Rusiyanın Krımı bir güllə də atmadan Ukraynadan qopardığı bir vaxtda dünyanın diqqəti hələ də bu yarımadadadır.
Vladimir Putinin Krımı döyüşsüz ələ keçirməsi şübhəsiz ki, onun həm Rusiyada, həm də dünyada reytinqini xeyli yüksəldib. Başqa ölkələrin ərazilərini fəth etmək planlarına görə Putini indi tez-tez Hitlerlə müqayisə edirlər.
Lakin tarix boyu uğrunda qanlı müharibələrin getdiyi Krımı fəth etmək heç də həmişə belə asan olmamışdı. O cümlədən indi Putinlə müqayisə olunan Hitler yarımadanı əldə saxlamaq üçün bütöv ordusunu qurban vermişdi.
Almaniyanın “Die Welt” qəzeti II dünya müharibəsi zamanı Hitler qoşunlarının Krımı necə aldığını və daha sonra sovet qoşunlarının yarımadanı necə geri qaytardığını yazıb.
Virtualaz.org saytı alman qəzetinin yazarı Florian Ştarkın həmin məqaləsinin tərcüməsini təqdim edir:
“Stalin Krımı necə geri aldı…”
Krım üzərində Stalin kölgəsi: 1944-cü ilin yazında Qırmızı ordu yarımadanın azad olunması üçün əməliyyata başladı. Hitler ona mane olmaq üçün bütöv ordunu qurban verdi
Rusiya prezidenti Vladimir Putinin Krımın birləşdirilməsi ilə bağlı fəaliyyətləri II dünya müharibəsi zamanı İosif Stalinin fəaliyyətini xatırladır. 1941-1942-ci illərdə Qırmızı ordu 8 aydan artıq müddət ərzində öz Ali Baş Komandanının əmrini yerinə yetirdi və Sevastopol qalasının xarabalıqlarında son damla qanlarına qədər vuruşdu.
Stalinin komissarı Lev Mexlis əlində tapança öz döyüşçülərini alman müdafiəsinin cənginə atırdı və onlardan on minlərlə döyüşçü həlak olurdu. Gələcək “qəhrəman şəhər”i istənilən qiymətə qorumaq səyləri Qırmızı orduya yarım milyona yaxın əsgər hesabına başa gəldi.
70 il əvvəl, 1944-cü ilin yazında cəbhədə vəziyyət dəyişdi. Sovet Ali Baş Komandanının əmrində Vermaxtın qüvvələrini rumın müttəfiqləri ilə birlikdə Krımdan vurub çıxarmaq əmri almış 470 min əsgər var idi. İndi artıq Hitler öz qoşunlarını Sevastopolun müdafiəsinə cəlb etməyə məcbur oldu.
Həmin məqamda alman qoşunlarının hələ də Şərq cəbhəsinin ən ucqar nöqtəsində yerləşməsi həm də Stalinqrad ətrafındakı fəlakətlə bağlı idi. Qafqazdan geri çəkilərkən Hitler Taman yarımadasında, Kerç körfəzinin şərq sahilində platsdarm qurmağı əmr etdi. Bu platsdarm gələcəkdə Qara dənizdəki neft yataqlarına hücum üçün tramplin olmalı idi.
Kurs döyüşündəki böyük məğlubiyyətdən sonra geri çəkilmənin gedişi zamanı alman və rumın qoşunları 1943-cü ilin sentyabrına qədər Kuban çöllərində ləngidilər. Sonra Hitler o səviyyəyə qədər “aşağı endi” ki, həmin mövqeləri də tərk etmək əmri verdi.
Hitler Cənub ordu qrupunun geri çəkilməsi prosesini müşahidə edərək dərk edirdi ki, bu ucqar “forpostu” saxlamağın mənası yoxdur.
Şübhəli siyasi səbəblər
Beləliklə, elə vəziyyət yarandı ki, Kerç körfəzi vasitəsilə Krım yarımadasına 280 min əsgər və mülki şəxs daşındı. Təəccüblü də olsa geri çəkilmə əmri vaxtında verilmişdi, Vermaxtın əsgərləri hətta ağır texnikanı da xilas edə bildilər. Baxmayaraq ki, bundan əvvəl fürer əsgərlərə öz mövqelərini nəyin bahasına olursa-olsun qorumaq əmri verirdi.
Lakin Hitlerin bu strateji düşüncəsi tezliklə yoxa çıxdı. Onun 17-ci alman ordusuna verdiyi növbəti əmr istənilən qiymətə Krım yarımadasını qoruyub saxlamaq barədə oldu.
