II dünya müharibəsində bizim kənddən də çoxlu əsgər iştirak etmişdi. Yarıdan çoxu həlak olmuşdu – məzarları Mozdokdan ta Berlinə qədər müxtəlif yad ölkələrin torpaqlarında qalır.
Kəndimizdən heç kim o əsgərlərin kimsəsiz məzarlarını axtarıb tapmaq üçün o yerlərə getmədi, qırmızı ləpirçilərə qoşulub, onları axtarmadı.
Yəqin ki, onlar “qardaş qəbristanlığı”nda dəfn olunublar. Kim idi top-tüfəng atəşinin altında həlak olanlar üçün bircə-bircə məzar qazan, üstlərinə nəm-nişanə qoyan, ad-soyad, təvəllüd və ölüm tarixlərini yazan. Bir şey ki o savaşda postsovet məkanından 20 milyon adam ölüb…
Ancaq dediyim kimi, kəndimizdən müharibəyə gedənlərin yarıdan bir qədər azı Hitler və Stalinin gülləsindən sağ-salamat qayıtmışdılar. Hitlerin adını çəkməyimin niyəsini bilirsiniz, amma burada “Stalinin gülləsi” bir çoxlarına qəribə görünə bilər.
Məsələ orasındadır ki, hərbo əmri başa düşməyənləri, hücuma qalxarkən qəsdən ləngiyənləri, qorxanları, can hövlü ilə aradan çıxmağa çalışanları da özümüzünkülər, Stalinin əmri ilə yaradılmış cəza dəstələri güllələyirmişlər.
Ona görə də müharibədə ölən 20 milyon insanın qanının baiskarı heç də təkcə Hitler deyil, Stalin də sovet əsgərlərini arxadan qırdırırmış.
Bizim kənddən də almanlara əsir düşənlər olmuşdu. Sonradan bir çoxları dəbdə olan ifadəylə “yanımızda partlayış oldu, qaranlıq çökdü, gözümüzü açdıq ki, yaralıyıq və almanların əlindəyik” kimi yalandan danışsalar da, hamı bilirdi ki, elə olmayıb. And içirdilər ki, almanların güclü olduğunu görəndə sakitcə əllərini qaldırıb o tərəfə keçən yüz minlərlə sovet əsgərinin içində bizimkilər də olub. Bizim kəndin camaatı üzlərinə olmasa da, dallarınca onlara “o tərəfdən bəri güllə atanlar” və “dalı peçatlılar” (guya ki, almanlar onların yambızına faşist svastikası həkk ediblər) deyirdi.
“Keçmiş əsirlər”in bəzilərini vətənə qayıdandan sonra həbs edib Sibirə göndərmişdilər. Hərəsi on il yatandan sonra qayıdıb gəldilər.
Bizim kəndin döyüşçüləri arasında Sovet İttifaqı Qəhrəmanı fəxri adı alan yox idi, amma orden-medalları olanlar vardı və onların medalları hər il artırdı. Axırda pencəklərinin qabağı o medalları tutmaz hala gəldi.
Biz hərdən o veteranları danışdırırdıq. Bəziləri həvəslə danışırdı, döyüş yollarından, Mozdokdan Berlinə qədər keçdikləri məşəqqətlərdən bəhs edirdilər. Bəziləri isə “nə danışım ey, müharibəydi, qırğın gedirdi” deyirdilər. Biz zəhlətökənlik edəndə “durun rədd olun burdan” deyə bizi perikdirirdilər.
Amma bir dəfə kəndimizin ən boylu-buxunlu veteranından müharibədə neçə faşist öldürdüyünü soruşanda adamın kefinin kök vaxtına düşmüşdü, səmimiyyətlə cavab vermişdi ki, bir dəfə üzü o tərəfə güllə atıb, amma bilmir adama dəyib, yoxsa ağaca.
“O kinosu olan Mixaylo var ha, o mən olmuşam” deyən bir veteranımız da vardı, and içirdi ki, o, əfsanəvi partizandan daha çox şücaət göstərib və ona da döyüş dostları “Mixaylo” deyirmişlər. Amma axıra qədər o, heç kəsə igid əsgər olduğunu sübut edə bilmədi. Camaat inanmırdı.
Bütün söz-söhbətlərə baxmayaraq, hamı veteranlara hörmət edirdi, hamı başa düürdü ki, onlar doğrudan da igidliklə döyüşməsəydilər, alman faşistləri buraları işğal edər, hamımızı qula çevirər, ya da milçək kimi qırardılar.
Sonradan bu qənaət dəyişdi. Xüsusilə də 20 Yanvar faciəsindən, rusların ermənilərə qahmar çıxmasından, qəddarlıqlarını, ədalətsizliklərini görk eləmələrindən sonra gənc nəsil veteranlara deyirdi ki, nahaq vuruşmusuz, almanlar buraları alsaydılar, hər halda ruslardan pis olmazdılar. “Alman maşını sürər, Bavariya pivəsi içərdik” deyənlər də çox idi.
Bu sözün qüvvəti olaraq, o gün “Feysbuk” dostum Fuad Cəlilovun paylaşdığı lətifəni iqtibas edirəm. Cənub zonasında bir ortayaşlı kişi uzun müddət “Jiquli” sürəndən sonra, nəhayət, pul toplayır, gedib köhnə bir “Mersedes” alır. Kişi alman maşınını bir həftə sürür, iki həftə sürür, görür, maşın köhnə olsa da, çox rahatdır. Bir gün o, maşınını kənd qəbristanlığına sürür, orden-medallı veteran atasının məzarının üstünə gəlir və deyir: “Ay dədə, heç adam da belə maşın düzəldən millətə güllə atar?”