Niderlandda keçirilən seçkidə azərbaycanlı xanım qalib gəlib
Azərbaycanlı tələbə Mədinə Həşimova Niderland Krallığının Hanzehogesçool Universitetinin tələbələri arasında keçirilən seçkidə qalib gəlib. Bu haqda Hanzehogesçool Universiteinin Hüquq fakültəsinin 3 kurs tələbəsi olan M. Həşimova özü məlumat verib.
Qeyd edək ki, bu seçkilərin əsas məqsədi fəal, savadlı tələbələri axtarıb tapmaq, gələcəkdə Niderland siyasətinə hazırlamaqdır. M. Həşimova seçki haqda təəssüratlarını belə bildirib: “Bizim universitetdə tələbələr öz aralarında siyasi partiyalara bənzər təşkilatlar yaradırlar. Öz proqramlarımızı hazırlayıb seçkiqabağı tələbələrə paylamışdıq. Seçki kampaniyası mayın 6-dan 19-a kimi davam etdi. Seçki, internet üzərindən aparıldı. 9 yer uğurunda gedən mübarizədə 8-nin qalibi biz olduq”.
Nəzərə çatdıraq ki, seçkidə 1-ci sırada ən çox səs toplayan M. Həşimli olub. O deyib ki, bundan sonra bir sıra işlər görəcəklər: “Rektorluqla əlaqə yaradıb tələbələr adından tələbələrin problemlərin həll edəcəyik. Eyni zamanda Parlamentə dəvət olunub qanun dəyişməsində və hazırlanmasında məsləhətlər alıb, dinləmələrdə iştirak edəcəyik”.
M. Həşimova bu uğurunun Azərbaycanın Niderlandda tanınmasına da böyük köməkliyi olacağını vurğulayıb: “Biz azərbaycanlı olaraq hər bir milli məsələmizdə maksimum dərəcədə Azərbaycan üçün əlimizdən gələni edəcəyik. Mənim azərbaycanlı olmağımı təşkilat üzvləri, eləcə də universitet rəhbərliyi bilirlər. Bu da gələcəkdə siyasətlə məşğul olacaq tələbələrin Azərbaycan haqqında məlumatları olması, Azərbaycanın daha çox dostlarının olması deməkdir. Bu həm də Niderlandla Azərbaycan arasında dostluğun artması, haqq səsimizin avropalılara çatdırılması deməkdir”.
Xatırladaq ki, M. Həşimova “Hollandiyada Azərbaycan Evi” təşkilatının sədri Elxan Mirhəşimlinin qızıdır.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.