2014-cü ilin birinci rübünün yekunlarına görə, Azərbaycanda fəaliyyət göstərən 44 kommersiya bankından 28-i Mərkəzi Bankın məcmu kapitalın minimum həcminə dair qoyduğu tələbə uyğunlaşıb. Xatırladaq ki, 2012-ci ilin iyununda qəbul edilən qərara əsasən, kommersiya bankları məcmu kapitalın həcmini an azı 50 milyon manata çatdırmalıdır.
Məcmu kapitalın minimum həcmi ilə bağlı tələbin yerinə yetirilməsi üçün banklara 2015-cü ilin yanvarın 1-nə kimi vaxt verilib. Bundan öncə banklar üçün 2014-cü ilin yanvarın 1-nə kimi müddət müəyyən edilmişdi. Ötən ilin sonunda Mərkəzi Bank bankların kapitalını mütəmadi artırdığını, amma hələ bankların yarısının məcmu kapitalın mininmum həddi ilə bağlı tələbə uyğunlaşdığını nəzərə alaraq müddəti daha bir il uzatdı. Qərara əsasən kommersiya bankları dekabrın 31-nə kimi Mərkəzi Bankın tələbinə əməl etməlidir.
Virtualaz.org-un «Ekspress» qəzetinə istinadən məlumatına görə, kommersiya banklarinin əksəriyyəti 2014-cü ilin birinci rübünə dair maliyyə hesabatlarını açıqlayıb.
Hesabatlardan məlum olur ki, artıq 9 bankın məcmu kapitalı 100 milyon manat həddini ötüb. 2013-cü ilin 3-cü rübünün yekununda 8 bank 100 milyon manatlıq həddi keçmişdi. Ötən müddətdə “Unibank” da kapitalını artıraraq ilk doqquzluğa düşüb.
Daha 19 bank 50-100 milyon manatlıq həddə çatıb. Altı ay əvvəl məcmu kapitalının həcmi 50-100 milyon manat səviyyəsində olan cəmi 12 bank var idi. 2014-cü ilin birinci rübündə 3 bankın məcmu kapitalı 35-50 milyon manat həcmindədir, 8 bankın kapitalı 20-30 milyon manat, 5 bankın kapitalı isə 3,5-20 milyon manat həcmindədir.
Açıqlanan fərdi məlumatlardan aydın olur ki, ən böyük məcmu kapitala “Azərbaycan Beynəlxalq Bankı” (ABB) sahibdir. ABB kommersiya bankları arasında yeganə dövlət bankıdır və onun məcmu kapitalının həcmi birinci rübün sonunda 950,6 milyon manata çatıb. Bank sektorunda cəmi kapitalın 26,6 faizi ABB-yə məxsusdur.
“Kapital Bank” və “Paşa Bank”ın məcmu kapitalı 240 milyon manatdan yüksəkdir. “Xalq Bankı” 183 milyon manat, “Bank of Baku” 144 milyon manat məcmu kapitala sahibdir.
İlk beşlikdə qərar tutan bankların cəmi kapitalı 1,766 milyard manat olub ki, bu da ümumi bank kapitalının təxminən 50 faizini formalaşdırır.
İlin sonuna qədər daha bir neçə bank məcmu kapitalını tələb edilən həddə çatdıra biləcəyini demək mümknüdür. Buna görə də növbəti rübdə məcmu kapitalını 50 milyona çatdıran bankların sayının 28-dən 31-ə yüksələcəyini güman etmək olar.
Əsas problem isə məcmu kapitalını hələ 30 milyon manata çatdıra bilməyən bankların qarşısında durur. Birinci rübün sonunda 7 bankın məcmu kapitalının həcmi 20-30 milyon manat həcmində, 4 bankın məcmu kapitalı 10-20 milyon manat həcmində, 2 bankın kapitalı isə 10 milyon manatdan azdır. Məcmu kapitalı 10 milyon manatdan az olan banklardan biri “Azərbaycan Kredit Bankı”dır. Bu bankın açıqladığı məlumata əsasən, birinci rübün sonunda bankın məcmu kapitalı 6,1 milyon manat olub.
Məcmu kapitalın minimum səviyyəsinə dair tələbə uyğunlaşa bilməyən banklar gələcəkdə 2 yoldan birini seçməli olacaq: ya digər bankla birləşəcək, yaxud bank olmayan kredit təşkilatı şəklində fəaliyyətini davam etdirəcək.
İqtisadçı-ekspert Məhəmməd Talıblının fikrincə, bankların kapitalının 50 mln manata qaldırılması bankların kapital imkanlarının genişlənməsinə xidmət edə bilərdi. Bu şirkətləri, holdinqləri, sığorta kampaniyaları gəlirlərinin bir hissəsini bank sektoruna yönəltməyə təhrik edə bilərdi. Bu bankların imkanlarının genişlənməsinə, eyni zamanda müxtəlif innovativ xarakterli tədbirlərin həyata keçirilməsinə, bankların yeni xidmət növlərini təklif etməsinə gətirib çıxarardı.
Bununla belə, ekspert hesab edir ki, nizamnamə kapitalın bu səviyyəyə qaldırılması ölkədə bank sektorunda islahatlar həyata keçirilməsinə deyil, daha çox bank sektorunda təmərküzləşmə prosesinə xidmət edir. Bu, Mərkəzi Bankın elan etdiyi hədəflərin reallaşmasına gətirib çıxaracaq. Ekspert ölkədə fəaliyyət göstərən bankların ən azı 15-nin sıradan çıxacağını da proqnozlaşdırır. Nizamnamə kapitalının artırılması tələbi də əslində bankların sayının azaldılmasına xidmət edir.