Türkiyənin “Turcas Group” şirkəti elan edib ki, İzmir bölgəsinin Əliağa qəsəbəsi yaxınlığında inşa edilən “Star” neftayırma zavodu və eyniadlı terminalda ortaqlığını dayandırır.
“Turrcas Group” bu layihədəki 18 faizlik payını Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ/SOCAR) satmaq üçün danışıqlar aparır. Qeyd edək ki, SOCAR “Turcas Group”un da majoritar səhmdarıdır.
Şirkət “Star” neftayırma zavodu layihəsindəki payının əvvəlcə 13,5 faizini satmaq istəyib, daha sonra bütün payını sataraq layihədən çıxmağı qərara alıb. 5,5 milyard dollara başa gələcək “Star” neftayırma zavodu Türkiyənin neft məhsulları idxalından asılılığını azaltmalıdır.
SOCAR bu layihədə 41,5 faiz paya malikdir, “Turcas”ın payı 18,5 faizdir. Layihədə qalan 40 faizlik pay Azərbaycan hökumətinin adından çıxış edən İqtisadi İnkişaf Nazirliyinə məxsusdur. Əgər “Turcas”ın payı SOCAR-a satılsa, o zaman Azərbaycan Dövlət Neft Şirkətinin bu layihədəki payı 58,5 faizə çatacaq. “Turcas”ın layihədəki iştirakı isə cəmi 0,5 faizlik payla simvolik xarakter daşıyacaq.
Hazırda SOCAR “Star” layihəsinin maliyyələşdirilməsi üçün Türkiyə banklarından kredit almağa çalışır. Bu günlərdə “Denizbank” elan edib ki, layihəyə 500 milyon dollar kredit ayırmağa hazırdır.
Virtualaz.org