İki ölkənin başçılarının ayın sonunda Praqa toplantısı çərçivəsində bir araya gələcəyi gözlənilir
Azərbaycan və Ermənistan prezidentləri – İlham Əliyev və Serj Sərkisyan arasında görüşün bu ayın axırında baş tutacağı kifayət qədər realdır. Ermənistan KİV-lərinin yaydığı xəbərə görə, məlumatlı mənbə görüşün Praqada keçirilmə ehtimalının yüksək olduğunu söyləyib.
Xatırladaq ki, aprelin 24-25-də Çexiyanın paytaxtında “Şərq tərədfaşlığı” proqramının 5 illiyinə həsr olunmuş yüksək səviyyəli toplantı keçiriləcək. Həmin toplantıya Azərbaycan və Ermənistanın dövlət başçılarının da qatılacağı gözlənilir.
Görüşlə bağlı hazırlıqlar ötən aydan başlayıb. Sonunci dəfə aprelin 4-də Moskvada iki ölkənin xarici işlər nazirləri – Elmar Məmmədyarov və Edvard Nalbəndyan bir araya gələrək prezidentlərin görüşünün təşkilini bir daha müzakirə ediblər.
İlham Əliyevlə Serj Sərkisyan sonuncu dəfə keçən il noyabrın 19-da Avstriyanın paytaxtı Vyanada bir araya gəliblər. Ötən ayın sonlarında Hollandiyanın Haaqa şəhərində növbəti görüşün keçiriləcəyi haqda xəbərlər yayılsa da, məlumat özünü doğrultmadı. Prezidentlər yalnız ayrı-ayrılıqda ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşməklə kifayətləndilər.