“Azad” kitabımın tanıtımından sonra rəfiqələrimlə kültürümüzə olan yeni qatqımı bayram etmək üçün restorana getmişdik. Yəqin o kitabı heç oxumamısız. Siz də üç manat verib adamın bir kitabın alıb vərəqləməzsiz ömründə. Canınız sağ olsun. Yemək seçimi zamanı ofisiantı “bəy” deyib səslədim. Adamın rəngi dəyişdi, qaşlarını çatıb qayıtdı ki, mən bəy deyiləm. Hamımız donub qaldıq. Bəlkə də düz deyirdi. Ofisiantlıq hara, bəylik hara.
Bəylik nədi?
Orta əsrlərdə türklər var-dövlət yiyəsi olana “bəy”, “bay” deyirdi. Sonralar savad, söz yiyəsi olanlara da sayğı əlaməti kimi bəy deyildi. Əslində, bunun da kökündə imkanlı ailələrin uşaqlarının oxuyub savadlanması dayanırdı. Qədim yunan sofistlərinin diliylə desək, bəylik aristokrat (ik) təbəqə hesab olunurdu. Daha üstün status sahiblərinə deyilən söz kimi evlənən kişilər də bəy adlanırdı. Çünki Azərbaycan türkləri evlənməyi kişi üçün bir pillə yuxarı qalxmaq sayıb həmişə. Eşsiz kişi evsiz (mülksüz) kişidi – bənzərində. On doqquzuncu əsrdə Azərbaycanda elə bir aydın tapılmazdı ki, adının önündə “bəy” “xan” yazılmasın. Düzdü, bu bəylərin demək olar hamısı bəy-xan nəslindən olanlar idi. Ancaq onların maarifçilik işləri, toplumu savadlandırmağa, qaldırmağa çalışmaları artıq bəy sözünün məzmununu dəyişirdi. Getdikcə “bəy” təkcə varlılara, malı-mülkü, torpağı olanlara yox, kübar insanlara, öyrətimi olanlara, aydınlara, düşünürlərə, ədəbli adamlara, yerini-danışığını bilənlərə deyilirdi. Bəyin məzmunu dərinləşirdi. Azərbaycan Demokratik Respublikasının çöküşündən sonra yeni qurulan Azərbaycan Sovet Sosialist Respublikasında “bəy” sözü qadağan edildi. Bütün bəy sayılanlar – mülk yiyələri qolçomaq (kulak) adıyla yox edildi, bəylərin kökü kəsildi. Beləliklə, yoxsullardan, sadə adamlardan oluşan fəhlə sinfi – yoldaşlar cəmiyyəti quruldu. Yoldaş bəyi taxtdan saldı. Və…və 1991-ci il, Sovet İmperiyasının dağılmasından, “Yoldaş hakimiyyətin” devrilməsindən sonra yaranan Müstəqil Azərbaycan və onun “Bəy hakimiyyəti” təntənəsini yaşadı. Bəy hakimiyyəti nə demək idi? Bəy hakimiyyəti Azərbaycanda sovet ənənəsinin sonu demək idi, bəyin yoldaşı devirib yerinə milli hakimiyyət qurması idi, “bəy” artıq yalnızca kübar deyim forması yox, fəlsəfi yükü, tarixi açması olan siyasi terminə çevrilmişdi. Bəy sözünün geri qayıtması Azərbaycan insanının qələbəsini sərgiləyirdi. Ruslaşdırılmış toplumun soyuna qayıdışını və bir çox başqa detalları simvolizə edirdi. Yeni, çağdaş bəy obrazı yaranırdı. Çünki öncəki bəy(lər) titul olaraq artıq yox idi. Xarakter, çağırma və dildə olan söz kimi isə yaşayırdı. Çünki bəylik təkcə titul deyil, bu titulu körükləyən yenilməzlik, dürüstlük, qürur rəmzidi.
