Əgər Anders for Rasmussen də Qafqaza Rusiya təhlükəsindən danışdısa, demək, məsələ ciddidir. Rasmussen nə illərdir Rusiyanın işğalçı, təcavüzkar siyasətinin şiddətlənəcəyini proqnozlaşdıran politoloq Vəfa Quluzadədir, nə də əlindəki hərbi xarakterli informasiyaları bölüşən ekspert Üzeyir Cəfərovdur.
Rasmussen NATO-nun baş katibidir. NATO dünyanın ən qüdrətli hərbi alyansıdır, Avropanın bütün qüdrətli (eləcə də qüdrətsiz) ölkələrini birləşdirir və onun baş katibinin əlinin altında hər cür informasiya var.
Vəfa Quluzadə, Üzeyir Cəfərov və onlar kimi başqa ekspertlərin təhlillərini, proqnozlarını hansısa motivlərə dayanaraq ciddiyə almamaq mümkündür, Rasmussenin bəyanatını isə əsla.
Düzdür, NATO-nun baş katibi Cənubi Qafqaza “rus təhlükəsi”ndən danışarkən söhbətin konkret olaraq hansı ölkədən getdiyini dəqiqləşdirməyib, amma bunun o qədər də önəmi yoxdur.
Zatən, Cənubi Qafqaz deyilən geosiyasi məkanda cəmi 3 kiçik dövlət var: Gürcüstan, Ermənistan və Azərbaycan. Gürcüstanla məsələ hələ 2008-ci ildən aydındır. Rusiya bu ölkəyə dair nə dərəcədə təhlükəli planlara malik olduğunu o zaman göstərdi və nəticələr ortada qalmaqdadır.
Ermənistan isə Rusiyanın Cənubi Qafqazda yeganə forpostu, son bastionudur, onun bu kiçik və zəif dövlətə münasibəti təxminən öz Həştərxan vilayətinə yanaşması kimidir. Rusiya Ermənistanı daima öz maşası kimi istifadə etsə də, onu həmişə təhlükəli girdabın sınırında saxlasa da, başına pis bir şey gəlməsini istəməz.
Demək, Rusiyanın Cənubi Qafqaza təhlükə törətməsi, burada aranı qarışdırması məsələsində yeganə açıq mövqedə olan ölkə Azərbaycandır.
Təhlükənin necə və haradan gözlənildiyi də sirr deyil. Ortada 25 ilin qanayan yarası Qarabağ varsa, ölkəmizin şimalına, cənubuna böylanıb təhlükə qaynağı axtarmaq sonrakı işdir (Hərçənd “Rusiya ağılla dərk edilməz” kimi klassik bir ifadənin geniş yayıldığı ölkədən hər şey gözləmək olar).
Moskvanın keçmiş SSRİ məkanı ölkələrinə münasibətdə nə qədər patavalı, kobud siyasət yeritdiyi Ukrayna hadisələrində bariz şəkildə ortaya çıxıb. Bütün Avropa, eləcə də dünya bu açıq təcavüzkarlığa heyrətlə tamaşa edir və “rus maşını”nı təkərinə necə çomaq soxmağı fikirləşir.
Rasmussenin bu məsələyə dair verdiyi bəyanat həm də onu göstərir ki, NATO-da Rusiyanın təkcə Ukraynayla kifayətlənmək istəmədiyini və sonrakı planlarını bilirlər.
Əslində burada heç bir sirr, məxfi plan yoxdur, hər şey ortadadır. Krımın ilhaqından sonra Ukraynanın şərq vilayətlərində sabitliyin pozulacağı, separatizm ocağı qalanacağı öncədən bəlli idi.
Hələ 9 il öncə Viktor Yuşşenko əvvəlcə prezident Kuçmanı, sonra baş nazir Yanukoviçi hakimiyyətdən uzaqlaşdırıb prezident olanda Rusiya mediası Ukraynanın Qərbi Ukraynaya və Şərqi Ukraynaya bölünəcəyini yazırdı. Sonradan nəyə görəsə bu məkrli plan icraya yönəldilmədi. Rusiya Yanukoviçin bir müddət sonra onsuz da Yuşşenkonun yerini tutacağını düzgün hesablamışdı. Bu dəfə isə güman ki, Kreml Yanukoviçin devrilməsi ilə hər şeyi itirmək üzrə olduğunun fərqinə vardı və köhnə planını gerçəkləşdirməyə başladı.
Kremldə belə “köhnə planlar” çoxdur. Onun Azərbaycana aid olan planı da məlumdur.
Gəlişmələrdən və sair əlamətlərdən də görünür ki, Rusiya “köhnə plan” içi sökməklə, bir timsah astagəlliyi ilə ölkəmizə yaxınlaşmaqdadır.
Yırtıcını qıcıqlandırmamaq üçün onun yaxınlaşmasını görməzliyə vurmaq, özünü xəbərin yoxmuş kimi aparmaq olar, amma preventiv tədbirlər görmədən ondan xilas olmaq mümkün deyil.
Keçmiş SSRİ respublikalarındakı rusların və ruspərəstlərin fəallaş(dırıl)ması da ciddi təhlükələrdən xəbər verir.
İndi kim istəyirsə, olub-bitənləri, gedən prosesləri qulaqardına, görməzliyə vursun, ya da rişxənd etmək üçün Vəfa Quluzadənin növbəti müsahibəsini gözləsin ki, görək, qoca politoloq yeni nə deyir.
Qoca politoloq isə hələ 15 il öncə çox şeyi, o cümlədən bu gün baş verənləri birər-birər deyib.