Şpionomaniya çılğınlığının şiddəti ictimai-siyasi fəal insanların ağlına sovet dövrünün repressiya illərini salır. Tez-tez peşəkar mediada, sosial şəbəkələrdə “1937 ab-havası” kimi ifadələr yer alır. Bunlar səbəbsiz deyil. Siyasi motivlərlə aparılan həbslər artdıqca, insanların qara-qara düşünməkdən başqa yolları qalmır. Çünki məhkəmələrdə dəlil-sübutların ciddi çatışmazlığı və əsassızlığı hökm sürür və hökmlər bu cür çıxarılır.
Son 21 ilin bütün siyasi motivli məhkəmələrini, siyasi fəalların yarıdan çoxunun təcridxana və məhbəslərdən keçməsi faktını bir kənara qoyaraq təkcə builki hökmlərə diqqət yetirsək, repressiya maşınının necə daimi hərəkətdə olduğunu görərik.
Tofiq Yaqublu və İlqar Məmmədovun qurama ittihamlarla həbs cəzasına məhkum edilməsi, Yadigar Sadıqova açıq şərləməylə ağır cəza kəsilməsi, “NİDA”çı gənclərin, Anar Məmmədlinin və Pərviz Həşimlinin mühakiməsi o qədər açıq-aşkar haqsızlıqla müşayiət olundu ki, bunların bir repressiya aktı olmadığını düşünmək mümkün deyil.
İndi də jurnalist Rauf Mirqədirov həbs olunub, hüquq müdafiəçisi Leyla Yunus təqib olunur.
Milli Məclisdə və hakimiyyətin inhisarında olan mediada “bütün casusların ifşa olunması” barədə isterik çıxışlar, tələblər səslənir. Bir sıra ictimai xadimlər hakimiyyətdən kəllə tələb edirlər.
Bütün bunlar isə adamların yadına istər-istəməz Stalin repressiyanın tüğyan edən illərini salır.
O vaxtlar da belə olub. Stalin yüz minlərlə insanın üzərində qurama məhkəmə tamaşaları qurdurub, bütün siyasi rəqiblərini, ona qarşı olanları həbs etdirib, güllələdib, məhbəslərə, sürgünlərə göndərib.
1929-cu ilə qədər Lev Trotski ilə, 1934-cü ilə qədər isə Sergey Kirovla bacarmayan, mütləq diktatorluğunu bərqərar edə bilməyən Stalin 1934-cü ildən 1938-ci ilə qədər hüquq-mühafizə orqanlarının və sifarişlə hökm çıxaran məhkəmələrin köməyi ilə öz niyyətini həyata keçirib.
Söz yox, indi hakimiyyət öz rəqiblərini kütləvi şəkildə həbsə almır, miqyas da o miqyas deyil, miqdar da qat-qat azdır. Amma qılınc o qılıncdır, qol da o qoldur. Sadəcə hazırda hakimiyyət seçmə üsulla və növbəlilik əsasında işləyir. Hər partiyadan, təşkilatdan daha fəal olanları seçir, cəzalandırır, sonra onları əfv edir, yerlərinə başqalarını salırlar.
Repressiyanın miqyası fərqli olsa da, üsulları dəyişməyib. Yenə də həbs olunanlar şərlənir, günahlarını sübut edən heç bir dəlil olmasa da, haqq-nahaq məhkum edilirlər. “Xalq düşməni” ittihamı rəsmi şəkildə tətbiq olunmasa da, bir çox müttəhimlərə yanaşma xalq düşmənlərinə yanaşma kimidir.
“Dövlət çevrilişinə cəhd”, “terror yoluyla hakimiyyəti devirmə”, “vətən xainliyi” kimi ittihamlar isə yenə də dövriyyədədir.
Ən pisi odur ki, bu hakimiyyətin repressiya siyasəti permanent xarakter daşıyır. Stalin repressiyası əsasən 1934-38-ci illərdə şiddətli, 1948-53-cü illərdə nisbətən zəif olmuşdusa, mövcud rejimin repressiyası 1993-cü ilin yayından bəri həzin-həzin davam edir, insanları içinə alıb bişirən repressiya qazanının altındakı vam alov heç vaxt öləzimir.
Bu, artıq repressiya dalğası deyil, daimi repressiya ləpələnməsidir və legitim, yaxud qeyri-legitim olmasından asılı olmayaraq, hakimiyyəti qoruyub saxlamağın ən etibarlı üsuludur.
Öz siyasi rəqiblərini daimi repressiya təhlükəsi və xofu altında saxlayanlar bir özgəsi deyil. Onlar Stalin məktəbinin yetirmələridir, siyasi rəqibləri necə zərərsizləşdirməyin, onların üzərində “tam və qəti qələbə çalmağın” bütün incəliklərini o məktəbdən əxz ediblər.
Ona görə də daimi repressiya ləpələnməsindəki yeni xəttin – şpionomaniyanın müşahidə olunması heç kəsi təəccübləndirməməlidir. O zamanlar bu xətt də aparıcı olub, əcnəbilərlə adi salam-kalamı olan minlərlə şəxs gedər-gəlməzə yola salınıb.
Açığı, xalq kütlələri də siyasi motivli başqa ittihamlarla həbs olunan fəalların müdafiəsinə qalxmasa da, heç olmasa bitərəf qalır, amma “düşmənə casusluq edənlər”ə qarşı çıxır.
Budur, Rauf Mirqədirovun həbsindən 15 gün keçir, amma hələ ona qarşı bir ciddi sübut ortaya qoyulmayıb. Ciddi-cəhdlə sübut axtarırlar. Əslində isə onlar əldə deyildisə, jurnalisti həbsə almaq olmazdı.