Azərbaycanın hüquq müdafiəçiləri – Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənanyarlı, Arzu Abdullayeva, Əvəz Həsənov və Mirvari Qəhramanlı aprelin 28-də Sülh və Demokratiya İnsitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun Brüsselə konfransa səfəri zamanı hava limanında saxlanılması ilə bağlı prezident İlham Əliyevə müraciət edib.
Əvəz Həsənovun AzNews.az-a verdiyi məlumata görə, müraciətdə polis tərəfindən L.Yunus və A.Yunusa qarşı kobud və qeyri-etik davranışdan hüquq müdafiəçilərinin ciddi narahatlığı qeyd olunub: “Azərbaycanın 2014-cü ilin mayında Avropa Şurası Nazirlər Komitəsində sədrliyi, Fransa Prezidenti Fransua Ollandın Azərbaycana nəzərdə tutulan səfəri, Avropa Şurası Baş katibi Tyorborn Yanqlandın Bakıya səfəri ərəfəsində Leyla Yunusun saxlanılması Azərbaycanda stabilliyi pozmaq istəyində olan xarici qüvvələrin əlinə ölkəmizi tənqid etməyə ciddi əsas verir”.
Hüquq müdafiəçiləri prezidentdən Leyla və Arif Yunusa qarşı qanunsuz hərəkət etmiş və kobud davranmış, A. Yunusu ağır fiziki duruma gətirmiş hüquq-mühafizə orqanlarının əməkdaşlarının cəzalandırılmasını istəyiblər, o cümlədən L. Yunusa qarşı olan şübhələrin istintaq orqanları tərəfindən obyektiv araşdırılmasını prezidentin nəzarətdə saxlamasını xahiş ediblər.