Ustaya deyirəm, dünən görünmədin, xeyir idimi. Deyir, xeyir deyildi, çaqqalın birinə görə az qala zibilə düşmüşdüm. Sualedici nəzərlərlə baxıram, davam edir: “Dünən səhər uşağı dərsə aparanda məhəllənin içində bir ”07″nin yanından keçmişəm, təkərimdən bunun maşınına palçıq sıçrayıb. Sürüb gəlib dalımca. Cavan oğlandır. Deyir, bəs belə, maşınıma palçıq sıçratdın. Deyirəm, ay qaqa, qan olmadı ha, sudur, palçıqdır, nə olacaq ki, indi düşüm maşınını silim? Deyir, yox ey, düz-əməlli sür də. Mənə deyir, 20 ilin şoferinə. Və dönüb maşınının təkərini də eşdirə-eşdirə gedir. Başım çöndü. Düşdüm dalınca, 100-120, çatdım. Verdim qabağına, saxladım. Düşdüm, düşürtdüm, ağız-burnunu doladım silləyə, eşşək balası qədər döydüm. Dayısı gəldi, tanışım çıxdı, uşağı danladı, apardı. Ağız-burnu dağılmışdı. Şikayət eləsə, heç nə”.
Deyirəm, düz eləməmisən, usta. Deyir, bə nə edəydim, məllim. Usta, deyirəm, o oğlan şikayət eləsə, 3-4 yüz manatını alacaqlar. Deyir, yox, 3-4 yüz olmaz, azı iki min manatlıq döymüşəm.
Başımı bulayıram. Usta duruxur və deyir: “Bu ”avtoş” gədələrə dözə bilmirəm, məllim”.
Bu dünənin söhbətidir. Bu gün baxıram ki, yol polisinin generalı da artıq avtoxuliqanların, bahalı maşınlarda sürət yarışına çıxan məmur balalarının yaratdığı problemdən danışıb.
Əslində, qardaşlar, “məmur balaları” və “bahalı maşınlar” terminləri bu problemi tam açmır. Məsələ belədir ki, hər gün nə qədər santexnik (fəhlə, müəllim, qəssab) balası da ucuz maşınlarda xuliqanlıq edirlər. Bir də görürsən, el dilində desək, bir cırıq “07″ yolda ”zmeykaladı” (ilanvari qıvrılmaq), iki təkərə qalxdı, maneələrə, dirəyə, qabaqda gedənə çırpdı, böyrüylə gedəni sürtdü və sair və ilaxır hoqqalar çıxardı. Elə olur, bu cür “avtoş”ların vurduğu maşınların cantaraq sürücüləri düşüb onları xırpalayır, ya hülqumundan, ya peysərindən yapışır, əldən bir-iki dənə tutuzdurub, deyir, kopolunun gədəsi, di gedək 5 min manat ver, maşınımı düzəltdir. Belə olanda “07″-li ”avtoş” başlayır yalvarmağa: “Dayı, vallah, qəpiyim də yoxdu, olanım bu maşındı, bu da cırıq-cırıq oldu”.
Sonrası uzun söhbətdir. Ta kimə nəyi satdırıb cəriməni ödədirlər, kimi bağışlayırlar, təfərrüatdır. Əsas məsələ odur ki, bahalı maşınlarla xuliqanlıq edənlərlə ucuz maşında lotuluq edənlərin aqibəti eyni deyil.
Birincilər əsasən başqalarına zərər vurur, faciəvi qəza törədəndə də başqalarını öldürürlər, ikincilər isə qəza törədəndə özləri cəriməyə düşür və əsasən özləri ölürlər.
General Zeynalovun məlum açıqlamasında belə bir ifadə də var: “Həmin sürücülər gedib Avropada da avtomobil sürürlər. Lakin maraqlıdır ki, sərhədi keçəndən sonra onların heç biri yol hərəkəti qaydalarını pozmur. Hamısı da o qaydalara ciddi riayət edir. Amma Azərbaycan ərazisinə daxil olan kimi nəqliyyat vasitəsini istədiyi kimi idarə etməyə başlayırlar”.
Doğrudur. Buralı sürücülər adicə Gürcüstanda maşınlarını quzu balası kimi sürürlər: kəmər də taxırlar, sürət həddini də aşmırlar, qırmızı işıqda da keçmirlər. Çünki bilirlər ki, burda vəzifəli dayı, əmi yoxdur, tutulsalar cərimələnəcəklər, qəza törətsələr, içəri basılacaqlar. Neçə dəfə olub ki, yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılan azərbaycanlı sürücülər yol patruluna rüşvət verərək qurtulmaq istəyiblər, amma tutub özlərini 7-8 gün təcridxanada yatırdıblar.
Burda isə elə problem yoxdur. Vəzifəlilərin “avtoş” balalarına heç kəs bir söz deyə bilməz. Düzdür, son günlər mətbuat bir qədər hay-küy salıb və xuliqanlıq edənlərin bir neçəsinin özü və atası cəzalandırılıb, amma bu yəqin ki, hamıya aid deyil. Necə ki, antikorrupsiya əməliyyatçıları korrupsioner müdirlər dura-dura onların müavinlərini, ən aşağı ranqlı vəzifə adamlarını ilişdirir, “akula”lara toxuna bilmirlər, bu məsələdə də eləcə, kilkilərlə işləyirlər.
Sonda gənc “avtoş”u şəxsən cəzalandırmış ustanın yekun sözünü, rezümesini yazıram: “Məllim, camaat bunları tutub döyməsə, olmayacaq. İndi o uşaq maşın eşdirməyin, ədabazlıq eləməyin təhlükəli olduğunu bilər”.
Amma mən ustanın bu fikirlərini bölüşmürəm. O bizim işimiz deyil. Qoy “avtoş”ları öz ataları döysünlər.