Mənim həyatda başa düşmədiyim çox şeylər vardır, bilmədiklərimi ayağımın altına yığsam başım kosmosdakı peykimizə dəyər. Bunların içində önəmli yerlərdən birini tutur Azərbaycan Hərbi Dəniz Qüvvələri. Şəxsən mən 20 ildir anlamağa çalışıram ki, bu qüvvələr bizim nəyimizə lazımdır, anlaya bilmirəm.
Bax, tutaq ki, piyada qoşunlar generalın həyətində kartof əkmək, briqada komandirinin donuzlarını otarmaq, leytenanta kontur almaq kimi zəruri işlərə yarayır.
Hava qüvvələrimiz Kamaləddin müəllimin helikopterlə kefi istəyəndə uçmasını əngəlləyir və nəticədə səmamız həmişə mavi rəngdə qalır, Günəşin zərrin şəfəqləri isə pambıq tarlalarında bərq vurur.
Sərhəd qoşunları İrana və İrandan mal və “mal” vurmaq üçündür. Qəliz cümlə oldu, neyləyək, həyat özü qəlizdir.
Daxili qoşunlar camaatımızı döymək üçün bordaqda saxlanılır. (Bordaq – aqrar termindir, xüsusi olaraq hansısa öküzün dirəyə bağlanıb səhərdən axşama bəslənilməsi, yedirdilib içirdilməsi deməkdir).
Qurdalasan, hətta tank qoşunlarımızın da bir mənası tapılar. Ancaq HDQ nə işə yarayır, mən bilmirəm.
Bəlkə də onlar dənizdə durublar ki, ermənilər qərbdən gəlsələr biz dənizə tökülüşüb üzü Türkmənistana tərəf üzməyək. Ya da balıq tuturlar, çünki cənab prezidentin sərəncamı var, hər həftənin cümə günü Azərbaycan Yazıçılar Birliyində “Balıq günü”dür, həmin gün başda Anar müəllim olmaqla hər bir xalq artisti balıq yeməyə məhkumdur.
Az qala yadımdan çıxmışdı, bir də hərdən hansısa təntənəli yas günündə filanda bu gəmilərdən bəziləri gəlib dururlar bulvarda, fıştırıq çalırlar. Nəticədə xalqımızın ulu qüssəsi göyə bülənd olur, el ağsaqqalları isə domino oynadıqları yerdə başlarını qaldırıb bir ağızdan “Ay bülənd!” deyirlər. Mən bulvarda gəzişərkən bunun şahidi olmuşam, inanın.
Yaxşı olardı hərbi dəniz qüvvələrimiz ləğv edilsin. Çünki oradan heç vaxt yaxşı soraqlar gəlmir. Gah admiralı blokda güllələyirlər, gah kapitanı tuturlar. Daima zindanda minimum 2-3 bosman, miçman, şturman, matros-filan olur. Hal-hazırda HDQ-nin 6 zabiti “içəridədir”, gələn soraqlara görə, yenə tuthatut davam edəcəkdir, hətta ola bilsin keçmiş komandanı da zindana salsınlar. Bu bizə lazımdırmı? Niyə düşməni özümüzə güldürürük? Yeri gəlmişkən, heç ermənilərin hərbi dəniz qüvvələri yoxdur, bəyəm pis yaşayırlar? HDQ-ni ləğv edib onun bazasında Hərbi Kosmik Qüvvələr yaratsaq daha yaxşı olardı. Peykimizdən də nəsə bir xeyir görərdik, yoxsa iki ildir avara-avara Yerin başına fırlanır.
Anlamadıqlarım siyahısında bizim cinayət məcəlləsindəki “vətənə xəyanət” maddəsi də var. Hökumət həmişə bu maddədən xoşu gəlməyən adamları tutmaq üçün istifadə edir, hazırda jurnalist Rauf Mirqədirovu qaralayıblar. Guya Mirqədirov hansısa dövlət sirlərimizi ermənilərə veribmiş.
Birincisi, Azərbaycan çoxdandır bizim vətənimiz olmaq funksiyasını itirib. İşləməyə Rusiyaya, müalicəyə İrana, istirahətə Türkiyəyə gedən millətin hansı vətənindən söhbət gedir? Biz olmayan bir şeyə nə cür xəyanət edə bilərik? Azərbaycan yalnız bir qrup oğruya vətəndir, bizim üçün zindandır.
İkincisi, Mirqədirovun hansısa dövlət sirlərinə çıxışı və onları qorumaq öhdəliyi yoxdur, jurnalist isə hətta sirr sayılan məlumatı da yaymaq hüququna malikdir. Sivil dünyada. Məsələn, Amerikada hansısa jurnalist dövlət maraqlarına zidd informasiya yayanda kimsənin ağlına da gəlmir ona cəza versin. Əksinə, ödül verirlər və həmin informasiyanı qorumalı olan, ancaq işinə məsuliyyətsiz yanaşan məmuru isə cəzalandırırlar.
İndi mən fikirləşirəm ki, bəlkə də Mirqədirov məhz Hərbi Dəniz Qüvvələrimizin mənasını tapıbmış, bunu düşmənə veribmiş, qəddar düşmən üzə-üzə gəmilərimizə yaxınlaşıb onların tutduğu balıqlara şprislə zəhər vurubmuş, nəticədə AYB üzvlərindən bir neçə əməkdar müğənni xəsarət alıbmış. Nə biləsən…