“Yeni Müsavat” qəzetinin direktoru Ələsgər Süleymanovun Ukrayna paytaxtından verdiyi müsahibə
“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov dünən Ukraynanın paytaxtı Kiyevdən qayıdıb. Avromaydan sonrası Ukraynada, paytaxt Kiyevdə nələr yaşandığını, ictimai-siyasi həyatda, eləcə də əhalinin durumunda hansı dəyişikliklər baş verdiyini Ələsgər Süleymanovdan öyrənməyə çalışdıq.
– Kiyevdə həyat necə davam edir? Şərq vilayətlərindəki həyəcan paytaxt həyatında hansı dəyişikliklər yaradıb?
– Bakıda olanda Ukraynada baş verən hadisələrdən daha çox məlumat alırdım, nəinki Kiyevin özündə. Burda sanki baş verənlərdən şəhər əhalisinin xəbəri yoxdur. Maydana getməyincə heç düşünməzsən ki, bir ay bundan qabaq bu şəhərdə inqilab olub, köhnə hakimiyyət qüvvələri ilə müxalifətçilər arasında açıq küçə döyüşləri ölkənin uzun müddət vətəndaş savaşı ilə üz-üzə qalacağı təhlükəsi yaranıb. Bu gün Rusiyanın ölkənin şərq vilayətlərini hər an işğal edə biləcəyi təhlükəsi də paytaxt Kiyevdə o qədər hiss edilmir. Düzdür, bəzi telekanallar olayları davamlı nəzarətdə saxlayır, ancaq şəhər əhalisinin həyatında nigaranlıq, narahatlıq o qədər də ciddi hiss edilmir. Olaylar daha çox Ali Radada cərəyan edir. Mən 6 ay öncə də Kiyevdə idim. O zamandan ən çox nəzərə çarpan dəyişiklik dolların kursunun kəskin qalxmasıdır.
“Ukrayna cəmiyyətini ikiyə – savaş tərəfdarlarına və əleyhdarlarına bölünmüş saymaq olar”
– Maydanda oldunmu? Nələr gördün?
– Avromaydan qurbanlarına böyük ehtiram var. İnsanlar Maydanda onların xatirəsinə şam yandırır, həlak olanların ruhuna dualar oxuyur. Maydanda Avromaydan qurbanlarını anmaq üçün Ukraynanın müxtəlif yerlərindən gələn xeyli vətəndaşlar gördüm. Burada bir məqamın da şahidi oldum. İnqilabdan sonra ukraynalılar daha duyğusal olublar. Bir-birlərinə qarşı daha sayğı ilə yanaşırlar, dəyər verirlər. Maydan inqilabdan sonra təmizlənməyib. Hər yerdə savaş izləri var. Dağıntılar, barrikadalar, çadırlar, ocaq yandırılan çəlləklər qalır. Şəhər hakimiyyəti hansısa səbəbdən ərazini təmizləməyə tələsmir. Kiyevdə təmasda olduğum insanların bu duruma münasibətinin birmənalı olduğunu demək olmaz. Maydanda “inqilab keşikçiləri”nin düşərgələr salması əhalinin yumşaq desək, ürəyincə deyil. Xeyli insan düşünür ki, ölkənin baş meydanı öz genəl missiyasının başa vurduğu üçün təmizlənməli, Kreşşatik prospekti yenidən şəhərin ana prospekti funksiyasını davam etdirməli, ümumiyyətlə, bu olaylar unudulmalıdır. Ancaq Avromaydanın ən azı 25 may prezident seçkiləri başa çatana qədər qalmasını istəyənlər də az deyil. Onların fikrincə, hələlik ölkəyə müvəqqəti hökumət rəhbərlik edir, ona görə də Avromaydan dağılmamalıdır. “İnqilab keşikçiləri”nin bugünkü davranışları isə hər halda məndə simpatiya doğurmadı. Gözlərinə xoş dəyməyənləri saxlayıb sənədlərini yoxlayırlar, bəzən onların bu hərəkətlərindən xoşlanmayanlarla aralarında münaqişələr yaranır. Yersiz güc tətbiq etmə halları barədə də söhbətlərə rast gəlmək olur.
