Azərbaycan siyasəti “ölü nöqtəsi”ndən tərpənə bilmir. Elə bu səbəbdən də mətbuatla yanaşı siyasətçilər də Ukrayna və Türkiyədəki proseslərə münasibət bildirməklə gündəmdə qalmaq istəyirlər.
Azərbaycan siyasəti o dərəcədə cansıxıcıdır ki, bu ölkədə baş verənlər geniş kütlə üçün maraqsızdır.
Mahiyyət etibarilə, burada təəccüblü bir nəsnə də yoxdur. Siyasi liderlər və onların ətrafı daha çox qeybət və cılız intriqalarla məşğul olurlar. Bu metod isə ölkədə proses yaratmağa qadir deyil. “Nə edə bilərik” sualı da yersizdir.
Dünyanın gözü qarşısında Misirdə “ərəb inqilabı”nın əsas müəlliflərindən olan 429 nəfər öz edamını gözləyir. Bu insanlar Misir inqilabının əsas müəllifləri idilər. “Mübarizə aparmaq necə olur” sualına cavab axtaran hər bir kəs “Müsəlman qardaşları”nın liderlərinin son hadisələr zamanı davranışına nəzər yetirə bilər. Mübarizə zamanı müxalifət liderlərinin və onların ailə üzvlərinin önəmli hissəsi şəhid oldu.
Misir müxalifəti güllə altında mübarizəsini davam etdirdi. Bu gün ölümünü gözləyən 429 nəfər təşkilat üzvünün taleyinin necə olacağı qaranlıq qalsa da, insanlar mübarizələrini davam etdirirlər.
Bu sayda fəalı edam cəzası alan təşkilat mübarizədən çəkilmir. Sosial şəbəkələrdə “adama 10 profil açaq” şüarı ilə silahlanıb imitasiya ilə məşğul olmur. Misir müxalifəti hərbi xuntanın tankları qarşısına əliyalın çıxır və öz tərəfdarlarının qolları arasında can verir, 429 nəfər isə edamını gözləyir.
Nə həbs, nə ölüm onları mövqelərindən geri çəkilməyə vadar edə bilmir. Liderlərinin bir addımlıqlarında şəhid olduğunu görən, onları mübarizəyə səsləyən rəhbərlərinin qanları ilə meydan suladığını müşahidə edən sıravilər üçün artıq tək yol qalır – ya qələbə, ya ölüm. İdeologiyası olan, lideri cəsarətsiz olmayan Misir müxalifətinin gücü də elə bundadır. Bu, məğlubedilməz xalqdır.
Söhbət heç də yalnız radikallıqdan da getmir. Söhbət ardıcıl siyasi mübarizədən gedir. İmitasiya ilə məşğul olmaq deyil, sosial şəbəkə qəhrəmanı olmaq deyil, ardıcıl siyasi fəaliyyətlə məşğul olmaq lazım gəlir.
İnsanlar elə düşünürlər ki, yeni radikal qüvvələrin siyasi proseslərin avanqard rolunda çıxış etməsi problemlərin həlli demək olacaq. Belə fərziyyələr kifayət qədər sadəlövh səslənir. Öncə onu vurğulamaq lazım gəlir ki, Azərbaycanda yeni müxalifətin yaranması üçün maliyyə resursları yoxdur. Böyük maliyyə olmadan isə yalnız romantiklərin şüarları ilə silahlanmaq böyük effekt verə bilməz. Digər tərəfdən, unutmaq lazım deyil ki, Azərbaycan ərazicə kiçik ölkədir və burada cərəyan edən proseslərdə kənar təsirlərin effektliliyi daha böyükdür. Odur ki, dünyaya meydan oxuyan hansısa bir siyasi liderin meydana çıxacağını və ölkənin, xalqın bütün problemlərini həll edəcəyini gözləmək sadəlövhlüyün son həddi sayıla bilər.
Azərbaycanda sosial baza, maliyyə vasitələrinin məhdudluğu, supergüclərin neqativ münasibətinə görə nə qatı millətçi, nə də ki radikal dinçi liderin yetişəcəyi proqnozlaşdırılmır.
Ölkənin, bölgənin düzənini, dəngələrini dəyişə biləcək liderlərin formalaşması uzun prosesdir və yerli, xarici təzyiqlər, hazırkı reallıq hələ ki buna imkan vermir.
Lakin bütün bunlara baxmayaraq, müxalifətin “təzə qana” ehtiyacı var. Yeni, daha intellektual simaların, yüksək təhsilli gənclərin partiyaların yerli və mərkəzi strukturlarına gətirilməsi son dərəcə mühümdür.
Savadlı, rabitə texnologiyalarını gözəl bilən, dünyadakı prosesləri təhlil edən gənclərə “yaşıl işıq” yandırmağın zamanı çatıb.
Bu gün Azərbaycanda yüz minlərlə, milyonlarla insan var ki, tamamilə fərqli düşünür, nə iqtidarın, nə müxalifətin, nə də ki özünü yeni siyasi qüvvə kimi təqdim etmək istəyən gənclərin fikirlərini bölüşmür və onları müdafiə etmir.
Ortada böyük ideyalar da yoxdur. Yaşayışından narazı qalan, lakin nə etmək lazım olduğunu bilməyən insanlara yeni impulslar lazımdır. Azərbaycanda isə quruluşu, siyasi düzəni, münasibətlər sistemini tamamilə dəyişəcək ideya generatorları gözə dəymir. Prinsip etibarilə, siyasi təşkilatlar bir medalın əks tərəfinə bənzəyir.
Liderlərin bütləşdirilməsi, onların dediklərinin doqmalar kimi qəbul edilməsi, dürüstlük dərəcəsinin aşağı olması qapalı dairədən kənarda qalan milyonlarla insana hakim elita ilə əks elita arasında heç bir fərqin olmadığı fikrini aşılayır. Elə problemlərin kökündə də bu məsələ dayanır. İnsanlar kimin ardınca və hansı səbəbə getmək lazım olduğunu anlaya bilmirlər…
Azər Rəşidoğlu