2001-ci ilin bu vaxtları idi, “Yeni Müsavat”ın Azərbaycan-37-də yerləşən redaksiyasından çıxıb Rəşid Behbudov küçəsinə doğru 15-20 addım atmışdım ki, “Şəhriyar” klubunun qarşısında önümə altı-yeddi orta yaşlı kişi və qadınlar çıxdı. Onların içində azərbaycanlılar da vardı, slavyan görünüşlülər də.
Sifətindən belorusa, yaxud polyaka oxşayan bir qadın mənə müraciətlə rus dilində “sizi bir dəqiqə olarmı” dedi, “olar” dedim. Qadın rus dilində belə bir ifadə işlətdi: “Boq vıbral tebya”. “Niyə” soruşdum. Qadın izah etdi ki, o və dostları bir dini sektanın nümayəndələridir, insanları haqq yoluna dəvət edirlər, həftədə bir dəfə yığışıb ibadət edirlər, bayaqdan burda gözləyirmişlər ki, bir ciddi, pozitiv adam gəlsin, ona da dəvətnamə versinlər.
Heç demə, onlar bayaqdan küçədən keçənlərin üzünə baxırmışlar və məni görəndə hesab ediblər ki, məhz mən onlara sərt reaksiya verməyə bilərəm. Beləliklə, Boq ciddi və pozitiv adam olaraq məni seçib, onların qarşısına çıxarıb.
Bütün dinlərə və sektalara tolerant münasibət bəslədiyimi bildirəndən sonra sektantlara dini baxışlarım haqda bircə kəlmə söz dedim. Cəmi bir kəlmə. Bu, onlara kifayət etdi. Slavyan görünüşlü qadın dərhal “ponyatno” dedi və mənə Boqdan cansağlığı arzulayaraq üzünü döndərdi.
O hadisədən bir müddət sonra paytaxtdan və ölkənin digər regionlarından, xüsusilə də Gəncədən insanların “Yəhova şahidləri”, eləcə də digər dini sektalara cəlb edilməsi barədə xəbərlər gəlməyə başladı. Boq rayonlarda da insanları “seçirdi”. Sektalar artıq babat qüvvəyə çevrilmişdilər, göz önündə, açıq şəkildə missioner təbliğatı aparırdılar. Nəhayət, hakimiyyət müsəlman ölkəsində boy göstərən və “camaatı dinindən döndərən” xristian missionerlərinin fəaliyyətini məhdudlaşdırdı.
“Camaatı dinindən döndərən” istilahı ölkənin şiə çoxluğunun din adamlarına məxsus idi və xristian missionerlərinin fəaliyyətinin cilovlanması onların təzyiqi ilə baş tutdu.
Sonrakı illərdə də dini müstəvidə ölkədə sabitlik olmadı. Azərbaycan əcnəbi missionerlər üçün əlverişli poliqon idi. Öz müqəddəs kitabını, yaxud bu mövzuda yazılmış digər kitabları götürərək ölkəyə gələnlər çox idi. O dönəmdə daha bir ifadə yarandı: “Qadağan olunmuş dini ədəbiyyat”.
O gün-bu gün, vaxtaşırı hansısa dini sektalar “ifşa olunur” və onların mənzil-qərargahlarından “qadağan olunmuş dini ədəbiyyat” çıxır. Əslində isə o kitabların çoxu dünyanın qəbul etdiyi müqəddəs kitabların təfsirindən ibarətdir.
(Hazırda elə çıxır ki, ümumiyyətlə, icazə verilmiş dini ədəbiyyat yoxdur, hamısı “qadağan olunmuşlar” qrafasına aiddir).
Son illərdə əsas hədəfdə olan dini sekta sələfilər idi. Onların sığındıqları ev və tikililərdən çox sayda “qadağan olunmuş ədəbiyyat” və disklərlə yanaşı, silah-sursat, döyüş ləvazimatları da tapılırdı.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ölkəmizə gəlişindən sonra artıq təqibolunma növbəsi “nurçular” kimi tanınan dini cərəyanın üzvlərinə çatıb. Ancaq onların mənzilindən tapılan “əşyayi-dəlil”lərin sadalanması ictimaiyyət arasında gülüş doğurub. Çünki o mənzildən tapılan şeylər az qala hamıda var: telefonun yaddaş kartları, “1 ədəd patron başlığı” (yəni atılmış güllənin qurşunu – bu, artıq bir neçə qram filizdir), “Risaleyi-Nur” kitabı və s.
Bu cür “sübut”larla heç kəsə qarşı cinayət işi açmaq, heç bir təriqətin fəaliyyətini məhdudlaşdırmaq mümkün deyil. Fəqət dəlillərin olmaması da o demək deyil ki, ortada zərərli fəaliyyət yoxdur.
Bir dini təriqət ətrafında birləşərək, hakimiyyət strukturlarına sızmaq, siyasi məqsədlərə çatmaq üçün insanların dini hisslərindən istifadə etmək, qeyri-leqal partiya kimi fəaliyyət göstərərək, hər cür qaranlıq vasitələrə əl atmaq özlüyündə dünyəvi dövlət idarəçiliyi modelinə ziddir və bunun qarşısı alınmalıdır.
Ancaq dini tolerantlıqdan danışa-danışa sırf ibadətlə məşğul olan, siyasətə qarışmayan, dindarlığı mənəviyyat, ruhaniyyat işi sayan sadə möminlərə problem yaratmaq da olmaz. Yəni radikal dini sektalarla mötədil təriqətlərin arasında fərq olduğu kimi onların yaratdıqları camiələrə münasibətdə də fərq olmalıdır.