İndi çağdaş dünyada durum elədir ki, ancaq bekar adamlar Qarabağ mövzusu, Ermənistan-Azərbaycan münaqişəsi haqda fikirləşirlər. Azərbaycan xalqının çoxdan bu söhbət vecinə deyil, ermənilər Pirr qələbəsini 20 ildən çoxdur qeyd edirlər, ruslarla amerikalıların başı Ukraynaya, Suriyaya qarışıb, cənab prezident Ağdaşın Ləki qəsəbəsində dəmiryolu vağzalına qoyulan müasir oturacaqlara baxış keçirdir, Milli Şura “Nağaracuğaa!?” mövzusunda növbəti kəskin bəyanatını imzalayır, Müsavat daha kəskin bəyanat hazırlayır və sairə.
Yalnız prezidentin xarici işlər müşaviri Novruz Məmmədov yoldaş Qarabağ haqda düşünür. Bu münasibətlə Novruz müəllimi təbrik eləyirəm, and içirəm ki, uca millətimiz Cıdır düzündə ona heykəl qoyacaqdır, adını Topxana meşəsindəki fındıq ağaclarından birinə verəcəkdir.
Keçən həftə Novruz müəllim ATƏT-in Minsk Qrupu ilə növbəti dəfə məzələnmişdir. O, Amerikanın qrupdakı nümayəndəsi Ceyms Uorlik haqda yazmışdır: “Deyəsən Uorlik Qarabağ münaqişəsini Tvitterdə həll etmək istəyir”.
Yəqin bekar vaxtlarınızda siz də xəbərdar olmusunuz, bu Uorlik başına gələn hər şeyi Tvitter sosial şəbəkəsində paylaşır. İstər Bakıda piti yemək olsun, istər İrəvanda konyak içmək. Təzəlikcə də nəsə yazıb, yapokratlar buna görə adamı hoydu-hoyduya götürüblər. Ancaq adama deyərlər ki, siz kimə ilişirsiniz, Uorlik hara, siz hara? Keçəl bir dərman bilirdisə, niyə Uorliki başına baxmağa çağırırdı? Novruz müəllim Uorliki qınamazdan öncə təmsil elədiyi iqtidarın 21 illik urapatriotizm fırıldağına cavab versin, desin görək, bəs bunlar Qarabağ münaqişəsini hansı “tvitterdə” həll ediblər? Uorlik, necə deyərlər, əmioğlumuz deyil, dayımız deyil, ondan uca millətimizin hər hansı umacağı yoxdur, bizim vergilərlə maaş almır, neft gəlirlərini sümürüb uşaqlarına ofşor şirkətləri açmayıb. Azərbaycan iqtidarı günah keçisini orda-burda axtarmaqdansa hərdən güzgüyə baxsın.
Ancaq tarixi təcrübə göstərir ki, Uorlik keçmiş fransalı həmsədr Bernar Fasyeyə nisbətən yaxşı “qurtarıb”. Yapokratlar öz balaca beyinləri ilə guya Fasyeyə sataşmaq üçün onun… kiçik ehtiyacını ödədiyi vəziyyətdə videosunu çəkib 2011-ci ildə internetə qoymuşdular. Yəni, son günlərin “tualet patriotizmi” repressiyasının bizdə qədim ənənələri vardır. Əsas odur hay-küy, qaraqışqırıq olsun, erməniləri söyək, Azərbaycanda qalmış 5-6 vicdanlı, mübariz insanı da casus adlandırıb damlayaq, gurultulu və zırıltılı məhkəmə prosesləri keçirilsin. Başqa nə lazımdır? Neft buruqlarının canı sağ olsun, hərdən bir-iki vedrə mazutu vətəndaşların sifətinə yaxırsan, hakimiyyətin yağ kimi davam edir.
Uorlik Tvitterdə aktivdir, internetin bizim məhəlləsində isə Facebook sosial şəbəkəsi dəbdədir. Bu mənada, deyə bilmərəm amerikalı həmsədrin macəraları necə bitəcəkdir. Əgər iş Facebook-da olsaydı, başqa məsələ. Onun cibinə nəşə atıb tutardıq, həm Novruz müəllim sevinərdi, həm Putindən “malades” alınardı. Çünki son illər Facebook-da rejim əleyhinə tənqid yazan xeyli insan dustaq edilib. Bunlardan yadıma düşənləri yazıram: Məhəmməd Əzizov, Bəxtiyar Quliyev, Ömər Məmmədov, Rəşad Ramazanov, Əbdül Əbilov və sairə. Çox maraqlıdır ki, bunların hamısına narkotik maddə ittihamı verilib. Yəni, bizim iqtidar Facebook deyəndə gözünə nəşə görünür, bu sosial şəbəkənin maddəsi narkotikdir.
Yeri gəlmişkən, jurnalist Pərviz Həşimlinin məhkəməsində jurnalist Rəşad Vaqifoğlu ilə yanaşı əyləşmişdik. Ondan soruşdum ki, Pərviz bəyin suçlandığı maddələr içində narkotik də varmı. Rəşad bəyin cavabı çox satirik idi: “Yox, narkotik ittihamı yoxdur, çünki Pərviz bəy Facebook-da aktiv deyildi”.