Ötən gün Cənubi Koreya sahilində içərisindəki 477 sərnişini ilə suya qərq olan “Sewol” adlı bərə ilə bağlı ortaya çıxan detallar sərnişinlərin ailələrini hiddətləndirib.
ANS PRESS-in məlumatına görə, itkin olan 287 sərnişinin ailəsi ölkənin baş nazirinin onları ziyarətinə sərt reaksiya veriblər.
Chunq Honq qəzəbli kütlənin hücumuna məruz qalıb. Zərərçəkən yaxınları rəsmiləri qəzaya kifayət qədər xilasedici ilə və vaxtında müdaxilə edilməməkdə ittiham edirlər.
Ailələri ziyarət edən baş nazirə su şüşəsi atılıb. Mühafizəçilər nazirin ətrafında ətdən divar hörsələrdə o hiddətlənmiş itkin şəxslərin yaxınlarının hədəfindən yayına bilməyib. Zərərçəkənlərdən birinin yaxını C.Honqa sillə belə vurub.
Qeyd edək ki, bərə ötən gün səhər saatlarında batmağa başlayıb. İlk olaraq 477 sərnişin olan gəmidə 107 nəfərin itkin düşdüyü deyilib. Lakin sonradan itkinlərin sayının deyilənlərdən daha çox olduğu bəlli olub. Gəmi sərnişinlərinin əksəriyyəti yaxınlıqdakı adaya təlimə gedən şagird və müəllimlər olub.
Xilas olan sərnişinlər qəzadan öncə toqquşma səsi eşitdiklərini deyiblər. Bu səsdən sonra gəmi bir yanı üstə batmağa başlayıb.