Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən 2013-cü il ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində Komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 25 nəfərin taleyinə aydınlıq gətirilib, onların adları itkinlərin siyahısından çıxarılıb. Bu barədə Modern.az-a Dövlət Komissiyasının İşçi qrupundan məlumat verilib.
Buildirilib ki, taleyinə aydınlıq gətirilmiş əxslərdən 1 nəfərin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 5 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 19 nəfərin isə siyahılardan təkrar keçdiyi müəyyən edilib.
Beləliklə, 1 mart 2014-cü il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı4014 nəfər təşkil edib. Onlardan 3254 nəfər hərbçi, 758 nəfər mülki şəxslərdir. 2 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil.
Mülki şəxslərdən 59 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (17 nəfər azyaşlı qız), 254 nəfər qadın, 351 nəfər yaşlı şəxsdir (154 nəfər qadın).
Əsir, itkin düşmüş 4014 nəfərdən 877 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub, şahid ifadələri alınıb.
Münaqişə müddətində 1412 nəfər əsir və girovluqdan azad edilib. Onlardan 342 nəfər qadın, 1069 nəfər kişidir. Eyni zamanda 201 nəfər uşaq (68 nəfər azyaşlı qız), 289 nəfər yaşlı şəxsdir (112 nəfər yaşlı qadın).
Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 554 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblrdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfər qadın, 449 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.