Yarım il davam edən mübarizədən sonra Ukrayna xalqının dediyi oldu: prezident dəyişdi. Özünü “yandırmış” sabiq prezident Viktor Yanukoviçi yeni prezident Pyotr Poroşenko əvəz etdi.
ABŞ və Avropa ölkələrinin prizmasından baxanda, bu, böyük tarixi nailiyyətdir; Ukrayna xalqı növbəti dəfə despotizmi yenərək demokratiya istiqamətində mühüm, həlledici addım atıb.
Rusiyanın mövqeyinə görə isə, Ukraynada “faşizm qalib gəlib”, “Qərbin xalqa sırıdığı ideologiyaya əsaslanan liderlər elitası hakimiyyəti götürüblər”, “Rusiyanın ümdə maraqlarına zərbə dəyib” və s.
Azərbaycan kimi ölkələrin Ukraynada gedən siyasi proseslərə, keçirilən demokratik seçkiyə, köhnə prezidenti yenisinin əvəz etməsinə münasibət isə haçalı və ziddiyyətlidir.
Bu məsələyə dair bir-birinə daban-dabana zidd iki baxış var.
İllərdən bəri regionda, eləcə də dünyada demokratik dəyişikliklərdən yana olan, bütün ölkələrdə hakimiyyətin xalqın iradəsi ilə, seçkilərlə, həm də vaxtaşırı olaraq dəyişməsini istəyən qüvvələr Ukraynadakı son gəlişməni dəstəkləyirlər.
Çünki onlarda belə bir ümid var ki, loru ifadə ilə desək, “qonşuda bişər, bizə də düşər”. Demokratik qüvvələr hesab edirlər ki, dünyada demokratiya nə qədər geniş areala yayılsa, irtica bir o qədər geri çəkilər, nəhayət, regionda, o cümlədən bizim ölkəmizdə də haqq-ədalət bərqərar olunar, insanlar seçib-seçilmək hüququnu geri alar.
Hakimiyyətin seçki yoluyla formalaşmasına qarşı olan, təkpartiyalı hökmranlığın səfasını sürən, sülalə hakimiyyətinin ömrünü uzatmağa çalışan qüvvələr isə Ukraynadakı proseslərə yuxarıdan aşağı, nailiyyəti inkar edircəsinə yanaşırlar.
Onların arqumentlərini tutarlı göstərən məqamlar da var: “Krım kimi bir bölgə itiriləcəkdisə, o cür demokratiya nəyə lazımdır?”; “Demokratik seçki keçirəcəkdilər, arada vətəndaş müharibəsi düşdü”; “Ukrayna parçalanacaqdısa, demək, inqilab etmək, Yanukoviçi devirmək əbəs iş imiş” və sair və ilaxır.
Bu cür arqumentlərlə çıxış etmək dolayısı ilə Ukraynada vətəndaş müharibəsinə rəvac verən, ölkəni parçalayan, Krımı zorla ayırıb ilhaq edən xarici təcavüzkarın – Rusiyanın aqressiv hərəkətlərinə haqq qazandırmaq cəhdidir.
Bundan başqa, bu adamlar bütün düşüncələri ilə demokratiyaya, haqq-ədalətə, dürüst seçkilərə qarşıdırlar. Dünyanın hansı ölkəsində demokratik müxalifət uzun çəkən inadkar mübarizə nəticəsində uzunömürlü despota qalib gəlirsə, bunlar mütləq müstəbidin yanında yer alır, onun xeyrinə danışırlar.
Olur ki, xalq deyən olur, tiran devrilir, bir müddət keçir, həmin ölkədə təlatümlü yeni dönəm başlayır və heç də hər şey rəvan getmir. Belə olanda despotizm tərəfdarları dərhal fəallaşır, səs-səsə verirlər: “Gördünüzmü, demokratiya o ölkəyə xoşbəxtlik, firavanlıq, sülh gətirmədi”; “Diktatorun vaxtında pis-yaxşı yaşayırdılar, amma özünü demokrat adlandıranların dövründə bir-birini qırırlar, dilənçi günündədirlər” və sair və ilaxır.
Bənzər rəylər Ukraynada gedən proseslərə, baş verən hadisələrə dair də səslənirdi, səslənir, hələ bundan sonra daha da şiddətlənəcək. Poroşenkonun ilk uğursuz addımı Rusiyada, digər postsovet ölkələrində, eləcə də Azərbaycanda despotizm tərəfdarlarının əlinə dəstəvuz verəcək ki, Poroşenkonun üzərindən demokratiyaya, azad seçki institutuna hücum etsinlər.
Çox qəribədir, bir sıra mədəni ölkələrdə azı 50-70-100 il bundan qabaq tarixin arxivinə qovuşmuş “demokratiya lazımdırmı” polemikası bizdə, bizim gündə olan ölkələrdə hələ də müzakirə mövzusudur və ən pisi odur ki, “demokratiya pis şeydir” tezisinin müəlliflərinin mövqeyi güclüdür.
Ancaq başqa necə ola bilər, kim(lər) tərəfindən idarə olunacağını xalq özü seçməlidir. Bir dəfə yanıldısa, təkrar seçməlidir. O da olmadı, bir də, yenisini seçməlidir. Ta o vaxta qədər seçə-seçə getməlidir ki, seçilənlər hakimiyyətin onlara ata mirası kimi qalmadığını, mandatı xalqdan aldıqlarını dərk etsinlər və onun iradəsi ilə hesablaşsınlar.
Ukraynada son beş ildə üç prezident dəyişərək o problemini həll etdi. Bu gün seçilmə fərəhi yaşayan Poroşenko etimadı doğrultmasa, bir daha seçilməyəcək, yerinə başqası gələcək.
Siyasətşünaslıqda buna “permanent inqilab nəzəriyyəsi” deyirlər. Bu sayaq inqilab nəticəsində Ukrayna xalqı seçib-seçilmək hüququnu özünə qaytardı.