Diktator öz tələbini ilk növbədə siyasi səbəblərlə əsaslandırırdı. Belə ki, alman qoşunlarının Krımda qalması hələ də neytrallığını saxlayan, lakin tərəddüd edən Türkiyəyə siqnal idi. Hitler ona nail olmağa çalışırdı ki, Türkiyə Rumıniya və Bolqarıstana qoşulub Almaniyanı dəstəkləsin. Hərçənd ki, bu gözləntinin reallıqla əlaqəsi yox idi.
Cənub-Şərq cəbhəsinin komandanlığı da Hitlerdən hələ imkan varkən 17-ci ordunun Krımdan geri çəkilməsi barədə əmr verməyi xahiş edirdi. 17-ci ordunun cəbhənin digər istiqamətlərində gedən döyüşlərdə iştirakı onun əsas qüvvələrdən ayrı düşmüş vəziyyətdə Krımdakı mövqelərini qorumasından daha böyük əhəmiyyət kəsb edərdi.
Lakin Hitler bunu dərk etməkdən imtina edirdi ki, Qırmızı ordu Vermaxtın Krımdakı qüvvələrinin alman ordusunun əsas qüvvələri ilə əlaqəsini kəsib. Belə ki, cəbhə xəttində qərb istiqamətində xeyli irəliləyib. Krıma vəd olunmuş əlavə qüvvələri göndərmək əvəzinə diktator martın 30-da “A” ordu qrupunun komandanı, alman ordusunun ən yaxşı generallarından olan Evald fon Klyaystanı vəzifəsindən azad etdi. Onun yerinə ilk növbədə radikal nasional-sosialist düşüncələri ilə fərqlənən ferdinand Eduard Şörner təyin olundu.
E.Şörner strateji biliklərinin çatışmadığını artıq aprelin əvvəlində büruzə verdi. O, “Krım qalasına” baş çəkəndən sonra fürerə məruzəsində əmin etdi ki, Krımın əldə saxlanılmasına uzun müddətə təminat verilir. Ancaq cəmi bir neçə gün sonra sovet qoşunları alman və rumın qoşunlarının müdafiəsini yardı, onların son qalıqları tam parakəndə halda Sevastopol qalasına sığındı.
Sevastopol simvol kimi
78 minlik alman və 46 minlik rumın əsgərləri (rumınların az hissəsi döyüş bölmələrini təşkil edirdi) Sevastopolda mənasız müdafiəyə hazırlaşdılar. Onların tankları yox idi və sovet qoşunlarının üstün qüvvəsinə qarşı ancaq zenit topları var idi.
Şörner və 17-ci ordunun komandanı Ervin Yenekke dərhal qoşunların Rumıniya ərazisinə geri çəkilməsi planını hazırladılar. May ayına qədər əsasən qərargah əməkdaşlarından və arxa cəbhə təchizat bölmələrindən ibarət 100 minə yaxın adamı evakuasiya etmək mümkün oldu.
Antoneskunun əmri ilə rumın qoşunları da evakuasiya edildi. Lakin döyüş bölmələrinin qalıqları Hitlerin əmri ilə Krımdakı mövqelərində qalmaqda idi. Yenekke başqa generalla əvəz edildi və daha sonra məhkəməyə verildi.
Mayın 5-də Qırmızı ordu Sevastopola hücuma başladı. Mayın 9-da Hitler nəhayət Şörnerin çağırışına əməl etdi və geri çəkilməyə razılaşdı. Hərbi-Dəniz Qüvvələri daha 30 min adamı Rumıniyaya evakuasiya etdi. Ancaq bu xaosda 10 minə yaxın əsgər həlak oldu, daha 12 min əsgər əsir düşdü, bütün alman hərbi texnikası Qırmızı ordunun əlinə keçdi.
Vermaxt 1942-ci il iyulun əvvəlində Sevastopolu tutanda III Reyx öz qüdrətinin zirvəsində idi. Krımın alınmasına görə qalib general Erix fon Manşteyn Hitlerin əmri ilə feldmarşal oldu. Şəhərin 1944-cü il, mayın 9-da Qırmızı ordu tərəfindən geri alınmasından sonra 126 sovet əsgərinə Sovet İttifaqı Qəhrəmanı adı verildi. Krımın simvolik əhəmiyyəti də bundan ibarət idi.
Amma reallıq daha şəffaf idi, çünki müharibə hələ bitməmişdi. Sovet İttifaqının tam qələbəsinə hələ bir il var idi.