Krımı işğal edən Rusiya qalib görünsə də Kremlin vəziyyəti elə də ürəkaçan deyil. Rusiyaya qarşı iqtisadi sanksiyalar demək olar ki, artıq işə düşüb və rubl, iri şirkətlərin səhmləri sürətlə ucuzlaşmağa başlayıb. Rusiyada iqtisadi böhran dərinləşir. Bu ölkənin valyuta bazarında rublun dollar və avro qarşısında kursu dramatik şəkildə aşağı düşüb.
Rusiyanın Mərkəzi Bankı xarici valyutaya olan tələbatı azaltmaq məqsədilə bazara külli miqdarda valyuta çıxarıb. Satışa çıxarılan xarici valyutanın həcminin bütün tarix boyu ən yüksək həddə olduğu açıqlanıb. Bunun nəticəsində nisbətən lokal sabitlik yaratmaq mümkün olub.
Konkret olaraq nəhəng qaz ixracatçısı “Qazprom”un səhmlərinin dəyəri təxminən 20 faiz aşağı düşüb. Müharibə əlavə xərc və inflyasiya deməkdir. Elə bu səbəbə bu nəhəng şirkət “qara siyahı”ya düşməyə başlayıb.
Müharibə təhlükəsinin qısa müddətli effekti valyuta bazarında rublun çöküşü, MMVB və RTC indekslərinin aşağı düşməsi ilə müşayiət olunub.
Ekspertlər əmindirlər ki, Rusiya yaxın zamanlarda xarici sərmayəçilər üçün cəlbediciliyini itirəcək.
Rusiya kapitalı ölkədən çıxarılmağa, Rusiyadakı xarici kapital isə böyük həcmdə geri dönməyə başlaya bilər, rublun yaxın aylarda kifayət qədər sürətlə ucuzlaşması ehtimalı isə olduqca böyükdür.
Təsadüfü deyil ki, Rusiyanın neft, qaz və metallurgiya şirkətləri artıq böhran içindədirlər.
Qida məhsullarının topdansatış qiymətlərinin yüksəldiyi də müşahidə olunur. Gündəlik istifadə edilən ərzağın qiyməti 10 faizdən çox yüksəlib.
Bu hələ başlanğıcdır. Hələ neft ucuzlaşmayıb.
Xatırladaq ki, Kreml 2008-ci ildə Gürcüstana müdaxilə edəndə Rusiyanın əsas gəlir mənbəyi olan neftin bir bareli 147 dollardan 33 dollara qədər endi.
Bir bu amil kifayət edirdi ki, Rusiya iqtisadiyyatı tam iflasa uğrasın. Rusiyalı ekspertlər qlobal böhranın ABŞ-ın Kremlə qarşı layihəsi olduğunu bildirirdilər. Hətta o vaxt rus mediasında “ABŞ Rusiyanı ürəyindən vurdu” kimi tezislər yer alırdı.
Bu gün Kreml dünyanı nüvə silahı ilə şantaj edir.
Lakin Rusiya istədiyi sayda nüvə silahına malik ola bilər, bundan isə istifadə edə bilməyəcək. Rusiya elitasının 500 milyard dolları ABŞ banklarındadır, bu isə o deməkdir ki, Putinin ətrafı Qərblə əməkdaşlıqda maraqlıdır.
Bir fakta da diqqət yetirək – son bir neçə ildə Rusiyadan oliqarxların qanunsuz çıxartdığı məbləğin 360 milyard dollar olduğu bildirilir.
Bu o deməkdir ki, Kreml rusları dilənçiliyə sürükləyir. Belə bir vəziyyətdə olan Rusiya Krımdakı avantürasına milyardlarla rubl vəsait ayırdı. Rusiyanın səfalət içində olan yoxsul bölgələrinin payından qopardılaraq Krımın işğalına sərf edilən məbləğ yaxın günlərdə daha da arta bilər. Bu isə Rusiya bölgələrinin dilənçi vəziyyətinə salınması deməkdir. İndi hamını bir sual düşündürür – gələcəkdə rusları nələr gözləyir? Əsasən bahalaşma, gəlirlərin azalması, rublun dollara və avroya məzənnəsinin daha da aşağı düşməsi qaçılmazdır.
Birmənalı şəkildə ehtimal edə bilərik ki, daha çox ərzaq və benzin bahalaşmaqda davam edəcək. Bunun nə demək olduğunu isə əlavə şərh etməyə ehtiyac yoxdur. Durğunluq əvəzinə böyük iqtisadi böhran, iş yerlərinin əldən çıxması yaxın vaxtlarda Rusiyanı dağıda bilər. Putin belə bir suala cavab verməlidir – orta statistik Rusiya vətəndaşı Kremlin Krımı işğal siyasətinə, hikkəsinə görə maaşların, təqaüdlərin, iş yerlərinin azalmasına razılaşacaqmı?
Bir sözlə, Rusiyanı yaxın zamanlarda “məxməri inqilablar” bürüyə bilər. Bunun günahı isə elə Putinin özündədir…
Yazar: Azər Rəşidoğlu