“Xalq diplomatiyası”nın zibili çıxdı. Jurnalist Rauf Mirqədirovun Ermənistanın xeyrinə casusluqda ittiham edilməsi bu layihəyə sarsıdıcı zərbədir.
Bu layihə Azərbaycana və Ermənistana Qərb tərəfindən sırınmışdı. Təşəbbüs nə Ermənistandan gəlmişdi, nə Azərbaycandan. Bunu ABŞ və Avropa istəyirdi.
Layihəyə gen-bol maliyyə vəsaiti ayrılırdı, hər iki tərəfdən müxtəlif peşə adamlarının, əsasən də jurnalistlərin, politoloqların qarşılıqlı səfərləri, görüşləri təşkil edilirdi. Onları müxtəlif polemikalara cəlb edirdilər.
İlk baxışdan layihə xoşməramlı təsir bağışlayırdı: iştirakçıların tam əksəriyyəti əsasən pasifist düşüncəli, sülh çağırışları edən şəxslər idi. Onlar Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair müzakirələr aparır, ermənilər və azərbaycanlılar arasında barışığın əldə olunmasına çalışırdılar.
Elə görünürdü ki, bu durum Azərbaycan tərəfinə də sərf edir, Ermənistan tərəfinə də. “Ən pis sülh müharibədən yaxşıdır” kəlamı getdikcə daha da populyarlaşırdı.
Ancaq bir az dərinə varanda aşkar olurdu ki, iki ölkənin vətəndaşlarının arasında get-gəlin, yaxınlaşmanın intensivləşməsi, “xalq diplomatiyası”nın vüsət alması əslində ermənilərin xeyrinədir. Çünki bu, yaranmış status-kvonun möhkəmlənməsinə xidmət edirdi.
Qarabağa yiyələndikdən sonra ermənilər üçün sülhün daimiliyindən, barışığın təmin olunmasından mühüm nə ola bilər?
Dolayısıyla hər şey Qarabağın unutdurulmasına, azərbaycanlıların Qarabağsızlıqla barışdırılmasına xidmət edirdi.
Ona görə də “xalq diplomatiyası” çərçivəsində Ermənistana gedib-gələnlərə, ermənilərlə üçüncü bir dövlətin ərazisində görüşənlərə münasibət Azərbaycanda birmənalı deyildi. Onlar tez-tez mətbuatda tənqid olunur, sözlü hücumlara məruz qalırdılar.
Bununla belə, bu ictimai-siyasi fəal şəxslərin də deməyə sözləri vardı, nə də özlərini müdafiə edə bilirdilər, sübut edirdilər ki, əvvəl-axır ermənilərlə sülh şəraitində yaşamalı olacağıq və bu, nə qədər tez olsa, o qədər yaxşıdır.
“Xalq diplomatiyası”nın kimə sərfəli, kimə zərərli olduğu bariz şəkildə ortaya çıxdıqca Azərbaycan iqtidarının da üzü çöndü və bu layihəyə qarşı açıq şəkildə çıxış etməsə də, onu öz inhisarına almağa çalışdı.
Bir müddət Ermənistana gedib-gələnlərin arasında hökumət adamları, deputatlar, müxtəlif ranqlı məmurlar, hakimiyyətə yaxın QHT-lərin təmsilçiləri üstünlük təşkil etməyə başladılar.
Sonradan “xalq diplomatiyası”na maraq, diqqət azaldı. Bunun da səbəbi o idi ki, Azərbaycan və Ermənistan rəhbərliyi arasında hərbi ritorika zaman-zaman çox şiddətlənirdi və “xalq diplomatiyası” çərçivəsində aparılan polemikalar da sərtləşirdi. Hətta bir dəfə bu layihə çərçivəsində Moskvada görüş keçirilərkən Qarabağda atəşkəs rejimi pozulmuş, hər iki tərəf itki vermişdi. Bu vəziyyətdə sülhdən, barışıqdan danışmaq absurd idi.
İndi vəziyyət lap qəlizləşib. Bu layihədə adı keçənlərin az qala hər birini şpionajda ittiham edə bilərlər. Onlar erməni ictimai fəallarla görüşüblər? Görüşüblər. Müxtəlif tədbirlərdə iştirak ediblər? Ediblər. Elektron poçtla sürəkli yazışmalar aparıblar? Aparıblar. Vəssalam.
Onların tərəf-müqabillərinin Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqəsi barədə faktlar açıqlamaq, iddialar irəli sürmək kifayət edir ki, bunlar da şübhə altına düşsünlər.
Jurnalist Rauf Mirqədirovla bağlı hələlik ortada yalnız iddialar, gümanlardır və əsaslı bir dəlil-sübut yoxdur.
Bu işə başqa şəxslər də bənzər gümanlarla cəlb ediləcəksə, bu, artıq ölkəmizdə şpionomaniyanın vüsət alması anlamına gələcək.
Xatırlatmaqda yarar var ki, SSRİ dövründə yaşanan repressiya illərində on minlərlə insan məhz tüğyan edən şpionomaniyanın qurbanı olub. Onları heç bir dəlil-sübut olmadan, hansısa əcnəbi ilə əlaqəsinə, hətta küçədə təsadüfən söhbət etmələlərinə görə tutub, şərləyib, güllələyiblər.
Məsələnin başqa bir tərəfi də dövlət sirri sayılan məlumatların adi bir jurnalistin əlinə necə düşməsidir. Normalda jurnalist o cür sirrləri əldə edə bilməz ki, hələ bir yaysın, yaxud da kiməsə ötürsün.
Hər halda, yaxın günlərdə açıqlanan detallardan Mirqədirova qarşı irəli sürülən ittihamların nə dərəcədə əsaslı olub-olmaması aydınlaşacaq. Ağır ittihamların dəlili də sanballı olmalıdır.
İndilikdə bilinən odur ki, “xalq diplomatiyası” qorxulu peşədir.