krımın Rusiyaya birləşdirilməsini pisləyən qərar qəbul etdi. Azərbaycan da daxil olmaqla 42 ölkənin təmsilçiləri Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən sənədin qəbuluna səs verdi – Ermənistan isə Rusiya ilə birgə bu qərara qarşı çıxdı. Budur, İrəvan Kiyevlə də özünü düşmən edib. Dünyanın da gözündə işğalçı Rusiyanın yandaşı kimi tanınıb. Ermənistan xalqların öz müqəddəratını təyin etmək hüququna dəstək verdiyini bəyan edir, dünya isə buna qarşı çıxır. Bu məntiqlə sabah dünya Qarabağda eyni ssenarinin reallaşmasına da “yox” deyəcək və rus işğalına dəstək verən İrəvanın arzusunu gözündə qoyacaq.
Krımdansonrakı situasiya Azərbaycan üçün nə qədər təhlükəlidirsə, bir o qədər də yaxşı fürsətdir. Kimsə zənn etməsin ki, bunun ardınca Qarabağ erməniləri də hansısa ssenariyə uyğun “müstəqillik” arzularına çatacaqlar. Əgər bu, mümkün olsaydı, ermənilərin Qarabağda illər öncə keçirdiyi referendumun nəticələrini Rusiyanın özü tanıyardı.
Moskvanın Krım avantürasını Qarabağ ermənilərinə tətbiq edəcəyi az inandırıcıdır. Rusiyaya Dağlıq Qarabağ məsələsi lazımdır, amma “dondurma” şəkildə, həllini tapmış halda yox. Moskva Dağlıq Qarabağ probleminin nə ermənilərin, nə də Azərbaycanın istəyinə uyğun həllini istəmir. Azərbaycana münasibətin səbəbi bəlli, bizim ölkəni təzyiq altında saxlamaq üçün bundan yaxşı fürsət ola bilməz. Rusiya ona görə Qarabağda Ermənistanın istəklərinə uyğun addım atmır ki, ermənilərin nə qədər satqın olduğunu bilir. Rusiya əmindir ki, erməninin işi düz getsə, bir gün onun özünü də Avropaya satacaq. Ortada əlahəzrət tarixi faktlar var. Odur ki, Qarabağ kartından sonadək istifadə etməkdə qərarlıdır.
Təbii ki, Rusiya hər fürsətdə Azərbaycana zərbə vurmağa çalışacaq – ən azı Ermənistanın, Gümrüdəki hərbçilərinin, Azərbaycanla təmas xətti boyunca düzdüyü snayperlərinin əli ilə. Necə ki, bir neçə gün öncə, Novruz şölənləri keçirilən zaman snayper daha bir hərbçimizin həyatına son qoydu. Əsrlər keçsə də, “atan kazaklardır”, buna şübhə yox. Həm Ermənistandakı, həm də Qarabağdakı cinayətkar rejimlər Moskvadan basılan düymə ilə hərəkət edir. Rusiyaya məhz belə rejimlər, belə vəziyyət gərəkdir.
Moskvanın onunla sərhədi olmayan Dağlıq Qarabağı Krım kimi özünə birləşdirməsi də bir o qədər inandırıcı görünmür. Bir ovucluq Qarabağ ermənilərinin sayı da bu məsələnin Krımdakı kimi çözüləcəyinə inam yaratmır. Qarabağ erməniləri sadəcə Rusiyanın bir lətifədə deyildiyi kimi divara vurduğu “mıx”dır. Demək Molla Nəsrəddin evini ucuz qiymətə satsa da, divara vurulmuş mıxı öz əmlakı kimi sənəddə göstərir. Evin sonrakı sahibi də Mollanı axmaq sayıb buna məhəl qoymur. Üstündən bir müddət keçir və ev sahibi görür Molla bir eşşək leşini sürüyüb gətirir. Səbəbini soruşanda Molla “gətirdim ki, eşşəyi o mıxdan asıb dərisini soyum” deyir. Ortada sənəd var, ev sahibi nə deyəsidir. Girov vəziyyətində olan Qarabağ erməniləri də Rusiyaya həmin mıx kimi lazımdır…
* * * *
Artıq Ermənistanda da sanksiya təhdidi ilə baş-başa qalan Rusiya ilə bir yerdə olmağın ermənilər üçün fəlakətli perspektiv vəd etdiyini anlayırlar. “Problem həm də ondadır ki, Gürcüstan Avropa Birliyinə qoşulduqdan sonra Rusiya qazının Ermənistana nəqlini dayandırmağa məcbur edilə bilər”; “Ermənistanın ittifaqa girmək istədiyi Rusiyanın rəhbərliyi öz ölkəsini bir nömrəli “lənətlənmiş dövlət”ə çevirib” deyir erməni ekspertlər. Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri David Şahnazaryan isə Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimin Krım məsələsində Moskvanı açıq-aşkar dəstəkləməsini böyük siyasi səhv, Azərbaycana “hədiyyə” adlandırdı, bunun İrəvana və Xankəndinə baha başa gələcəyini demişdi. Ermənilər də anlayır ki, bu vəziyyət Azərbaycanın əlinə işləyir. Elə isə Azərbaycan nədən hərəkətə keçməsin? Belə zamanda bizə 7 günlük Novruz tətili nə yaraşır, cənablar?
Azərbaycan antiterror məsələsində sivil dünyanın yanında olduğu kimi anti-işğal məsələsində də beynəlxalq aləmlə bir yerdə dayanmağı bacardı, hətta Rusiyanın hikkələrinə baxmayaraq. Şübhə yox ki, Rusiya “qara siyahısında” olanları bağışlamayacaq. Kremlin təbirincə artıq Azərbaycan “qırmızı xətti” keçib. Ötən il Qəbələ RLS-in, Bakı-Novorosiysk kəmərinin fəaliyyətini dayandırmaqla, Gömrük İttifaqına girməkdən imtina etməklə, əvəzində Şahdəniz-2 layihəsinə imza atmaqla Putini qəzəbləndirən Bakı Avropaya doğru növbəti addımlarını atmalıdır. “Nə Rusiya, nə Avropa” mövqeyi bizə uğur vəd etmir. Əgər Yanukoviç ötən ilin payızında Avropa ilə assosiativ sazişi imzalasaydı, nə hakimiyyətdən gedərdi, nə tifaqı dağılardı, nə də ölkəsi işğal olunardı…
Və öz ayağı ilə Haaqaya gedən Sərkisyan…
Azərbaycan prezidenti Novruz çıxışında Ermənistanı faşist dövlət adladırdı. Ancaq ardınca məlum oldu ki, bu faşist dövlətin cani prezidenti ilə növbəti görüş planlaşdırılıb. Görüş yeri də maraqlıdır – Haaqa. Hansı ki, neçə illərdir Xocalı soyqırımında iştirakına görə Sərkisyanın Beynəlxalq Haaqa Tribunalına verilməsini gözləyirik. Serj ora əli qandallı aparılmalı olduğu halda arxalı köpək, qalib ölkənin başçısı kimi gedəcək…