Bilmirəm buna fikir vermisinizmi, verməmisinizsə də özünüzü elə aparın guya çoxdan bilirdiniz: Azərbaycan həmişə dünyanın kritik anlarında önəmli ərazi olmuşdur. Xalqımızın qüdrətinə şəkk gətirənin başına daş düşsün!
İkinci dünya savaşına aid məşhur video var, Hitler Bakı nefti şəkli çəkilən tortu basır yeyir. Ancaq boğazında qalır. Biz nefti SSRİ-yə verdik, nəticədə faşistlər uduzdular. İndi hamı Stalindən, Çörçilldən-zaddan gopa basır, halbuki Balaxanı neftçıxarma idarəsindən danışmaq lazımdır.
Elə həmin SSRİ də bizə görə dağıldı. Orda rəhbər vəzifələrdən biri həmyerlimizin əlinə keçəndən sonra nüvə dövləti çökdü.
Nüvə demişkən, hazırda Niderlandda nüvə sammiti keçirilir, ora bizim prezidenti də çağırıblar. Halbuki bizim əl boyda da atom bombamız yoxdur, ən axırıncısını Səfər Əbiyev İrəvana atmışdı. Bizi o sammitə əslində başqa səbəbdən dəvət ediblər: Ukrayna və Rusiya arasında böhranı çözmək üçün prezidentimizdən məsləhət alacaqlar. Azərbaycanın dövlətlərarası münaqişələri çözməkdə böyük təcrübəsi vardır. Məsələn, kimin ağlına gələrdi 20 il atəşkəs elan eləyib pul qazanasan, kef çəkəsən? Özün 50 milyard qazananda ordu adlı quruma da 3-4 milyard büdcə ayırıb vətənpərvər kimi ad çıxardırsan, şairlər bu mövzuda yazır, manıslar oxuyur, hətta müxalifət adlı qurum da “Bizim Qarabağ mövzusunda iqtidardan fərqli mövqeyimiz yoxdur” deyir. Unikal modeldir.
İndi Rusiya da bala-bala Ukraynanı işğal edir, buna qarşı mübarizə aparmaq lazım deyildir. Yığışıb qaçmaq lazımdır, sonra Leonid Kuçmanı tapıb hakimiyyətə dəvət eləmək məqsədəuyğundur. Yeri gəlmişkən, görkəmli politiloqumuz Vəfa Quluzadənin nə qədər uzaqgörən olması da ortadadır. O deyirdi Rusiya dağılacaq, ancaq faktiki Rusiya dağıdır. Bu isə “şər deməsən xeyir gəlməz” milli fəlsəfəmizə aiddir.
Uzun sözün qısası, Avropaya gedən hər 3 qaz balonundan 2-si Rusiyaya məxsusdursa, hoppanıb-düşməyin mənası qalmır. Hamı Ukraynanın işğalına dözəcək, başqa yolu yox artıq. Əslində bundan sonrakı dünya qeyri-ciddi bir dünya olacaqdır, mənə inanın. Kim istəsə özünü müstəqil dövlət, ya da nə bilim, Rusiyanın, Amerikanın bir hissəsi elan edəcəkdir. Mən Rusiya Dumasının Krımı işğal sənədini ratifikasiya edən iclasına baxdım. Lavrovun, Züqanovun, Jirikin anekdot-çıxışlarını dinlədim. Tərtəmiz dəlixana idi. İndi belə dövlətin qərarlarına nə üçün ciddi yanaşasan? Yola vermək lazımdır, nə desələr yalandan təsdiqləmək lazımdır. Deyir Krım bizimdir, qoy olsun. Heç embarqo-zad da lazım deyil. İqtisadi əlaqələri, bazar münasibətlərini artırmaqla hər şey öz axarına düşəcək.
Bax belə karikatur dünya böhranı durumunda Azərbaycanın, ondan Avropaya uzanan neft-qaz kəmərlərinin önəminin artması sevindiricidir. Tamaşa, sirk varsa, orda bizim klounların nömrələrinə ehtiyac yaranır. Krımın taleyi Kürdəmirdə həll olunur. Barak Obama yuxudan duranda deyib ki, mənə təcili Binəqədinin xəritəsini gətirin. İngilislər Qazaxdakı körpünün vəziyyəti ilə maraqlanırlar.
Bir az da ukraynalıların düşdüyü vəziyyət haqda. Onlar gərək konkret “Avropanı istəyirik, Rusiyanı yox” deməzdilər. Bizim iqtidardan örnək almaq gərək idi, 20 ildir heç bir tərəfə getmirlər, hamıya da deyirlər sizinləyik. Hətta şairimizin bu mövzuda şeiri də var: “Hamı mənə tərəf gəlir, Mən durmuşam yerimdə”. Ən yaxşı siyasət budur. Tərpənməyin mənası yoxdur. Tərpənən təndirə düşər.
Etiraz edən yerli sakinləri də ağacla döyürsən, qurtarır gedir. İqtidarın əlində ağac olmalıdır. Bu ağac həm də balans yaratmağa yarayır. Novruzəli bayramı günlərində mən Bakıda neçə yerdə quraşdırılan xalq oyunlarını gördüm, çoxunda kəndirbaz da var idi. Həmin kəndirbazın uzun ağacı kanatın üzərində dayanması üçün vacibdir.
Ukraynalılarda yanılmıramsa, heç Kosa da yoxdur.