Qorxasan, o gün qırxı birdən cələklənmiş vəhabilərdən, nurçulardan sonra dayanacaq işçilərini də tutalar. Çünki prezidentin çıxışında onların da adı keçib. Düzdür, Bakıdakı dayanacaq işçilərini (öz dilimizdə desək, “stoyanşik”lər) nə Ərdoğan, nə də Putin sifariş etməyib, amma güman ki, kimsə onlar barədə dil tərpədib.
Bunsuz olmaz. Kimsə mütləq şeytanlıq eləyib, deyib, cənab prezident, o “stoyanşik”lər var ha, heç kim bilmir ki, onlar harada işləyirlər, yığdıqları pulları hara verirlər, kimə ötürürlər, araşdırmaq lazımdır.
Əslində şəxsən mən o “stoyanşik”lərdən bir-ikisini tanıyıram. Sizə elə gəlməsin ki, onlar sürücülərdən 20 qəpik, 50 qəpik, bəzən 1 manat alan fağır adamlardır. Xeyr. Çoxu milyonçudur. Parkinq işində ciddi, böyük pullar var. Ən gəlirli iş sahəsi narkotik maddə qaçaqçılığıdır, silah alveridir, bir də parkinq biznesidir.
And içirlər ki, İngiltərə çempionatında çıxış edən “Lids” komandasının sahiblərindən biri, əsas sponsoru Bakıda parkinq işinə baxanlardan biridir. Hətta o, arada Londona uçur, orada futbolçulara bahalı saatlar da bağışlayır.
Yaxud bu yaxınlarda başqa bir parkinqdə işləyən şəxs Almaniyada fəaliyyət göstərən məşhur “Opel” şirkətinin səhmlərini alıb, amma adının çəkilməsini istəmir.
Deyilənə görə, onlar ildə bir dəfə Karlovı Varıda, Antalyada, Malyorkada dincəlirlər, bəzilərinin hətta Makedoniyada, Monteneqroda villaları var. Arada biri Türkiyədəki əsas enerji şirkəti “Petkim”i almaq istəyib, qiymətdə razılaşa bilməyiblər.
Bizdə elə bilirik, onlar sadə zəhmətkeşlərdir. Xeyr. Jurnalist araşdırması aparsaq, ortaya çox ciddi faktlar çıxar.
Məsələn, aydın olar ki, ölkədəki şadlıq evlərinin, bahalı restoranların əksəriyyəti dayanacaqda işləyənlərindir. Sadəcə, onlar əllərində çubuq müəssisənin qarşısında var-gəl edir, avtomobillərə parkinq yeri göstərir, eyni zamanda öz obyektlərinə nəzarət edirlər.
Heç indiyədək görmüsünüzmü, o boyda Korrupsiyaya qarşı Mübarizə İdarəsi bir parkinq işçisini yaxalaya, ifşa edə, yaxud olurmu ki, Vergilər Nazirliyi dayanacaqda işləyən kimisə vergidən yayınmaqda suçlaya. Olmayıb. Olmaz da.
Çünki onların güclü himayəsi var. Türkiyədəki “paralel hökumət” söhbəti boş şeydir, əsas bizdəki “parkinq mafiyası” paralel hökumətdir.
Ancaq belə getməz, hər şeyin bir sonu olmalıdır. Böyük ehtimalla dövlət başçısının çıxışından sonra əllərində çubuq dayanacaqlarda çalışaraq xalqın sərvətini talayan şəxslərə qarşı savaş açılacaq, onlar ifşa olunacaq.
Çünki onlar artıq harınlayıb, qudurublar. Birinin oğlu 100 min manatdan mərc gələrək “Galendevagen”lə ötüşür, o birinin oğlu bir milyon dollara ağ ayının qara tikələrindən qovurma bişirtdirib yeyir, başqa birinin züryəti gedib İslandiyada camaatın anasına-bacısına sataşır, başqası qardaş Kuba xalqının ünvanına “burda kişi yoxdur, Kubanı elə kubalılar satıb” deyir, nəticədə beynəlxalq gərginliklər yaradır və sair və ilaxır.
Nurçulara nə var ki, yaşadıqları mənzilə basqın edirsən, hamısını tutursan, kitablarını əllərindən alırsan, “əstəfürullah” (arada da “nöuzənbillah”) deyə-deyə məlul-müşkül otururlar. Amma “parkinq mafiyası” ilə daha qətiyyətli mübarizə lazımdır. Məhz onlar regionun lideri olan dövlətimizin iqtisadi inkişaf templərini yavaşıtmaq istəyirlər. Siz maşınlarınızı park edəndə fikir verin, onlar eyzən “yavaş-yavaş, geriyə ver, aha, stop” deyirlər. Bu, təsadüfi deyil.
Gerçəkdən də “inkişaf etmiş ölkələrdə heç bir şəhərdə küçələrdə əlində çubuq parkinqlə məşğul olan tənzimləyiciləri görmək mümkün deyildir”. Bunun dünyada analoqu yoxdur. Bu, doğrudan da bizə yaraşmır, yaraşmaz.
Bu, ölkənin ciddi problemləri çoxdur. Mən deyərdim ki, manısların toy tutmaq və imkanlı şəxslərin dələduz tele-falçılara aldanmasından sonra ən böyük problem məhz parkinq tənzimləyicilərinin yol verdiyi korrupsiyadır. Qarabağ problemi bunun yanında heç nədir.
Qarabağ demişkən, gün o gün olsun, torpaqlarımız özümüzə qayıtsın və biz avtomobillərimizi Cıdır düzündə, İsa bulağının üstündə, Məngələnatanın yamacında, Abdal-Gülablının ortasında park edək.