Son vaxtlar yeni bir ziyanlı proses başlayıb, addımbaşı Azərbaycan xalqını aşağılayanlar peyda olub. Ayrı-ayrı fərqli düşüncə sahiblərinə qurşaqdan aşağı zərbə vuran “təhqir maşınları” deyəsən, daha söyüşlərini ünvanlamağa ayrı ünvan tapa bilmir deyə, xalqı söyürlər…
Bəlkə də hansısa cərəyanların, xalqın özünü öz gözündən salıb gələcəkdə bu məmləkətə sahiblənmək istəyənlərin əlində vasitəyə çevrilib belələri. Onların cavabı mütləq verilməlidir. Bu xalqın böyüklüyünü sübut etmək üçün çox da uzağa getməyə ehtiyac yoxdur, elə yazının əvvəlindəki kimi Ukrayna xalqı ilə müqayisə aparmağımız yetərlidir. Ukraynada yaşananlar, xalqın rus işğalına seyrçi münasibəti bu günlərdə çoxlarını heyrətləndirir. Bəziləri bunun səbəbi kimi qarşıda Rusiya boyda nüvə dövlətinin olduğunu əsas gətirir.
Onda bir anlıq düşünək, məgər Azərbaycan ötən əsrin 80-ci illərin sonlarından etibarən SSRİ kimi nəhəng nüvə dövləti ilə üz-üzə qalmamışdımı? Ukraynalıların baş verənlərə laqeyd münasibətini görəndə adamın ürəyindən keçən tək bu fikirlər olur: sən nə qədər böyük, döyüşkən xalqsan, mənim xalqım!
Düzdür, ötən ilin sonlarından bütün qışı Maydanda keçirdiyinə görə bir çox hallarda mübariz ukraynalıları özümüzə də nümunə sayanlarımız az olmayıb. Ancaq Azərbaycan xalqı da zaman-zaman demokratiya uğrunda ayaqda olub, sözünü deyib, mövqeyini ortaya qoyub. 2003-cü ilin Bakısı yadınızdadırmı? ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Maydandakı aksiyaçılara yemək paylayırdı. Azərbaycandakı aksiyaçıların dağıdılmasını, stabilliyin yaradılmasını isə yüksək dövlət rəsmilərindən birinin dediyi kimi, ABŞ-ın ovaxtkı səfiri xahiş etmişdi. Sizcə, ABŞ Yanukoviçə “Maydanı dağıt, asayişi bərpa elə” desəydi, ukraynalılar onu devirə bilərdimi? Təbii ki, yox. Bu mənada Qərbin mövqeyi həlledici oldu.
Azərbaycan xalqının öz torpaqları uğrunda apardığı şərəfli mübarizəni sübut etmək üçün dağa-daşa düşmək lazım deyil. Bu gün ölkənin az qala hər kəndində Şəhidlər Xiyabanı var, orada neçə-neçə torpaq uğrunda həlak olan qəhrəmanlarımız uyuyur. İkinci belə məmləkət varmı ki, orada bir məkanda iki dəfə şəhidlər xiyabanı salınsın? Ötən əsrin əvvəlində erməni-bolşevik quldurlarının qətlə yetirdiyi Azərbaycan türklərinin dəfn olunduğu Çəmbərəkənd qəbiristanlığının yerində əsrin sonlarında ikinci də Şəhidlər Xiyabanı salınıb. Bu gün də bu xalq düşmənlə üzbəüz mövqelərdə qurbanlar verməkdədir. Daha bu xalq nə qədər qurbanlar verməlidir ki, onun haqqında müsbət fikirlər səslənsin?
Kəlbəcərlilərin ailə-uşağını, mal-qarasını rayondan çıxartması ətrafında da müzakirələr davam edir. İttiham etmək asandır. Ancaq həmin situasiyanı göz özünə alıb, özünü o insanların yerində qoyub sonra danışmaq lazımdır. Kəlbəcərdən bir nəfər tanıyıram, mühasirədə düşmən əsirliyinə düşəcək deyə, qızını özü güllələmişdi! Belə dəhşətlərin üstündən adlayıb adamları ittiham etmək olmaz. On illərdir insanlar ağır şəraitdə yaşayıb dözürlər, yurdlarına qayıdacaqları günü gözləyirlər. Onların yaşadığı yataqxanada bircə saat olmaq belə insanın psixologiyasına təsir edir. İndi bu adamları aşağılamaq yolverilməzdir.
Bu gün az qala bütün dünya Ukraynanı Rusiya işğalından qurtarmaq üçün hərəkətə keçib, onun müdafiəsinə qalxıb. Azərbaycan xalqı 90-cı ilin yanvar qırğınına məruz qalanda dünyanın “bu, SSRİ-nin daxili işidir” yanaşmasını görmədimi? Bu gün ABŞ Rusiya kimi nəhənglə Krıma görə üz-göz olub, Rusiyaya sanksiyalar tətbiq edir. Azərbaycan isə ərazilərinin işğal olunduğu gərgin günlərdə ABŞ Konqresi “Azadlığa Dəstək” Aktına “907-ci düzəlişi” qəbul etdi, ərazilərini işğaldan azad etmək istəyən xalqı sanksiyalara məruz qoydu. Əvəzində isə Amerika işğalçıya – ötən on illər ərzində Ermənistana milyonlarla yardım ayrıldı. Lakin belə bir durumda da bu qəhrəman xalq savaşı davam etdirdi, 20 min şəhid verdi. Onda da qarşıda rus ordusu, rus silahı, texnikası idi, bu gün Ukraynada olduğu kimi.
Ukraynalıları aşağılamaq niyyətim yoxdur və ola da bilməz. Ancaq kimsə də mənim xalqımın təkcə yaxın keçmişdəki xidmətlərini, fədakarlıqlarını görməzə vurub ağlına və ağzına gələni deməsin. Bu böyük xalqın bir daha mübarizəyə qalxdığı, torpağını yağı tapdağından azad etdiyi gün gələcək. Mütləq gələcək… SSRİ-nin 366-cı alayına qarşı döyüşən xalq günün birində haqqına-torpağına sahib olmağı bacaracaq. Odur ki, bu xalqı aşağılamağa susamayın…