1945-ci ildə sovet kinosunun ekranlarına “Tahir və Zöhrə” adlı bir film çıxır. XV əsrdə indiki Özbəkistan ərazisində Teymuri sülaləsi zamanı yaranmış xalq dastanının motivləri əsasında çəkilən bu filmin həmrejissorları Nəbi Qəniyev və Yuldaş Aqzamovdur. Bəlkə də indi hansısa anbarda, yaxud tozlu arxivdə itib-batmış bu kinolentlə Modern.az üçün maraq doğuran yeganə mətləb “Tahir və Zöhrab”da İran şahzadəsi rolunu oynamış Ziba Qəniyevadır.
İkinci Dünya müharibəsi illərində məşhurlaşan ilk azərbaycanlı cəsur snayper, 129 düşmən əsgəri öldürmüş döyüşçünün maraqlı taleyi var.
Ziba Paşa qızı Qəniyeva 1923-cü ildə Şamaxı şəhərində anadan olub. Anası özbək olan Z.Qəniyevanın ailəsi 30-cu illərdə repressiyaya məruz qalıb. Bu səbəbdən 14 yaşında olarkən valideynləri sağ ola-ola ondan imtina edirlər.
1937-ci ildə Daşkəndə yollanan Z.Qəniyeva Özbəkistan Filarmoniyasında rəqs kurslarına qəbul olunur. 1940-cı ildə Moskva Dövlət Teatr Sənəti İnstitutuna daxil olur.
Ziba Qəniyeva 1955-1956-cı illərdə Bakı Ali Partiya Məktəbində dil və ədəbiyyat kafedrasının müdiri, 1956-cı ildən SSRİ EA Şərqşünaslıq İnstitutunda elmi işçi vəzifələrində işləyib. 1965-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsi qazanaraq, Qırmızı Bayraq, Qırmızı Ulduz ordenləri ilə təltif edilib.
Müharibədən sonra ailə qurmuş Z. Qəniyevanın həyat yoldaşı SSRİ-nin Türkiyədəki müvəqqəti işlər vəkili, tanınmış diplomat Tofiq Qədirov olub. Marat adlı övladları ilə birgə onların Moskvada yaşadığı qeyd olunur. M. Qədirov şərqşünas-filoloqdur.