1993-ci ildə hakimiyyət dəyişdi. Bir ölkə başçısı getdi, digəri gəldi. Avtomatik olaraq öncəki hakimiyyət müxalif qüvvəyə çevrildi. Yeni hakimiyyət dövlətçilik modelinə üstünlük verdi. Bilirsiz ki, ölkədə rəsmi şəxslərə, dövlət adamlarına “cənab” deyə müraciət olunur. Sayğı və nüfuz ifadə edən “cənab” sözü ilə “ bəy” arasında get-gedə ayırım yarandı. (Bu yerdə soyçu damarım tutur və “cənab”ın fars kəlməsi olduğunu vurğulamağı özümə borc bilirəm. Baxmayaraq ki, mənim bu kəlmə xoşuma gəlir. Yeri gəlmişkən, Türkiyədə “cənab” sözünü “sayın” (sayılan) sözü əvəz edir). “Bəy” Müstəqil Azərbaycanı simvolizə edən və soy-kökə dönüşü əks etdirən bir simvola çevrilsə də sonradan bu sözdən ciddi şəkildə çəkinən və qorxan kişilər toplusu formalaşdı. Onlara elə gəldi ki, “bəy” indi yalnız müxalif tərəf ola bilər. Bu mövzunu dostlarla sosial şəbəkədə dartışırdıq. Jurnalistlərdən biri belə bir hadisə yazdı: “Millət vəkillərindən birinə zəng edib, “bəy” deyə sözə başladım. Sual qaldı bir yanda, adam rəsmən məni yudu sərdi. Dedi, sənin baş redaktoruna şikayət edəcəm.”
Biz ucdantutma hər kəsə “müəllim” deyirik. Müəllim peşə növüdü. Necə ki, hamıya doktor demək olmaz, hamıya müəllim də demək olmaz. Ancaq bəy sözünün anlamını bilən kişilərə bu cür müraciət edəndə duruşlarını dəyişirlər, dikəlirlər, özlərini daha ağayana aparırlar. Gerçəkdən bəy olmaq istəyən kişi istər-istəməz əxlaqlı olmağa məcburdu. Məsələn, gerçək bəy heç vaxt elin qızına-qadınına sırtıq təkliflər etməz, məmurdusa otağına iş üçün gələn xanıma pis gözlə baxmaz. Bəy – ailəsinə, qadınına hörmət edər, özündə başqalarının qadınına göz qoymaq haqqı görməz. Bəy özünü bəy kimi aparar. Vəzifəndən, postundan, qazandığın ad-sandan asılı olmadan tərbiyəli olmaq ikiqat yüksəldir insanı. Davranışınla, düşüncənlə, əxlaqınla gerçək bir bəy, gerçək bir xanım olmaq yalnız ucalıq qazandırır insana (Onu da deyim ki, kişilərdən seçilərək statusundan asılı olmadan bütün qadınlar “xanım” sözünü BƏYənirlər.)
Mən onda bütün bunları həmin o bəy sözündən qorxan ofisianta demək istədim. Demək istədim ki, bəylik müxalifətçi olmaq demək deyil. Bəylik təkcə mal-mülkə sahib olmaq da deyil. Bəylik xarakter, kimlik, dürüstlük, yenilməzlik, yaltaq olmamaq, heyvan kimi boyunduruğa razılaşmamaqdı. İstədim ona “Komsomol” poemasındakı Gəray bəyi misal çəkim, deyim, görürsüz, şair onun bəyliyini necə verib, var-dövləti əlindən alınsa da bəyliyini heç kim əlindən ala bilmir. Sonra çantamdan bir “Azad” kitabı çıxarıb ona pay verəm, deyəm bunu mütləq oxuyun. Bu adam bizim böyük bəylərdən biridi. Ancaq çəkindim. Düşündüm birdən ofisiant qayıdar ki, xanım, beş manat çörək pulu qazanırıq, siz Allah, məni işimdən qovdurmayın, bununla da fəlsəfi traktatım yerlə bir olar.