““Avto FM” 30 dəqiqədən bir yollarda baş verənlər barədə informasiya çatdıran yeganə radiodur”.
Oxu.Az oxucularına “Avto FM”-in PR meneceri cazibədar LeylaMəmmədova ilə müsahibəni təqdim edir:
– Leyla xanım, zəhmət olmasa özünüz haqqında danışın.
– Maliyyəçiyəm, Dövlət İqtisad Universitetini bitirmişəm. Qeyd edim ki, qırmızı diplom ilə bitirmişəm. Amma təhsildə uğurlara baxmayaraq, elə o zamanlar anladım ki, mühasibatlıq mənim sahəm deyil, bu sənət mənim temperamentimə uyğun deyil.
Mən universitetin ictimai həyatında çox fəal iştirak edirdim. Qrup nümayəndəsi, sonra isə “Maliyyə və kredit” fakültəsinin Tələbə Gənclər Komitəsinin sədri, daha sonra isə universitetin ictimai işlər üzrə sədri oldum. Bir müddət sonra iqtisadi jurnalda çalışmağa başladım, universitetdə müsabiqədən keçdim, məhz orada işləyərkən marketinq və pr aləmi ilə tanış oldum.
– “Avto FM”-ə necə gəldiniz? Bir qədər öz işiniz barədə danışın.
– “Avto FM” radiosuna gəlişim özüm üçün də gözlənilməz oldu. Mən artıq bir neçə il idi ki, saytlarla məşğul olurdum, onlardan biri hamının çox sevdiyi Turbo.az saytıdır. Avtomobillərlə həmişə maraqlanmışam, ona görə də Turbo.az-la həvəslə əməkdaşlıq edirdim.
“Avto FM”-də işləməyi təklif edəndə çox sevindim və əlbəttə ki, təklifi qəbul etdim.
– Yəqin ki, iş əsnasında maraqlı insanlar və vəziyyətlərlə qarşılaşırsınız? Zəhmət olmasa ən çox yadınızda qalan bir hadisə və ya görüşdən olan təəssüratınızı bizimlə bölüşərdiniz.
– Mən öz işimi çox sevirəm. Bizdə “Avto FM” hər gün çox maraqlı və dinamikdir. Əməkdaşlarımız arasında çoxlu sayda istedadlı və yaradıcı insan var, onlarla işləməkdən zövq alıram.
Maraqlı insanlarla görüşlər əlbəttə ki, olur, o qədər çoxdur ki belə görüşlər, konkret bir şey danışa bilməyəcəm (gülür).
– PR menecerin işi yəqin ki, çox gərgindir. Öhdəsindən necə gəlirsiniz?
– Gərgin… hm… İşini sevəndə, bunu hiss etmirsən. Və mən yalnız zövq alıram.
Real olaraq isə mən də bütün sürücülər kimi yollarda olan tıxaclardan gərginləşirəm. Bax bu mənim üçün əsl stressdir.
Yeri gəlmişkən tıxaclar haqqında, biz 30 dəqiqədən bir yollarda baş verənlər barədə informasiya çatdıran yeganə radiostansiyayıq. Zaman və əsəb xərcləmək üçün bizi dinləyin.
– “Avto FM” radiosu gənc radiodur, amma artıq dinləyicilər arasında populyarlıq qazanıb. Yəqin, burda sizin də əməyiniz var?
– Mən kolleqalarıma onlara mane olmamaqla yardım edirəm (gülür).
Amma ciddi danışsaq mən “Avto FM”-i müxtəlif tədbirlərdə, təqdimatlarda, sərgilərdə təmsil edirəm. Məsələn, tezliklə avtomobil sərgisi keçiriləcək, bu sərgidə bizim radio informasiya sponsoru kimi çıxış edəcək.
Mən məsələn, danışıqlar aparacam. Bu sərginin məhsuldar olacağına inanıram.
“Avto FM”-in populyarlığına gəldikdə isə, siz haqlısız – qısa zaman ərzində böyük dinləyici auditoriyası qazanmışıq. Belə populyarlıq keyfiyyətli musiqinin, maraqlı verilişlərin və faydalı informasiyanın vəhdəti ilə izah edilir.
“Avto FM” bizim radio industriyamızda yeni formatdır.
– “Avto FM” dinləyicilərinə nə arzu edərdiz?
– Həyatda yaddaqalan anlarının çox olmasını, həmişə pozitiv düşüncəli olmalarını arzu edirəm.
Həyat seçdiyiniz fon musiqisindən asılıdır, seçim sizindir.
Və bir də hamıya “Avto FM”-i dinləyəcəkləri avtomobillərinin olmasını arzu edirəm.