Millət vəkili Jalə Əliyeva: “Həyatımda elə insan yoxdur…”
Millət vəkili Jalə Əliyeva “Formaggio” dərgisinə müsahibə verib. “Qafqazinfo” bildirir ki, xanım deputat müxbirin “Çox vaxt kişilər “qadından yaxşı siyasətçi olmaz”, deyirlər, bu qısqanclıq nədən irəli gəlir” sualına cavabında bildirib ki, dünya yaranandan daima fərdlər arasında mübarizə gedib: “Kişilər güclü cinsdirlər: əzələləri, beyin tutumları… Bu baxımdan onların iddiası da hər zaman yüksək olub. Bəzi kişilər qadınları yalnız mətbəx çərçivəsinə salırlar: qadın ancaq uşaq böyütmək, yemək bişirmək üçündür, vəssalam. Hər bir kişi imkan verməlidir ki, onun qadını yanında dayansın”.
Kişilərin ağıllı qadınları niyə sevməmələrinə gəlincə, Jalə xanımın fikrincə, kişilər öyrəşiblər ki, qadınlar həmişə onlardan zəif olsunlar: “Görəndə ki, qadınlar elə kişilər qədər işi bacarır, yerinə yetirir, maşın sürür, onlarda istər-istəməz qısqanclıq yaranır… Bəlkə də qıymırlar bizə…”.
Hər güclü kişinin arxasında bir ağıllı qadın dayanır, deyirlər. Hər ağıllı qadının da arxasında bir güclü kişi dayanırmı?
Xanım deputatın bu fikirdə razı olmadığı məqamlar var: “…Qadının arxasında duran güclü kişi məhz onun atasıdır. Ondan gördüklərin, öyrəndiklərin səni formalaşdırır, gücləndirir. Sonrakı dövrlərdə isə yenə də doğma olan insanların gücünü hiss edə bilərsən. Ancaq onlar səni sona qədər dəstəkləyərlər. Qadın ictimai xadimdirsə, ailəsində kişinin olması onun yükünü əlbəttə ki, yarıbayarı azaldır. Mənim çiynimin yükü olduğundan çoxdursa, deməli, həyatımda elə insan yoxdur!”.
Jalə xanım “Bəlkə o “qapını” döyür, siz açmırsız?” iddiası ilə də razılaşmayıb: “Yox… olsaydı, hiss edərdim… Dostlarım, məni anlayan insanlar çoxdur, amma ürəyimin sahibi heç kim deyil!”.
Deputat xanım onu da etiraf edib ki, elə birisini heç gözləməyib: “O tip insanlardanam ki, məni kiminsə axtarmağını istəyirəm. Ətrafa göz gəzdirib, dost-tanış axtarmamışam. Əgər əvvəllər romantik filmlərə baxıb, qəhrəmanlardan birinin olmağını arzu edirdimsə, bu gün artıq o hiss yoxdur. Bundan sonra heç kimi gözləmirəm”.
Bir neçə gün əvvəl Milli Məclisin başqa bir xanım deputatı Leyla Abdullayeva da bu mövzuda müsahibə vermişdi.
Millət vəkili modern.az-a açıqlamasında ailə qurmaması ilə bağlı suala cavab verməyə çətinlik çəkdiyini bildirmişdi.
Jurnalistin “inanmıram ki, sizin kimi gözəl və ağıllı xanıma evlənmək təklifi edən olmasın” fikrinə isə millət vəkili belə reaksiya vermişdi: “Təbii ki, olub. Amma zamanında ürəyimi zəbt edən insan qarşıma çıxmayıb”.