NİDA Vətəndaş Hərəkatının 8 üzvünə qurulan məhkəmə işgəncəsi bitmək üzrədir, indi iclaslarda MTN-in saxtakar ekspertləri ifadə verirlər. Onlar Azərbaycanın indisi və gələcəyi olan bu gözəl, parlaq istedadlı gəncləri şərləmək üçün ağızlarına gələn rəyləri yazıblar.
Gənclərin evlərinə yerləşdirdikləri maye dolu butulkaların guya dəhşətli cinayət aləti olmasını əsaslandırmaq üçün nələr uydurmayıblar… Guya bu cür maddələrlə Amerika Xirosimaya hücum edibdir, Stalinqradın müdafiəsində Sovet ordusu məhz həmin şprislərlə alman faşistlərinə iynə vurublar. Guya butulkadakı maye partlayanda bunun dağıdıcı radiusu Arktika buzlaqlarını əridəcəkmiş, Çernobıla yaxın ərazilərdə 70 il xiyar bitməzmiş və sairə.
Prosesi aparan hakim Cavid əkə də sakitcə bu cür yalanları izləyir.
Ancaq tam sakit də ola bilmir deyəsən. Bu həftə məhkəmədə çox ibrətamiz səhnə yaranıbmış. Vəkil Elton Quliyev, o cümlədən NİDA-çı gənclər ardıcıl arqumentlərlə ittihamı darmadağın edirmişlər, hətta ittihamnamənin qəlpələri prokuror Zakirqaralovun (dəxli nədir adı gerçəkdə necədir – Azərbaycanda prokurorların hamısı eyni sifətdədir) qəlbini yaralayırmış. Biri tarixdən, başqası kimyadan, o biri hüquqdan, dördüncüsü fizikadan, beşincisi adamlıq və insanlıqdan misallar çəkirmişlər, hakimi, prokuroru, eksperti mat vəziyyətinə salırmışlar. Bu zaman hakim Cavid əkə dözməyib, tarixi bir cümlə işlədib: “Bura bilik yarışması deyil, öz savadınızı nümayiş etdirməyin”.
Səmimi etirafa görə minnətdarıq, Cavid müəllim! Tarix sizi unutmayacaqdır! Gördünüzmü, hətta sizi “müəllim” adlandırdım, halbuki mən bu müqəddəs, əsrlərin dərinliyindən süzülüb gələn hörmətli müraciət formamızdan ancaq polis rəisləri və icra hakimləri haqda yazanda yararlanırdım.
Doğrudan da məhkəmə bilik, savad yarışması üçün yer deyildir. Orda məntiq, arqumentlər, sübutlar da işə yaramır. Ümumiyyətlə, nəinki məhkəmə salonları, bütün Azərbaycan ərazisi bilik yarışları üçün uyğunsuz məkandır. Bizdə ancaq kütbeyinlik, zırramalıq, qoyunluq yarışları keçirilə bilər! Özünü daha çox səfehliyə vuran, daha çox axmaq kimi aparan qalib gələcəkdir, hamıdan yaxşı yaşayacaqdır, çünki hökumətin siyasəti belənçikdir. Əsas odur vaxtlı-vaxtında “məəəə” eləyə biləsən, başqa nə lazımdır? Bilik sözünün kökü bilmək feilidir, bizdə biləyənlərə ehtiyac yoxdur, mələyənlərə ehtiyac var. Çoxbilmiş sözünün mənfi mənada işləndiyi daha hansı ərazini tanıyırsınız? Kitab oxuyana “az oxu, professor olarsan”, “gözünü kor eləmə” deyənlər neçə nəfərdir? Gəlin sizə bu mövzuda olmuş bir əhvalatı nəql edim. Təzəlikcə öz başıma gəlib, bir az da gülməli əhvalatdır.
Şəhərdəki böyük dükanlardan birinə girmişdim, yanımda uşaq da var idi. Alış-verişdən sonra evə gəlirik, maraq üçün alverin çekinə baxıram, çünki bir dəfə həmin dükanda məni yüngülvari aldatmışdılar, çek vasitəsiylə isbat eləyib pulumu geri almışdım. Çekə ilk baxışdan qəzəblənirəm, çünki orada “Turp – 1 manat” bəndi də yazılıb, mən isə ümumiyyətlə tərəvəz almamışdım. Zəng vururam çekin üzərindəki telefon nömrəsinə, alış-veriş saatına uyğun olaraq onlar da video yazısını izləyirlər, görürlər həqiqətən mən turp almamışam. Bəs bu nədir? Yanlış kimdədir? Təzədən çekdəki sıralama üzrə video izlənir və məlum olur ki, mən həqiqətən turp almışam! Uşaq üçün “Turpun nağılı” kitabını! Sən demə, dükan bu balaca rəngli kitabçanı kassa aparatının yaddaşına “turp” adıyla qeyd edibmiş. Uzun sözün qısası, bu anlaşılmazlığı dükanın işçiləri ilə birgə “dartdıq, dartdıq, çıxartdıq”. Ancaq indiyə qədər bilmirəm bu əhvalata gülüm, yoxsa ağlayım.
Kitaba turp münasibətinə bundan gözəl örnək olarmı?