Minsk Qrupunun ABŞ-dan olan hazırkı həmsədri Ceyms Uorlikin ermənilərə reveransları təzə məsələ deyil. Hələ yenicə vasitəçiliyə başlayandan az sonra o, Xankəndi səfəri ilə bağlı twitterdəki mikrobloqunda separatçıların ünvanına belə bir yersiz qeyd eləmişdi: “Sizin gözəl ölkənizdə olmaqdan çox məmnunam…”.
İndi də onun twitterdəki son statusu erməniləri əməllicə qanadlandırıb – konfliktin mahiyyətini təhrif edən və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyin növbəti təzahürü olan bu ifadəni işlətməklə: guya “Qarabağ konflikti Azərbaycanla Dağlıq Qarabağ arasındadır”.
Bununla diplomat şübhəsiz, nəinki daşıdığı mandatın əleyhinə gedib, eyni zamanda onsuz da dalana girmiş sülh prosesinə ağır zərbə vuracaq mövqe sərgiləyib. Hər halda, ərazilərimizi bir ovuc Dağlıq Qarabağ ermənisinin deyil, məhz Ermənistan silahlı qüvvələrinin işğal etdiyindən kim xəbərdar olmasa da, mister Uorlik yaxşı agah olmalıdır.
Unudubsa, yadına salaq ki, təcavüzlə bağlı BMT Təhlükəsizlik Şurasının ABŞ-ın da dəstəklədiyi 4 qətnaməsi mövcuddur.
Üstəgəl, Amerika Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair yaydığı illik hesabatlarda həmişə belə bir ifadə yer alır: “Separatçılar Ermənistanın köməkliyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7 rayonu nəzarətdə saxlamaqda davam edir”. Avropa Şurasının, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının Ermənistanı işğalçı ölkə kimi tanıyan və İrəvandan öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmağı tələb edən qətnamələri də ki, öz qüvvəsində.
Sadalanan dəlil-sübutlar, sənəd-qətnamələr münaqişənin Ermənistanın Azərbaycana ərazi iddiasından doğduğunu aydın şəkildə göstərdiyi halda, işğalçını sudan quru çıxarmağa nə hacət görəsən? Necə deyərlər, “köhnə bazara təzə nırx qoymaq” istəyi amerikalı həmsədrdə nədən qaynaqlanır, əcəba?
Ən qəribəsi isə odur ki, bu dəqiqə Ermənistan Krım məsələsində Rusiyanı tam dəstəkləməklə, Moskvanın işğalçılıq hərəkətlərinə dövlət səviyyəsində haqq qazandırmaqla faktiki surətdə özünü ABŞ-ın regiondakı siyasətinə, bütövlükdə Qərb dünyasına, beynəlxalq demokratik ictimaiyyətə, ümumbəşəri dəyərlərə qarşı qoyub. Rusiya ilə eyni statusu – təcavüzkar ölkə adı daşıdığını əyani nümayiş etdirib.
Azərbaycan isə əksinə, passiv formada da olsa, Qərblə, əksər dünya ilə səsləşən mövqe sərgiləməkdədir. Amma baxın, Uorlik ölkəmizin yox, Ermənistanın şəninə yaraşan açıqlama verir, Bakıya deyil, İrəvana, separatçı rejimə yarınır. Xeyir ola? Olmaya Vaşinqtonun Qarabağ siyasəti dəyişir? Yoxsa Rusiya kimi o da ikili standartların əsiri olaraq qalmaqdadır?
Axı necə ola bilər ki, Krım olaylarından sonra işğalçı ilə işğala məruz qalan tərəflər heç vaxt olmadığı qədər bəlli ola-ola amerikalı həmsədr ölkəsinin Krım məsələsindəki mövqeyinə diametral zidd mövqe ortaya qoysun? Bəlkə bu yolla o, Ermənistanı guya Qərbə yaxınlaşdırmağa şirnikləndirmək və Rusiyanın caynağından qurtarmağa ümid edir?
Təbii ki, siyasi sadəlövhlükdür. Moskva Ermənistanı elə özəlləşdirməyib ki, bu marionet ölkə fərqli xarici oriyentasiya haqda da düşünə bilsin. Rusiya qlobal oyunçu kimi sıradan çıxmayınca, ermənilərin ipinin sahibi dəyişməyəcək – burası çoxdan bəlli.
Dağlıq Qarabağdakı yerli ermənilər isə Azərbaycan vətəndaşlarıdır və əlbəttə ki, Bakı onların təmsilçiləri ilə danışıqlar apara bilər. Bir şərtlə: onlar ölkəmizin ərazi bütövlüyü və suverenliyini qeyd-şərtsiz qəbul eləsinlər. Bu mənada, bəli, Dağlıq Qarabağdakı qanunsuz reyim münaqişə tərəfidir.
Yerdə qalan halların hamısında Qarabağ erməniləri müstəqil tərəf yox, üçüncü qüvvənin (Rusiyanın, Ermənistanın, İranın) əlində Azərbaycana qarşı sadəcə, bir təzyiq rıcaqıdır, alət statusundadır. Yoxsa indi ABŞ da özünün regiondakı əzəli və əbədi rəqibinin yer aldığı səfə qoşulmaq niyyətindədir?