Ukrayna böhranından Azərbaycan da özü üçün dərslər götürməlidir. Dərsin biri odur ki, dövlət və millət olaraq biz ordumuzun döyüş qabiliyyətinə, hərbçilərimizin mənəvi-psixoloji durumuna, insan amilinə qat-qat böyük diqqət ayırmalıyıq. Silahlı qüvvələrimizdə təcili rusdan qalma ənənələri, ələlxüsus “dedovşina”nı, digər kobud hərbi intizam pozuntusu hallarını, həmçinin rusiyayanlı general və zabitlərin orduya təsir imkanlarını minimuma endirməliyik.
Bunu təkcə Qarabağ məsələsi yox, artan şimal təhlükəsi diktə edir artıq. Ukrayna niyə rus işğalına operativ və layiqli cavab verə bilmədi? Ona görə ki, dünənə qədər onun müdafiə nazirləri Rusiyaya, “QRU”ya (Rusiya Baş Kəşfiyyat İdarəsi) bağlı şəxslər olub və onlar ordunun formalaşdırmasını məqsədli şəkildə yubadıblar. Bu da nəticə: bir neçə ay öncə demokratiya uğrunda 100-dən çox şəhid verən məğrur bir xalq indi ölkəsinin ərazi bütövlüyünü qorumaq məsələsində aciz qalıb…
Deyir, “Ağıllı istənilən çətin vəziyyətdən məharətlə çıxır, müdrik isə belə vəziyyətlərə, ümumiyyətlə, düşmür”. Ukrayna nümunəsindən vaxt itirmədən, müdrikcəsinə dərs götürüb ordumuzda sahman yaratmaq, onun simasını dəyişib Türkiyə ordusuna oxşatmaq zamanıdır. “Bir millət, iki dövlət”iksə, silahlı qüvvələrimiz niyə daban-dabana zidd əsaslarda qurulmalı, idarə olunmalıdır?
Arada iddialar səslənir ki, onsuz da biz güclü Rusiya ordusunun qarşısına çıxa bilmərik. Bişəkk. Rusun nüvə silahına görə hətta güclü Qərb də bəşəriyyət naminə onunla böyük savaşdan çəkinir. Ancaq kim deyir ki, ruslarla açıq müharibəyə girməliyik? Buna Moskvanın özü də getməz, getmək istəməz. Ən azı ona görə ki, Azərbaycanda, Dağlıq Qarabağda nə düz-əməlli rus toplumu var, nə də ərazimizdə Rusiya hərbi bazası və ya sülhməramlısı.
Bundan əlavə, Ukraynadan fərqli olaraq Türkiyə kimi müttəfiqimiz dayanıb yanımızda. Bayırda 1920-ci ilin yox, 2014-cü ilin aprelidir hər halda. Azərbaycan bambaşqa, Türkiyə bambaşqadır artıq. Azərbaycanın peşəkar, modern ordu faktorunu da üstünə gəlsək, Moskva üçün güclü çəkindirici amil ortaya çıxmış olar, Kreml burnunu ərazimizə soxmağa cürətlənməz. Zira, bədəlinin çox ağır olacağını hesablayar qabaqcadan.
Qərbin Azərbaycandakı maraqlarına görə bizi tək buraxmayacağı da var. Amma və lakin hər şey özümüzdən başlayır, özümüzdən asılı olacaq. Əgər ukraynalılar kimi əlimiz yanımızda ərazilərimizin işğalını seyr edəcəyiksə, o zaman heç Türkiyə də bir şey edə bilməyəcək, dadımıza çatmayacaq. Ağlamayana quru süd düşmür. Deməli, ordumuzdan, hərbçimizə münasibətdən başlamalıyıq.
Silahlı qüvvələrə xalqın münasibəti bəlli, normal. Ona görə ki, əsgəri heyətin 100-də 95 faizi xalqın övladlarıdır. Orduya yanaşma öncəliklə ali hakimiyyət səviyyəsində dəyişməlidir. Əfsus ki, bu yoxdur, gözlənilmir. Səfər Əbiyevin Zakir Həsənovla əvəzlənməsindən sonra qeyri-döyüş şəraitində əsgər ölümlərinin sayının artması, ordudakı ənənəvi rüsvayçı halların və kobud nizamnamə pozuntularının azalmaması qənaətimizə şübhə yeri saxlamır.
Amma bəzi sadəlövhlər nazir dəyişikliyi ilə yaxşıya nəyinsə dəyişəcəyinə ümidlənmişdilər. Fəqət, nə ordu və təhsil sahəsində, nə də rəhbəri vəzifədən götürülən başqa strateji sferalarda pozitiv heç nə qeydə alınmadı. Alına da bilməzdi. Çünki konkret olaraq orduda nəyinsə müsbətə dəyişməsi üçün hakimiyyətin dəyişməsinə ehtiyac var. Məhz hakimiyyət əvəzlənməsindən, ölkənin idarəçilik sükanı arxasına ədalətli, şəffaf, demokratik qüvvələrin keçməsindən sonra hərbi sistemdə də dərinə işləmiş problemlərin, vüsət almış korrupsiyanın kökünü qazıyıb yandırmaq, silahlı qüvvələrimizin sifətini dəyişdirib modern Türkiyə ordusuna oxşatmaq mümkün olacaq.
Peşəkar orduya doğru ayrı yol mövcud deyil. Hazırkı hakimiyyət bundan yaxşı ordu qura bilməyəcək, qura bilməz. Zaman, şərtlər, dünyada və Ukraynada gedən proseslər isə bizdən fərqli hərbi qüvvə tələb edir. Keşkə, yubanmayaq.