Musavat.com saytının administratorları saytın materiallarına ən çox şərh yazan oxucunu təsbit ediblər. Adamın nikinin adı “Masallı Malik”dir. Hərçənd onun adının doğrudan da Malik, yaxud Kamil, bəlkə də Dadaş olduğunu heç kəs bilmir. Şərh imzasını hərə bir cür yazır. Məsələn, “Cəsur ürək” niki ilə yazan adam, ola bilər, quşürəyin biridir. Bunu təkcə onun əsl adını göstərməyə qorxmasından da bilmək olar.
Amma o da ola bilər ki, “Masallı Malik”in adı gerçəkdən Malikdir və özü də Masallıdandır. Masazırdan da ola bilər.
Heç onu da bilmirik ki, “Masallı Malik” hazırda harada yaşayır: ölkəmizdəmi, xaricdəmi?
Bununla belə, onun bəzi şərhlərindən quşqulanmaq olar ki, adam 39-42-ci paralellərdə məskun deyil. Çünki çox cəsur-cəsur şərhlər yazır, demir, onu taparlar, cibinə nanə, mixək atıb tutarlar.
Administratorumuzun biri “Çudo peçka”dan alınmış qoğala and içir ki, ən radikal şərhlər məhz “Masallı Malik”ə məxsusdur. O deyir: “Elə şərhləri olur ki, hamısını buraxsaq, qan düşər, ya da gəlib redaksiyanı yerindən köçürər, administratorları da Masazır gölünün qırağına aparıb duzda boğarlar”.
Şərh işinə baxan əməkdaşlarımızdan biri əmin edir ki, hər gün səhər ilk şərh “Masallı Malik”dən gəlmiş olur. Onun köməkçisi də buyurur ki, gecənin son şərhini də “Masallı Malik” yazır. Yəni hörmətli oxucumuz səhər açılandan gecə yarısınadək gözünü musavat.com-dan ayırmır və hey şərh yazır.
Artıq “Masallı Malik” saytımızın müəllifləri qədər tanınır, hətta bəzilərindən daha populyardır. Arada bəyin işi-gücü olur, şərh yazması alınmır, redaksiyaya zəng gəlir ki, bəlkə onun başına bir iş gəlib, yoxsa adamı blok etmisiz.
Düzü, bir dəfə aparıcı administrator onun növbəti hiddətli, kəskin və söyüşlü şərhindən sonra qəzəblənərək “Masallı Malik”in İP adresini, proqramçıların sözü olmasın, ban eləmişdi. Baş redaktor xəbər tutdu, onu blokdan çıxardı, dedi, o qiymətli oxucudur, dəyməyin, qoyun, nə yazır, yazsın.
Ancaq bu qiymətli oxucunun şərhləri gerçəkdən də diqqət tələb edir, admin bir az başısoyuqluq eləsə, bir gün onun hansısa sözünə görə hakerlər saytı dağıdacaqlar.
Ən maraqlısı odur ki, “Masallı Malik” bütün mövzulara (siyasət, iqtisadiyyat, idman, mədəniyyət və s.) vaqifdir. Bir də görürsən, beynəlxalq məsələlərə dair şərh yazır. Məsələn, onun son günlərdəki şərhlərindən biri beləydi: “Ukraynanın da NATO və Amerikayla hərbi razılığı vardı, ancaq Putin oranı 1 saata zəbt elədi. İlham Əliyev Ərdoganla bu razılığı ölkəni qorumaqçün yox, öz ….. hakimiyyətini saxlamaqçun imzalayıb…”.
Baxırsan ki, adam müxalifətçi ritorikası ilə danışır. Amma 15 dəqiqədən sonra görürsən, bəy, yeni bir şərh yazıb və Müsavatı AXCP-yə, VHP-ni Ümidə, ADP-ni ALP-yə, KXCP-ni BAXCP-yə qatıb və kənarda bir qüvvə qoymayıb.
Elə də olur ki, administrator “Masallı Malik”in növbəti şərhini buraxır, amma biədəb ifadələrin yerinə nöqtələr qoyur və belə bir kəlam alınır: “Ölkədə….vəzifəsi 5 həftədir boşdur. Bu vəzifədə öncə ……çalışırdı, ancaq o …..vəzifəsinə keçəndən sonra vəzifə vpakantdır. Ən layiqli namizəd Tağıdır …. vəzifəsinə…”.
İndi nə biləsən, Masallı Malik hansı vəzifəyə hansı Tağını layiq bilir.
Yaxud onun deputat Etibar Hüseynovun köçkünlərdən üzr istəməsi barədə xəbərə yazdığı şərh beləydi: “Üzr istəyəcəkdinsə, niyə demisən o sözləri? Gələn seçkidə heç bir siyahıdan seçilməyəcəksən. Artıq köhnə işinə dönərsən”.
Viza məsələsinə dair yazdığı şərh isə onun ölkədən kənarda yaşaması barədə şübhələri artırır: Həmin şərh belədir: “Dəfələrlə səfirliklərin tələb etdikləri sənədləri yığıb, Almaniya, Fransa, İtaliya (ən rüşvətxor səfirlik), Macarıstan səfirliklərindən qanuni yolla viza almaq istəmişəm, ancaq hamısında “otkaz” almışam. Yalnız sonradan hər səfirliyə əli olan dəllallara 1500-2500 manat arasında rüşvət ödəyib, viza ala bilmişəm”.
Bu yazıdan elə çıxmasın ki, “Masallı Malik” öz şərhləri ilə bizi yorub və bu nədənlə canından bezənlər var. Xeyr. Türkün sözü, sakıncası yoxdur, amma şərhlərə baxan əməkdaşlar deyirlər ki, “Masallı Malik”ə yazın, ağır sözlər yazmasın, şərhlərə nöqtə qoymaqdan gecə yuxumuza nöqtələr girir.