“İnqilab keşikçiləri”nin bugünkü davranışları isə hər halda, məndə simpatiya doğurmadı”
– Vətəndaşlar ölkənin şərqindəki antiterror əməliyyatları haqqında nə düşünür? Yeni hakimiyyətin uğursuzluğunu daha çox obyektiv, yoxsa subyektiv səbəblərə bağlayırlar?
– Şərq vilayətlərində faktiki Ukrayna və Rusiya qoşunları üz-üzədir. Ancaq paytaxtda əhalinin ümumi əhvalı müharibə şəraitinə uyğun deyil. Əhalinin əksəriyyəti sanki bu məsələlərin onlara aid olmadığı qənaətindədir. Krımla bağlı rəylər belə müxtəlifdir. Bəziləri bildirir ki, heç bir müqavimət göstərmədən Krımın ruslara təslim edilməsi bağışlanmaz səhvdir. Bəziləri isə düşünür ki, Krımın işğalının qarşısını güc tətbiqi ilə almaq onsuz da mümkün olmayacaqdı, bu səbəbdən heç bir təxribata getmədən bu məsələni danışıqlar yolu ilə çözmək lazımdır. Ancaq ölkənin şərqində separatçılarla daha qətiyyətli mübarizənin, dövlət əleyhinə çıxanların hamısının məhv edilməsinin lazım olarsa öldürməyin tərəfdarı olanlar çoxdur. Ümumiyyətlə Ukrayna cəmiyyətini ikiyə – savaş tərəfdarlarına və əleyhdarlarına bölünmüş saymaq olar.
“Vətəndaşlar seçkiləri çox həyəcanla gözləyir. Lakin seçkilərdən sonrakı dövrlə bağlı proqnozlar, gözləntilər fərqlidir”
– Prezident seçkilərindən gözləntilər nədir? Favorit namizəd kimdir?
– Pyotr Poroşenkonun tərəfdarları çoxdur. Bu kəsim hesab edir ki, Ukraynada Poroşenkonun timsalında xalq hakimiyyətə gəlməlidir. Bu qüvvələr keçmişdə təmsil olunan siyasətçilərin, xüsusən eks-baş nazir Yuliya Timoşenkonun yenidən hakimiyyətə qayıdışının qəti əleyhdarlarıdır. Onların fikrincə, Rusiyaya qarşı olsa da Timoşenkonun da Ukrayna dövləti və xalqı qarşısında suçu az deyil və onun komandası hakimiyyətə gəlməməlidir. Vətəndaşlar seçkiləri çox həyəcanla gözləyir. Lakin seçkilərdən sonrakı dövrlə bağlı proqnozlar, gözləntilər fərqlidir. Seçkilərdən sonra dolların kursunun kəskin qaxacağı barədə şayiələr gəzir. Bununla belə, Ukraynanın başı üzərindəki qara buludların seçkilərdən sonra dağılacağını güman edənlər çoxdur. Maraqlı bir müşahidəmi də deyim, bu günlər xristian dünyası Pasxa bayramını qeyd edir. Ukraynalılar özləri deyir ki, son on ildə Pasxa bayramına bu qədər laqeyidlik müşahidə edilməyib. İnsanların içərisində bir narahatlıq var.
“Maydan inqilabdan sonra təmizlənməyib. Hər yerdə savaş izləri var”
– Avromaydana ciddi dəstək verən Qərbin bu gün yalnız sərt bəyanatlar fonunda görünməsinə əhalinin münasibəti necədir?
– Vətəndaşların Qərbi ciddi tənqid etməsinin şahidi olmadım. Cəmiyyət sanki 25 may seçkilərindən sonra bu dəstəyin daha da güclənəcəyini gözləyir. İndilik Qərbin Ukraynaya dəstəyini yalnız dolların kursunun kəskin qalxmasının, Ukrayna qrivnasının defolta getməsinin qarşısının alınmasında müşahidə etmək olar. 6 ay əvvəl 1 dollar 8 qrivna idisə, mən Kiyevə gələndə bu 11,2-yə, daha sonrakı 2 gün ərzində 13.5 qrivnaya yüksəldi. Təcili müdaxilənin nəticəsində son 2 gündə 1 dollar yenidən 10,5 qrivnaya düşüb. Bunun təbii baş verdiyini düşünmək sadəlövlük olar.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.