“Mən Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli üçün dua edirəm”. Bunu Roma Papası Frensisk deməyib, hərçənd deyə bilərdi və hamı məmnun qalar, alqışlayardı. Onun sələfi Voytıla 12 il əvvəl Bakıya gələndə elə bir şey demişdi və bu söz xoşumuza gəlmişdi.
Həmin kəlməni heç bütün Qafqazın, eləcə də bizim şeyximiz Paşazadə, nə də ermənilərin katolikosu Qaregin də deməyib. Əslində bu, onların birbaşa vəzifəsinə daxildir. Qarabağ üçün də dua etməyib, nə üçün və nə vaxt edəcəklər? Din xadimi gərək sülh üçün dua eləsin, iki əli eyzən göydə olsun.
Dünən yayılan xəbərə görə, “Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli üçün dua”nı ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik edir. Hər halda, özü bu barədə twitter səhifəsində “quş” buraxıb.
Əzəl başdan sizə deyim ki, bu güləş (gülümsər) sifətli kişi həmsədr olub başını həmsədrlərə qoşalı, ölkəmizə gəlib-getməyə başlayalı bir ucdan hey sosial şəbəkələrdə status yazır, dostlarıyla paylaşır. Beynəlxalq münasibətlərdən yazan jurnalistlərin bir işi də hər gün səhər-səhər cənab Uorlikin sosial şəbəkə hesabını yoxlamaqdır ki, görsün mister yeni nəsə yazıbmı.
Allah tərəfi, o, heç vaxt öz izləyicilərini umsuq etmir, mütləq nəsə yazır. Həm də hər şeydən yazır. Məsələn, cənab həmsədr bir dəfə Bakıda Şəki pitisinə qonaq edildiyini, pitidən çox xoşu gəldiyini yazmışdı. Ardınca da qeyd etmişdi ki, Bakıdan gedəndə özüylə xalı alıb aparıb.
Elə çıxmasın ki, Uorlikin statusları yalnız kulinariya və məişət xarakterlidir. İngilislər demişkən, no. O, vaxtaşırı birbaşa səlahiyyətinə daxil olan məsələdən də bəhs edir, məsələn, həmsədrlərin nə vaxt regiona gələcəklərini, gələndə özləri ilə hansı təklif gətirəcəklərini anons edir, “münaqişənin dinc yolla tənzimlənməsi variantının alternativinin olmadığı”, “müharibənin yenidən alovlanmasının yolverilməzliyi” barədə qeydlər edir.
Deyilə bilər, nə fərqi var, bundan əvvəlki amerikalı həmsədrlər də elə fikirlər bildirirdilər. Fərq yoxdur. İlk həmsədr Qarabağ münaqişəsinin həllinə dair hansı bəyanatı veribsə, cənab Uorlik də elə deyir. Yeganə fərq ondadır ki, əvvəlki həmsədrlər öz bəyanatlarını ictimaiyyətə jurnalistlər vasitəsilə çatdırırdılar və xiyar əyri bitəndə deyirdilər, biz elə deməmişik, tərcüməçi yanlış çevirib, jurnalistlər fikri təhrif edib və s. Uorlik isə öz sözünü birbaşa “Tvitter”də yazır və kişi kimi də sözünün arxasında durur.
Məsələn, o, Şəki pitisinin ləzzətli olduğu barədə fikrindən Yerevanda işxan (forel) kababı yeyəndə və o təamdan xoşlananda da vaz keçməyib, deyib, piti də əladır, işxan da.
İndi bildiyiniz kimi, o, əllərini göyə qaldırıb dua edir. Hər halda, bu da balaca iş deyil. Biz münaqişəni ədalətlə həll edəcəyini gözlədiyimiz dövlətin diplomatının kömək üçün Allaha və digər fövqəlbəşər qüvvələrə müraciət etməsindən öz hesabımızı götürə bilərik. Düzdür, indiyədək fövqəldövlət hesab etdiyimiz ABŞ-ın mühüm diplomatının əllərini guya tuşlanmış görmək bizə ləzzət eləməyəcək, amma yalandan ümid olmaqdansa, bu cür yaxşıdır.
Yaxşı yadımdadır, o vədə ATƏT Qarabağ münaqişəsi üzrə Minsk qrupu təşkil edəndə və ora amerikalı, fransalı, bir də rusiyalı həmsədrlər təyin olunanda biz rusu və fransızı kənara atıb demişdik ki, bu münaqişəni həll eləsə-eləsə, amerikalı həmsədr həll edəcək. Hanı bəs?
Bu 22 ildə o həmsədrlər Yerevanda, Xankəndi-Stepanakertdə, Bakıda neçə neçə yüz dekalitr konyak, tut arağı içiblər, neçə yüz kilo forel, nərə kababı, kürü, hətta kotlet yeyiblər, kokteyl nuş ediblər, Qafqaz yollarında neçə min ton təyyarə benzini yandırıblar, prezidentlərlə neçə yüz dəfə təkbətək görüşlər keçiriblər, amma münaqişənin tənzimlənməsi istiqamətində bir santimetr irəliləyiş yoxdur. Ohanyan 1994-cü ildə harada səngər qazıb, blindaj, istehkam düzəldib, içinə giribsə, elə ordadır.
Uorlik də deyir, görəsən, ABŞ münaqişənin həllinə necə kömək edə bilər, yol tapmalıyıq.
İki yol var: 1. 1990-cı ilin sonunda Küveyti işğal edən İraq ordusu 91-in əvvəlində necə geri çəkilməyə məcbur edildisə, elə etmək; 2. Dua etmək.
Amma dua gərək yaxşı olsun, bad olmasın.
P.S. Bad ingiliscə pis deməkdir, bilirsiniz.