Qarabağı və Zəngəzuru Putindən istəməyin absurdluğu haqda
Deputat Eldar İbrahimov Krımın Rusiya tərəfindən ilhaqına əcaib şəkildə haqq qazandırıb. Əcaiblik həm də ondadır ki, adam Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. İndi rəsmi Kiyev də götürüb onu “persona non qrata” elan edə, “qara siyahı”ya salıb Ukraynaya girişini yasaqlaya, haqlı çıxar-çıxmaz?
Çıxar. Görün cənab nə deyir. Sitat: “Krımda ukraynalılar, ruslar və tatarlar referendum keçirib Rusiyaya birləşməyə səs verdilər”. Kalaşnikov avtomatlarının lülələri altında, cəmi 10 günün içində keçirilən, yerli ukraynalıların və tatarların boykot etdiyi “səsvermə”ni deputat referendum, “tarixi ədalətin təntənəsi” sayır (Qınamırıq, saxtakarlığa vərdiş eləmiş bir qüvvənin təmsilçisi, mandat daşıyıcısıdır İbrahimov).
Ardınca da özünü təmizə çıxarmaq üçün bəyan edir ki, guya Dağlıq Qarabağla Krım fərqli problemlərdir, çünki: “Orada yalnız yerli ermənilər qaldığından referendum keçirmək qanunsuzdur, eyni zamanda bu, Azərbaycan qanunvericiliyinə ziddir”. Bəs Krımdakı “referendum” Ukrayna konstitusiyasına zidd deyildi? Ya bəlkə Qarabağ azərbaycanlıları öz yurdlarına qayıtdıqdan sonra keçiriləcək referendumun nəticəsi Azərbaycanın maraqlarına uyğun olacaq?
Hələ harasıdır, deputat beynəlxalq hüququn “bakirəliyini” pozaraq dünyanın 1 nömrəli baş bəlasına çevrilən, şər imperiyasını bərpa eləmək yolunda az qala atom silahı tətbiq eləməyə hazırlaşan Putindən Dağlıq Qarabağ və Zəngəzuru Azərbaycan qaytarmaqda yardımçı olmağı xahiş edib. Kreml başçısı Çar imperiyasını bərpa eləmək qayğısı ilə yaşayır, bu isə… Erməni faşisti Zori Balayanın Dağlıq Qarabağı Rusiyaya birləşdirməklə bağlı yaxınlarda Putinə yazdığı məktubu bu yerdə necə yada salmayasan?
Dağlıq Qarabağı Krımdan fərqli problemlər kimi təqdim eləmək isə kökündən yanlışdır və milli maraqlarımıza zərbədir. Erməni elektron mediasını mütəmadi izləyən şəxs kimi əminliklə deyə bilərəm ki, düşmən ölkənin də əksər siyasiləri, ekspertləri ictimai rəyə Dağlıq Qarabağ və Krım məsələlərinin fərqli məsələlər olduğunu sırıyıb özlərinə təskinlik tapmağa çalışırlar. Halbuki hər iki halda söhbət beynəlxalq hüquqa, BMT nizamnaməsinə məhəl qoymayan bir dövlətin başqa (qonşu) dövlətin ərazisini separatçılıq kartı ilə işğal edib özünə birləşdirməsindən gedir. Sadəcə, Ermənistan Rusiya kimi supergüc olmadığından onu de-yure, rahatca həzm edə bilmədi (Heç Rusiya da hələ həzm edib qurtarmayıb).
Yaddan çıxarmayaq ki, müasir dövrdə tarixi həqiqətlər deyil, beynəlxalq hüquq normaları, BMT və ATƏT-in nizamnamə və prinsipləri qüvvədədir. Əks halda, dünyada xaos yaranar, müharibələr bitib-tükənməz. Bəli, Dağlıq Qarabağ məsələsində tarixi həqiqət də biz tərəfdədir. Amma Krım axı cəmi 230 il öncə Rusiyadan qabaq Türkiyənin olub. Hətta 1954-cü ilədək tarix boyu yalnız rus torpağı olsaydı belə, Moskva onu zorakı yolla ilhaq eləməməli idi.
Hər şey qırağa, ortada 1995-ci ilin Budapeşt anlaşması var. Moskvanın da imza atdığı həmin sənədə görə, ABŞ, İngiltərə və Rusiya nüvə silahından imtina qarşılığında Ukraynanın ərazi bütövlüyünə zəmanət verib. Kreml isə parlament səviyyəsində həmin anlaşmanın artıq birtərəfli qaydada denonsasiya edib – qüvvədən salıb. İndi öz imzasına hörmət qoymayan bir dövlətə dünyada inam-etibar, hörmət-izzət qalarmı? Ondan ədalət ummaq necə, mümkünmü?
Hələ onu demirik ki, “xalqlar həbsxanası” olan Rusiyanın hazırkı yetkililərinin tarixi ədalətdən və onun bərpası zərurətindən danışmağa yerli-dibli haqqı yoxdur. Hətta haqqı çatsa belə, pis-yaxşı beynəlxalq təhlükəsizlik sisteminin qarantı olan mövcud dünya düzəninin laxlamaması üçün bundan vaz keçməlidir. Yoxsa sənin torpaqlarına da tarixi haqqı olan ölkə, qüvvə tapıla bilər. Necə deyərlər, “özünə rəva bilmədiyini başqasına görmə”.
Bu xüsusda Dağlıq Qarabağ tarixi erməni torpağı olsaydı belə, onun Ermənistana birləşdirilməsi ədalətli sayıla bilməzdi. Deməli, sivil dünyadan Qarabağ məsələsində ədalət tələb elədiyimiz zamanda Zəngəzura iddiamız yersizdir və Qarabağın qaytarılmasına yalnız mane ola bilər. Bizə irad tuta bilərlər ki, bəs harda qaldı sizin BMT tərəfindən tanınmış ölkələrin ərazi bütövlüyünə sayğınız, özümüzə qarşı bunu tələb edirsizsə, digərlərinə münasibətdə niyə etmirsiz?
Yəni Ermənistan da BMT, ATƏT üzvüdür. Əgər qonşu ölkənin ərazi bütövlüyünü şübhə altına alırıqsa, deməli, erməniyə dəstəvuz veririk ki, Azərbaycan torpaqlarının işğalına da haqq qazandırsın. Bəli, Zəngəzur da qədim Azərbaycan (türk) torpağıdır. Amma indi bu məsələni qaldırmağın, üstəlik, o torpaqları Putindən istəməyin, yumşaq desək, vaxtı deyil. Bu, yeni şər imperiyasını qurmaqla məşğul olan Kremlin də dəyirmanına su tökmək deməkdir.
Ondansa, ən yaxşısı Ermənistandan qovulan 200 minlik yerli azərbaycanlının məsələsini qaldırmaq, onlara Ermənistanda simmetrik muxtariyyət statusu tələb etməkdir. Bax, bu, beynəlxalq hüquqa tam uyğun olar, Qarabağ məsələsində manevr imkanlarımızı artırardı. Onu da unutmayaq ki, işğalçı ölkə də Qarabağı dünyaya qədim erməni ərazisi kimi təqdim edir. Özü də deyəsən axı, onlara daha çox inanırlar, nəinki bizə…