Azərbaycan Prezident Administrasiyası (PA) rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov maraqlı açıqlama ilə çıxış edib. Modern.az saytı xəbər verir ki, N.Məmmədov özünün Twitter səhifəsində prezident İlham Əliyevin Praqa səfəri barədə şərh verib. O bildirib ki, İ. Əliyev Ermənistan prezidenti Serj Sərkisyanın Praqada keçirilən “Şərq Tərəfdaşlığı” sammitində çıxışını sərt şəkildə tənqid edib.
““Şərq Tərəfdaşlığı” sammitində Ermənistan prezidenti Serj Sərkisyan bütün çıxışı boyu qondarma erməni “soyqırımı” ilə bağlı sərsəm mülahizələrlə Türkiyəyə hücuma keçdi”,-deyən N.Məmmədov prezident İlham Əliyevin erməni dövlət başçısına cavabını da yazıb.
“İlham Əliyev Sərkisyana dedi: “Bilirsiniz ki, Türkiyə burda təmsil olunmur, bundan istifadə edirsiniz. Amma mən burdayam sizə cavab verirəm”,-deyə PA rəsmisi bildirib.
Qeyd edək ki, Çexiyanın paytaxtı Praqa şəhərində “Şərq Tərəfdaşlığı” proqramının 5-ci ildönümü ilə bağlı sammit keçirilir. Sammit 24 aprel tarixində başlayıb.