Qazamatda olan NİDA-çıların gündən-günə ağırlaşan durumu haqda eşitdikcə hər şeyin yaxşı olacağı ilə bağlı ümidlər alt-üst olur. Onların aclıq aksiyasına qoşulan çarəsiz valideynlərinin yerinə hər birimiz ola bilərik. Birinin babası intihar edir, digərinin anası xəstəlik tapır… Hər şey bu qədər dramatik hal almaya da bilərdi axı…
Türkiyədə ötən il “Gəzi parkı” olayları zamanı gündüz insanlar heç nə olmamış kimi həyatlarını yaşayır, axşam aksiyalara çıxırdılar.
Mən o hadisələr zamanı çox maraqlı bir reallıqla qarşılaşdım. Ankarada iş adamlarının yaratdığı bir klubun toplantısına dəvət aldım. Biznesmenlərdən ibarət bu klubun üzvləri zaman-zaman görüşüb ölkədəki olayları müzakirə edirlər, xeyriyyəçilik planı qururlar. Bu toplantıda iştirak etmək, adamların təkcə pul qazanmaq üçün yaşamadıqlarını, insanlara kömək istəyini, vətəndaş mövqeyi sərgilədiyini görmək ayrıca bir zövq idi. Bu dəfə gəzi parkı olayı ilə bağlı toplaşdılar. Təmkinlə hər kəs proseslərə münasibətini bildirirdi. Sonda demək olar hamı bir nəfər kimi eyni fikri təkrar edirdi: “Axşam mən də valideynlik borcumu yerinə yetirərək aksiyada övladımın yanında olacam”.
Valideynlik borcu! Demək, bu, təkcə övladı yedirib, içirib, geydirmək, oxudub evləndirmək deyil. Həm də onun etiraz etmək haqqını tanımaqdı.
On altı, on yeddi yaşlarında qızlardan və oğlanlardan söhbət gedirdi.
Hakimiyyət haqlıydı, deyildi, bu, ayrı mövzudu, söhbət gəncliyin etiraz etmək, qarşı çıxmaq coşğusundan gedirdi. Mövzu nə olur-olsun, gənclik özünü təsdiq etmək istəyir.
Qadının hamiləlik dövründə həkimlər bərk-bərk tapşırırlar ki, ona gərginlik yaşatmayın, uşağa ziyanı var. Gənclik də cəmiyyətin hamiləliyidi – sabaha hamiləliyi.
Ankarada MHP-nin genəl başqan yardımçısı, mərhum Arpaslan Türkeşin böyük oğlu Tuğrul Türkeşlə də görüşdük. Gəzi parkında siyasi iqtidarın sərgilədiyi mövqeylə bağlı danışdı: “…Cavan-cavan uşaqlara, əlində silahı olmayan öz vətəndaşına bu qədər nifrət, öfkə nədi?! …Terrorçulara göstərdiyi tolerantlığı, məsələn, Gəzi parkında çadır qurub dostları ilə toplaşan, qarpız yeyən, 2 dənə kağıza bir şeylər yazıb göstərən uşağa göstərə bilmədi. Bunun izahı yoxdu mənim üçün”.
“Hakimiyyət deyir ki, ölkəni qarışdırmaq istəyən qüvvələrin işidi bu, gəncləri də onlar qızışdırır, sizcə əslində necədi durum” – sualına Tuğrul bəyin cavabı bu oldu: “Hətta belə olsa da bunlar bizim öz uşaqlarımızdı, onlardan hansı qüvvə istifadə edirsə, həmin qüvvə ilə mücadilə aparmaq lazımdı. Hansı ölkə edirsə, həmin ölkə ilə danışmaq lazımdı, hər ölkənin səfirliyi var burda. Aydınlaşdıracaqsan, çağırıb deyəcəksən ki, sizin işiniz olduğu təsbit edildi, əlimizdə dəlillər var. Problemi onlarla həll edəcəksən. Uşaqları niyə cəzalandırırsan?!”
Türkiyədə gördüklərimdən sonra fikirləşdim ki, övladım sabah ölkədə nəyəsə etiraz etmək istəsə qarşısını almayacam. Haqlı oldu, olmadı, onunla çıxacam aksiyaya. Çünki ona “olmaz” desəm, “cəzalanarsan” desəm dövlətindən qorxacaq. Bəlkə elə bu olmazlardı vətəndaşlarla dövlət arasında keçilməz uçurum yaradan?! Bəlkə bu olmazlara görə azərbaycanlı ölkə, vətən, dövlət, iqtidar, hakimiyyət, rejim, quruluş arasında heç bir fərq görmədən hamısından bir anlayış kimi qorxur?
Mən övladımı dövlətlə qorxutsam o, dövlətinə düşməni kimi baxacaq. Dövlətlə bağlı travması yaranacaq. Heç vaxt sevə bilməyəcək ölkəsini, başçısını, bayrağını, valideynini. Və qəlbinin dərinliklərində bizim hamımıza nifrət edəcək. Çünki biz birləşib onun ən doğal haqqını əlindən alırıq. Ancaq onunla aksiyaya getsəm, dost əli uzatsam, qışqırıb-qışqırıb bir gün sakitləşəcək. Dövlətinin ona verdiyi azadlığa sayğı duyacaq, ailəsinin dəstəyinə görə mutlu olacaq.
Dövlətlə ailələr birləşib sağlam bir toplum yetişdirə bilər.