Ömrünün 87 ilini arxada qoyan Kuba inqilabının lideri, 47 il ölkəsinə rəhbərlik etmiş Fidel Kastro dünya siyasətçiləri arasında bu gün də öz populyarlığı ilə geri qalmır.
Onun həyatı mürəkkəb, təzadlı, qeyri-adi hadisələrlə zəngindir. O məhbus həyatı yaşayıb, inqilaba başçılıq edib, ölkənin birinci kürsüsündə əyləşməyə layiq görülüb, 638-dən artıq sui-qəsdlərdən salamat çıxıb və nəhayət dörd dəfə ailə həyatı qurub.
Modern.az saytı Fidel Kastronin həyat yolundan bəhs edən yazını təqdim edir.
O, imkanlı ailədə böyüyüb. Atası hektarlarla torpaq sahibi olub. O nikahdankənar doğulsa da, sonradan atası valideynliyini rəsmiləşdirib.
Fidel Kastronun hakimiyyətdə olduğu illər heç də birmənalı qiymətləndirilmir. 60-70-ci illər Kubanın iqtisadi dirçəliş illəri kimi xatırlanır. Məhz həmin illər ölkədə pulsuz səhiyyə xidmətinin tətbiqi, savadsızlığın aradan qaldırılması, turizm sektorunun inkişafı kimi irəliləyişlər olub. SSRİ-nin təmənnasız köməyi ölkənin inkişafında mühüm rol oynayıb. Bu inkişafa baxmayaraq ölkədə kifayət qədər ciddi müxalifət fəaliyyət göstərib.
80-ci illərin ortalarında SSRİ-də siyasi böhran hökm sürəndə və artıq Kubaya sovetlər birliyindən kömək dayananda ölkə özünün ən ağır zamanlarını yaşayıb. Təbii ki, belə bir vəziyyətdə Kastroya müxalif olanlar ona qarşı mübarizələrini daha da gücləndiriblər.
47 illik hakimiyyəti dövründə Fidel Kastroya 638 dəfə sui-qəsdə cəhd edilib. Bu dünyada rekord say hesab olunur. Hətta bu haqda “Kastronu öldürməyin 638 üsulu” adlı sənədli film də çəkilib. Ancaq inqilabçı lider öz siyasi fəaliyyətini bu qəsdlərin arasında da davam etdirib.
Sui-qəsdlərin ən maraqlısa isə 1971-ci ildə baş verib. Fidel Kastronun Çiliyə səfəri zamanı iki snayper onun həyatına son qoymalı imiş. İş elə gətirir ki, qəsdin törədiləcəyi vaxtdan bir saat əvvəl onlardan birini maşın vurur, digəri isə kor bağırsağından tutan ağrılara görə təcili cərrahiyyə çarpayısında uzanmalı olur.
Fidel Kastronun siyasi fəaliyyəti uzun illər Amerika prezidentlərini narahat edib. Bu narahatlığı aradan qaldırmaq üçün onlar bir çox üsullara əl atıblar. Bu üsullardan biri də o olub ki, Amerika dövləti kubalılara öz ölkələrinin qapısını açıblar, sərbəst mühacirət imkanları yaradıblar. Kastro bu məsələdə daha hiyləgər hərəkət edib. O Kuba türmələrindəki ən qatı cinayətkarları cəzalarından azad edərək Amerikaya deportasiya edib.
Fidel Kastro inanılmaz yaddaşa və natiqlik qabiliyyətinə malikdir. Ö öz çıxışları ilə minlərlə insanın diqqətini cəlb edə bilib. Onun ən yadda qalan alovlu nitqi 1960-cı ildə olub ki, bu şıxış 4 saat 29 dəqiqə davam edib. Kastronun ən uzun çıxışı isə 1986-cı ildə Kuba Kommunist Partiyasını 3-cü qurultayında dinlənilib. Siyasətçi bu qurultayda heç bir kağızdan istifadə etmədən 7 saat 10 dəqiqə nitq söyləyib.
Fidel Kastronun 14 yaşı olanda Amerika Birləşmiş Ştatlarında seçkilərdə qələbə çalmış Franklin Ruzveltə təbrik məktubu yazıb və həm də xahiş edib ki, prezident ona 10 dallarlıq əskinaz göndərsin. O bunu belə əsaslandırıb ki, bu yaşına qədər 10-luq əskinaz görməyib. Bir müddət sonra Amerika prezidentinin adminstrasiyasından təbrikə görə təşəkkür cavabı gəlib. Ancaq zərfin içində 10 dollar olmayıb. Kastro bu hadisədən təəssüf hissləri keçirib.
Kastronun ən çox sevdiyi məşğuliyyət kitab oxumaq olub. O hətta səfərlərə gedərkən özü ilə kitablar daşımağa tənbəllik etməyib. Tələbəlik illərində isə Fidel Kastro Lenin və Stalinin əsərlərini oxumağa üstünlük verib.
Gənclik illərindən hədsiz dərəcədə çox siqaret şəkən Kastro 1986-cı ildən bu vərdişindən əl çəkib. Elə həmin ildən də ölkədə “Nikotinə qarşı mübarizə” kampaniyasına start verilib.
Fidel Kastro saqqal saxlamaqla ömrünü 240 saatına qənaət edib. Belə ki, onun öz hesablamalarına görə, üzünü qırxmaq üçün bu illər ərzində o 240 saat vaxt sərf etməliymiş.
Fidel Kastro yaşadığı illər ərzində demək olar ki, bütün kommunist həmkarlarını, o cümlədən sovet liderlərinin hamısını o “dünyaya” yola salıb.
Kastro hakimiyyətdəki uzunömürlülüyə görə şahzadə Yelizavetadan və Tailand şahından sonra üçüncü pillədə durur.
Kommunizm ideyasına görə Fidel Kastro 1962-ci ildə Kilsədən qovulub.
Saqqallı kommunistin ürəyində qadınların xüsusi yeri olub. Qeyri-rəsmi münasibətdə olduğu qadınların sayı bilinməsə də dörd dəfə rəsmi nikahda olub. Bu xanımlardan onun beş oğlu, iki qızı var.
Kütləvi informasiya vasitələrində Fidel Kastronun vəfatı ilə bağlı bir dəfə yox, bir neçə dəfə informasiyalar gedib. Mətbuat onu 1986, 1994, 2007, 2009-cu illərdə “dəfn” edib. Bütün bu “dəfn”lərdən sonra isə 2012-ci ildə yazılanlara görə beyinə qansızmadan Kastronun iflic olduğu, danışa bilmədiyi bildirilib. Ancaq bu yazılanlardan sonra Fidel Kastro çox nikbin və gümrah kameralar qarşısına çıxıb, jurnalistlərlə həmsöhbət olub, parlament seçkilərində səs verərək fikirlərini bölüşüb.