“Bəzən cansız saat da dil açıb danışır”…
Artıq neçə gündür ki, ANS-in efirində gənclər və idman naziri Azad Rəhimov korrupsiyada ittiham olunaraq kəskin tənqid edilir. Öncə telekanal Hesablama Palatasının hesabatında Gənclər və İdman Nazirliyində korrupsiya faktlarının olduğuna dair məlumat yaydı. Amma bu, Hesablama Palatası və nazirlik tərəfindən təkzib edildi. Sonradan ANS Azad Rəhimovla bağlı araşdırma apardığını, həm nazirin, həm də onun rəhbərlik etdiyi nazirliyin olimpiya komplekslərinin tikintisində ciddi maliyyə pozuntularına yol verdiyini açıqladı.
Telekanalla nazir arasında qarşılıqlı ittihamların pik həddə çatdığı vaxtda “Yeni Müsavat” etibarlılığı şübhə doğurmayan özəl mənbələrdən olduqca maraqlı xəbər əldə edərək, onu ictimailəşdirdi. Həmin məlumatda nazirlə telekanal arasındakı gərginliyin əsl səbəbi göstərilirdi. İddia olunurdu ki, ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayevlə Azad Rəhimovun biznes maraqları toqquşduğu üçün nazir hədəfə gəlib.
Məlumatda göstərilirdi ki, nazirin çoxsaylı mağazaları var; gənclər və idman naziri əvvəllər V.Mustafayevin VMF şirkətinin məşğul olduğu və öz nəzarətində saxladığı biznes sahəsinə – elit qol saatlarının satışı bazarına girib. Həmin yazıda o da iddia olunurdu ki, ANS rəhbərliyinin on beş ildən artıq ölkədə saat satışı ilə məşğul olan dükanları iflas həddindədir. Bunun səbəbi isə məhz nazir A. Rəhimovdur. Məqalədən sitat: “Belə ki, artıq nazirə məxsus olduğu bildirilən butiklərdə vaxtilə ANS rəhbəri Vahid Mustafayevə məxsus VMF şirkətində satılan bahalı brend saatlar satışa çıxarılıb. Hətta bildirilir ki, A.Rəhimov həmin brend saatların satış hüququnu hansısa yollarla VMF-dən ala bilib. Söhbət daha çox “Breguet” və “Blancpain” brendlərindən gedir. İsveçrə istehsalı olan bu dəbdəbəli saatların Azərbaycandakı təmsilçisi vaxtilə VMF olsa da, artıq A.Rəhimova məxsus elit saat dükanlarında satılır. Vəziyyət hətta o həddədir ki, paytaxtın mərkəzində, Zərifə Əliyeva küçəsində A.Rəhimovun yeni açdığı dükan “Elit saatların Bakıda tək ünvanı” hesab edilir. Bildirilir ki, burada saatların qiyməni 10 min dollardan başlayır və 1 milyona qədər yüksəlir. “Glampire Time Pieces”də sözügedən brendlərin satışa çıxarılması isə elə həmin küçədə olan VMF-in dükanının bağlanmasına gətirib çıxarıb. Doğrudur, VMF-dən Z.Əliyeva küçəsindəki dükanın bağlanmasının təmir işləri ilə əlaqədar olduğu söylənildi. Bildirilir ki, may ayında VMF-in yeni dükanı açılsa da, o, həmin ərazidə yerləşməyəcək. Həmçinin qeyd edilir ki, nazir-telekanal rəhbərinin “saat çəkişməsi”ndən ikinciyə qalan “Maurice Lacroix”, “Tissot”, “Longines”, “Rado”, “Omega” kimi daha ucuz brendlərdir”.
Yazı qəzetdə çıxdıqdan sonra ANS rəhbərliyi buna kəskin reaksiya verdi. Öncə ANS şirkətlər qrupu prezidentinin media müşaviri Mais Məmmədov danışdı. O, “Yeni Müsavat”ı yalan yazmaqda suçladı. Dedi ki, saat söhbəti yalandı, biznes maraqlarının toqquşması haqda yazılanlar həqiqətə uyğun deyil və s. Müşavir A.Rəhimovun tənqidini büdcə pullarının talan edilməsi ilə əlaqələndirib.
Amma M.Məmmədovun bu açıqlaması da insanlarımızın qafasındakı suallara aydınlıq gətirmədi.
