Azərbaycan və Ermənistan prezidentlərinin Praqa görüşü alınmadı. Nəinki alınmadı, tərəflər arasında hətta söz dueli yaşandı. Aydındır ki, bunun ardınca hansı görüşdən, sifətə süni təbəssüm jesti verib qoşa şəkil çəkdirməkdən söhbət gedə bilməzdi.
Səbəb də Serj Sərkisyanın öz çıxışında Türkiyənin ünvanına ənənəvi çeynənmiş ittihamlar səsləndirməsi oldu. Təbii, saldırı cavabsız qalmayacaqdı və qalmadı da. Təkcə ona görə yox ki, Türkiyə bizim 1 nömrəli strateji müttəfiqimizdir. Həm də o səbəbə ki, qardaş ölkəyə hücumla ermənilər Azərbaycanın da mövqeyini zəiflətməyə, Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun işğalına haqq qazanmağı hədəf götürür, ən azı, dünyanın diqqətini təcavüz faktından yayındırmağa çalışırlar.
Ermənistan rəhbərliyi eyni taktikadan bu dəfə Praqada “Şərq tərəfdaşlığı” sammitində yararlanmağa cəhd elədi. Amma alınmadı. Azərbaycan prezidenti kifayət qədər sərt tonda və tutarlı arqumentlərlə düşmən ölkənin başçısını yerində oturtdu. Ermənistanın blokadada saxlanmasının, sərhədlərin bağlı saxlanmasının elementar səbəblərini sadaladı və haqlı olaraq çıxışının sonunda bu sualları qoydu ki: “Niyə Ermənistana sanksiyalar tətbiq edilmir? Nə üçün Avropa Şurasındakı Ermənistan nümayəndə heyəti səsvermə və söz hüququndan məhrum olunmur? Onlar digər ölkənin ərazilərini işğal edib, beynəlxalq hüquq normalarını pozublar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini kobud şəkildə pozurlar və onlara qarşı heç bir sanksiya tətbiq edilmir… Bu dözülməzdir, buna son qoyulmalıdır”.
Doğrudan da, torpaqlarımızı 20 ildən çoxdur işğal altında saxlayan Ermənistanla Qarabağ problemi ədalətli həllini tapmadan eyni qurumda necə təmsil oluna bilərik? O zaman Gömrük İttifaqı və ya MDB ilə Avropa Birliyinin (AB) nə fərqi oldu? Bizim ərazi bütövlüyümüz Avropa strukturları çərçivəsində də obyektiv şəkildə yoluna qoyulmayacaqsa, əksinə, təzədən ikili standartlarla üzləşəcəyiksə, yəni AB də öz dəyərlərinə sayğılı olmayacaqsa, Azərbaycan xalqı üçün o, necə cəlbedici olacaq?..
ABŞ-ın vitse-prezidenti Cozef Baydan bu həftə Kiyevdə olarkən bəyan elədi ki, “Amerika heç vaxt Krımın ilhaqını tanımayacaq, çünki XXI əsrdə hansısa ölkənin başqa bir ölkənin parçasını özünə birləşdirməsi yolverilməzdir”. Əla. Good. Bəs eyni yanaşma niyə Azərbaycana, onun ayrılmaz parçası olan Dağlıq Qarabağa münasibətdə göstərilmir?
Neçə vaxtdır Birləşmiş Ştatlar, Avropa NATO Rusiyanın Krımı işğal etdiyi, Ukraynanın şərq vilayətlərinə göz dikdiyi üçün Rusiya kimi fövqəldövləti cəzalandırmağa çalışır. Nədən eyni hərəkətin ikiqatına yol verən, beynəlxalq normalarına çoxdan tüpürən çırtdan (!!) Ermənistana azcana göz ağardılmır?
Hələ Krıma rus qoşunları birbaşa müdaxilə eləmədi, orada yerli xalqa qarşı etnik təmizləmə aparılmadı və aparılmır. Ermənilər isə sonuncu antibəşəri əməllərə, Xocalı soyqırımına da imza atıblar. Ümumiyyətlə, qonşu xalqa qarşı soyqırım, etnik təmizləmə siyasəti həyata keçirmiş bir xalq başqasından özünə qarşı soyqırımı etirafını necə tələb edə bilər?
Üstəgəl, Qarabağa dair BMT-nin, Avroparlamentin, AŞPA-nın, İslam Əməkdaşlıq Təşkilatının işğalçıdan əraziləri boşaltmağı tələb edən qətnamələri var. Nə üçün onlar Ermənistana qarşı işləmir?
Əlbəttə ki, yuxarıda qoyulan sualların hamısının cavabını biz bilirik. Elə Qərb çevrələri də bilməmiş deyil. Səbəblər sırasında gizli xristian təəssübkeşliyi, Ermənistanın Güney Qafqazda Rusiyanın yeganə forpostu olması faktorları da var. Lakin onların heç biri bu dəqiqə özünü beynəlxalq hüququn əsas qarantı sayan, sərhədlərin zorla dəyişdirilməsini rədd edən Qərbə işğalçını barmaqla göstərməyə mane ola bilməz.
Rusiya işğalçı dövlətdisə, onun küçüyü Ermənistan nədir onda? Yox, o da təcavüzkardısa, o zaman nə üçün təcavüzkarla təcavüzkar kimi davranılmır, əksinə başına sığal çəkilir?
P.S. Əliyevin çıxışının ertəsi günü Sərkisyan Azərbaycan prezidentini Türkiyənin vəkili kimi özünü aparmaqda suçlayıb. Bədbəxt. Azərbaycanla Türkiyə qardaş ölkədirsə, qardaşdan yaxşı təbii vəkil kim ola bilər ki?..