Kim deyirsə dövlətimiz xalqın çağırışlarına biganədir, hökumət camaatın səsini eşitmir, bilin ki, o adam ağ yalan danışır. Çox qəşəng də eşidirlər, hətta imkan olduqca xalqın tələblərinə əməl edirlər.
Məsələn, nəqliyyat naziri Ziya Məmmədovun, onun oğlu və başqa qohum-əqrəbasının nəqliyyat sektorunu inhisara alması, Bakıda sərnişin daşınmasını ələ keçirtməsi və sairə haqda minlərlə söhbətlər dolaşırdı. Lakin keçən həftə Ziya müəllimin qardaşı, deputatxana üzvlərimizdən Elton müəllim bəyan elədi ki, onların bu sərnişin daşımaq işlərinə qəti dəxli yoxdur. Az qalmışdı hətta beynəlxalq avtovağzalı da mənim adıma keçirtsin.
Bəs bunun axırı nə oldu? Elton müəllimin çıxışının tozu yatmamış hökumətdən qərar gəldi: Bakıda avtobusla adam daşımaq işlərini tənzimləmək Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılsın, bu məqsədlə “BakıBus” adında qurum yaradılsın, dövlət büdcəsindən 30 milyon manat həmin quruma verilsin ki, gedib xaricdən təzə avtobuslar alıb gətirsinlər. El dilində desək, marşrut avtobusunu Ziya müəllimdən alaraq Hacıbala müəllimə veriblər. Beləcə, Elton müəllimin söylədikləri müəyyən qədər həyata keçdi. Ata sözündə deyilən kimi, pişiyin könlü samanlıqda idi, tazı da qovub saldı ora. “Müəyyən qədər” ifadəsini ona görə yazıram ki, bizim Nəqliyyat Nazirliyindən qışda müftə qar almaq çətindir, gəl gör o boyda avtobuslar ola. Ziya müəllim mövqeləri heç vaxt asanlıqla vermir, hələ bilmək olmaz bu avtobus ötüşdürməyin axırı necə olacaqdır. Ziya müəllimi qətiyyətinə görə müdafiə naziri qoymağın vaxtı çatmışdır. Bunu sözgəlişi yazdım, güman eləmirəm məşhur ordu generalımız Lazım müəllim marşrut avtobusu ilə gələcəkdir. Onu ağ atın belində gözləyirik! Urra!
Dövlət-xalq, xalq-dövlət əlaqələrinin bu cür sıx hörülməsinə dünyanın başqa heç yerində rast gəlməzsən. Xalq nə desə, hakimiyyət də onu eləyir. Başqa bir misal Böyük Şor gölünə aiddir.
Yəqin xəbəriniz var, orda böyük, planetar, kosmik, kainata səs salan layihə həyata keçirilir, gölün bir hissəsi qurudulub yerində stadion salınır. İnşallah, həmin stadionda yaxşı oyunlar uduzacağıq, Berti Fokusun da maaşı artacaq!
Xalq çox narahat idi ki, görəsən gölün qalan hissəsinin taleyi necə olacaqdır, bəlkə onu da Aral dənizinin, Urmu gölünün, Tetis okeanının taleyi gözləyəcəkdir (Tetris oyunu ilə qarışdırmayın, ona heç nə olmayıb). Srağagün tərəfimizdən aşkar edildi ki, Böyük Şoru xoşbəxt gələcək gözləyir. Nəinki onu, Bakıdakı başqa gölləri də. Ümumiyyətlə, hakimiyyətin qərarı varmış, yaxın illərdə Bakını göllər diyarına çevirəcəklər. Bu haqda iki-üç gün qabaq Nazirlər Kabinetinin iclasında çıxış edən dövlət başçısı Əliyev məlumat vermişdir.
Həmin plana əsasən Böyük Şor gölünün qırağında yeni bulvar salınacaqdır, nəticədə Bakı bulvarlarının sayı 2 olacaqdır. Daha Suraxanı, Sabunçu, Maştağa, Zabrat sakinləri öpüşmək, intihar eləmək, şəkil çəkdirmək, baobab ağacına minmək və başqa asudə məqsədlər üçün uzun yol qət etməyəcəkdir. O ərazilərin xalqı həmişə narazılıq edirdilər ki, bulvar uzaqdır, gedib-gələ bilmirik, yaşlı insanlar, uşaq-böyük var, hamı bulvar istəyir və sairə…
Nə gözəl plandır… Bulvarlar çoxalandan sonra Bakı bir növ Paris olacaqdır, çünki orda da hər iki küçədən birinin adı bulvardır. Halbuki, bizim bulvara heç çatmazlar. Mən xahiş edərdim belə bulvarlardan biri də 3-cü mikrorayon dairəsində açılsın.
O cümlədən, Bakı “göllər diyarı” olmaqla Finlandiya ilə ciddi rəqabətə girəcəkdir. 9 göl açılıb xalqın istifadəsinə veriləcəkdir, zarafat deyil! Bu haqda prezident məlumat vermişdir.
Sonda istərdim “Azərsu” başqanı Qorxmaz Hüseynov işdən çıxarılsın. Mən bu adamın həyat və yaradıcılığından şəxsən çox narazıyam.