Aprelin 14-də Day.Az saytı Lənkəran səmasında görünən iki ədəd uçan naməlum obyektin (UNO) videosunu yaymışdı. Həmin videonu saytın redaksiyasına oxuculardan biri göndərmişdi.
Milli.Az xəbər verir ki, saytın əməkdaşı həmin video ilə bağlı tədqiqatçı-ezoterik Vaqif Ələkbərovun fiirlərini öyrənib.
“Aprelin 7-də Xəzər dənizinin cənub-şərqində, Lənkəran üzərində 5 dəqiqəlik fasilə ilə eyni traektoriyada iki ədəd kürəşəkilli işıq saçan obyekt görünüb. Mənim fikrimcə, müəmmalı obyektin yeri və vaxtı həlledici rol oynayır. 7 aprelin üzərinə ufoloji hadisələrin analizi zamanı ənənəvi olan 19 rəqəmini gəlsək 26 aprel nəticəsinə gələrik. Bu isə Çernobl hadisəsinin ildönümüdür”, – ezoterik bildirib.
Onun sözlərinə görə, Lənkəranın yerləşdiyi 38° və 48° göstəricilərinin cəmi 86 edir. Ukraynadakı nüvə fəlakəti isə 1986-cı ildə baş verib. Videogörüntülərdəki obyekt kürəşəkillidir. O tez-tez rəngini ağ və qırmızıya dəyişir. Çernobılla əlaqəsi isə ondadır ki, fəlakət günü hadisə yerinə gələn dozimetristlər AES-in 4-cü blokunun üzərində qırmızı rəngli, kürəşəkilli UNO görüblər. Onların sözlərinə görə, həmin obyekt partlayan reaktora parlaq işıq vururdu. Bundan sonra isə, dozimetristlərin hesablamalarına görə, radiasiya kəskin şəkildə azalıb.
Ələkbərov qeyd edib ki, hazırda Ukrayna böhranı dünya mətbuatının gündəmindədir. Ola bilər ki, Lənkəranda görünən UNO həmin hadisələrin inkişaf perspektivlərindən xəbər verir.
“Dünyanı yeni texnogen nüvə fəlakətləri gözləyir”, – azərbaycanlı ekspert nəticə çıxarıb.