Bizim camaat “ANS niyə məhz Azad Rəhimovu hədəf alıb” sualını verməkdə haqlıdır. Çünki Hesablama Palatasının qalmaqallı hesabatında təkcə Gənclər və İdman Nazirliyinin adı çəkilmirdi. Başqa nazirliklərin və komitələrin də adları hallanırdı. Lakin ANS-in hədəfinə yalnız A.Rəhimov gəldi. Biz əsla Azad Rəhimovun əl-üzünü yumuruq, onu süddən çıxmış ağ qaşıq da saymırıq. Fəqət bu qədər həngamənin içindən yalnız onun seçilərək az qala gecə-gündüz tənqid olunması ortaya ciddi suallar çıxarırdı. Biz də özümüzün və tamaşaçıların (oxucuların) başındakı o sual işarəsini yox etmək üçün əlimizə gəlib çatan xəbər əsasında araşdırma apardıq və nəticəni qəzetdə çap etdik.
Ölkə televiziyaları, o cümlədən ANS artıq neçə illərdir ki, adlı tənqidi öz efirindən yığışdırıb. Hansısa yüksək rütbəli nazirin, komitə sədrinin “vurulması”, efirdə hədəf göstərilməsi demək olar ki, qadağandır. Bu qadağanın da haradan gəldiyi cəmiyyətin bütün təbəqələrinə məlumdur. Düzdür, ANS rəhbərliyi əsas arqument kimi sabiq metropoliten rəhbəri Tağı Əhmədovu misal kimi göstərirlər. Onu da kəskin tənqid etdiklərini tez-tez xatırladırlar. Amma T.Əhmədovun hekayəsi az qala hamıya aydındır. Telekanallarda adlı tənqidin olmaması fonunda günün birində hansısa yüksək rütbəli məmurun sərt tənqidi, az qala hər xəbər buraxılışında ona minimum 5 dəqiqə vaxt ayrılması avtomatik olaraq tamaşaçıda belə bir rəyi yaradır: “Deyəsən filankəsin qələmi yuxarıdan qırılıb”. Ona görə də hansısa televiziya kanalı lovğalanırsa ki, biz filankəsi də tənqid edirik, bilin ki, bu tənqid üçün “lisenziya” lap yuxarılardan verilib. Necə ki, ANS T.Əhmədovu qaralayandan sonra metropoliten rəisi öz postundan uzaqlaşdırıldı. Və bununla da cəmiyyətdəki həmin rəy doğruldu. Yeri gəlmişkən, T.Əhmədovdan sonra metroda problem aradan qalxmayıb, əksinə, bir az da çoxalıb. Amma ANS-in kameraları və mikrofonları, həmçinin az qala son aylar əhmədovşünas olmuş reportyorları susurlar. Demək, ANS üçün prioritet metrodakı problem deyilmiş – T.Əhmədov imiş… O, yoxdu, tənqid də yoxdu…
Bu arada, Virtualaz.org saytı məsələ ilə bağlı ANS-in rəhbəri Vahid Mustafayevdən müsahibə götürüb. Əslində V.Mustafayev çox nadir hallarda hansısa sayta, qəzetə, agentliyə müsahibə verir. Ona görə də onun Virtualaz.org saytına müsahibəsi xeyli maraqlı göründü. Müsahibəni oxuyandan sonra xeyli mətləb bizim üçün aydınlaşmış oldu. Görünür V.Mustafayev öz media müşavirinin “Yeni Müsavat”da çıxan yazıyla bağlı açıqlamasından razı qalmayıb. Ona görə də işə özü qarışmalı olub. Kaş qarışmayaydı. ANS şefi kiçik müsahibəsində o qədər iri səhvlərə yol verib ki… Sırf həmkarlıq nöqteyi-nəzərindən o səhvlərin üzərinə çox dayanmaq istəmədik. Lakin V.Mustafayev də gərək həmkarlarının əziyyətlə ortaya qoyduğu araşdırma yazıya cızma-qara deməyəydi. Əgər həqiqətən də cızma-qara yazsaydıq, iki gündür ANS rəhbərliyi təkzib və izahat verməklə məşğul olmazdı…
Vahid Mustafayev müsahibə verirsə, öz şirkətindən imtina edirsə, hər gün ən ağır ittihamlara məruz qoyduğu naziri birdən-birə ən yaxın dostu adlandırırsa, demək, torbada saat… pardon, pişik var.
Faktı gizlətmək, xəbəri ört-basdır etmək, həqiqəti danmaq indiyədək heç kimə nəsib olmayıb. Bir də görürsən, həqiqət cansız əşyalardan boy göstərir. Məşhur filmdə deyildiyi kimi: “Bəzən cansız saat da dil açıb danışır”…
Azər Ayxan
Musavat.com