Region TV-nin aparıcısı Reyhan İsayeva Milli.Az-a danışıb:
– Mən və Televiziya: Region televiziya kanalına gəlişim təsadüfi oldu desəm, yəqin ki, haqlı olaram. Bir intellektual verilişə aparıcı axtarıldığını eşitdim. Sadəcə, fotolarımı göndərdim. Seçimlərə dəvət aldım və müsbət cavab mənim üçün gözlənilməz oldu. Az müddətdir bu televiziya kanalında çalışıram. Mənim üçün hər şeydən vacib olan məşğul olduğum peşəni sevmək və işimin mükəmməl olması uğrunda çalışmaqdır.
Yeni efirə hazırlıq: May bizim üçün mühüm dönəm olacaq. İlk növbədə işimizə veriləcək qiyməti öyrənmək çox maraqlıdır. İnanıram ki, Region TV tamaşaçıların ümidlərini doğruldacaq.
Biz efirdəyik: “Telekitab” – bu təqdim etdiyimiz verilişin adıdır. Layihənin rəhbəri çox istedadlı gənc yazar xanım Yeganə Cansaildir. Düşünürəm ki, o dinamik və maraqlı bir veriliş yarada bilib. Məqsədimiz internetin və müasir texnologiyaların cəmiyyəti ələ aldığı bir dönəmdə gənclərin kitaba marağını artırmaqdır. Bilirsiz ki, hər gün informasiya axınına məruz qalırıq və bu qarışıqlıqda kitab oxumağa imkan tapmırıq. Amma unutmaq olmaz ki, kitab düşüncə tərzinin, təfəkkürün inkişafında böyük rol oynayır. Bədii əsərlərdən sadəcə bir yazıçının fantaziyasını deyil, həyatı öyrənirik. “Telekitab”ın istedadlı komandası var. Dünya və ölkə ədəbiyyatında baş verən ən son yeniliklərdən hər bazar günü, saat 12:00-da “Telekitab”da xəbər tutacaqsınız. Ümid edirəm ki, “Telekitab” sayəsində sorğularda iştirak edən şəxslər artıq Drayzeri avtomobil hissəsi ilə səhv salmayacaqlar. Murakaminin isə təkbətək şərq döyüşü olmadığını biləcəklər.
http://s020.radikal.ru/i711/1404/e6/3542524dc2c8.jpg
http://i055.radikal.ru/1404/a3/d6814fcf1e89.jpg
http://i069.radikal.ru/1404/55/5f4b0208c892.jpg
http://i069.radikal.ru/1404/ce/8ef585aeddcc.jpg