Azərbaycan Yazıçılar Birliyinin qurultayı olacaq, Anar müəllim yenidən sədrliyə öz namizədliyini irəli sürmüşdür. Bəzi nankorlar isə bunu tənqid edirlər, deyirlər vəzifədən nə qədər yapışmaq olar axı, Anar müəllimin AYB sədrliyinin müddəti artıq 30 ilə çatmışdır, insan bu qədər acgözlük eləməz, gəncləri qabağa verməlidir və daha nələr… Hamısını yazsam gərək kitab olsun, heç lazım da deyildir, çünki respublikamızda Anar müəllimin həyat və yaradıcılığını bəyənməyən xeyli tiplər toplanmışdır.
Elə ən son xəbər İraqın Samirə şəhərindən gəlmişdir, orda “İraq Şam İslam Dövləti” terror təşkilatının dünya qarşısında qoyduğu əsas tələblərdən biri Anarın istefası imiş. Sən demə, görkəmli yazıçımızın “Təhminə və Zaur” əsərini oxuyan Əbu Musaq əl Zərqavi fətva veribmiş, bu kitabı dinə zidd adlandırıbdır, xüsusilə “Tələsmə, Zaur, tələsmə” sitatını pisləmişdir.
Ancaq kim nə deyir desin, Anar müəllim AYB müdirliyindən qəti istefa verməməlidir. Çox düz eləyir.
Birincisi, hörmətli yazıçımız Azərbaycanda Dədə Qorqudu canlı, üzbəsurat görmüş yeganə adamdır. Yanılmıramsa, o nəsildən başqa adam salamat qalmamışdır. O vaxt Dədə Qorqud Anar müəllimə AYB sədrliyi üçün xeyir-dua verib, qopuz çalıb, boy boylayıb, soy soylayıb, hətta Dəli Domrul imkan verməyib, toy da toylayacaqmış. Vatikanda bu söhbətin əlyazması saxlanılır. Sitat: “Sədrə Anar demədim mən Dədə Qorqud, İsmayıllıdakı ”Çıraq” hotelinə Yanar demədim mən Dədə Qorqud”.
Yəni, D.Qorqud bu terminoloji yanlışlığa görə uzaqgörənliklə sevgili xalqımızdan üzr istəmişdir. Kaş elə hamı öz səhvlərini bu cür başa düşəydi, vaxtında Yalıncığın qılıncının altından keçəydi.
İkincisi, Anar müəllimin 30 ildir AYB sədri olması haqda məlumat yanlışdır. Hardasa 27 il ola ya olmaya.
Üçüncüsü, əgər bu adam orda sədrliyini davam etdirməsə, düşmən qüvvələrin zərbələrinə “mətinliklə, çətinliklə, qətiliklə, fərdiliklə, mərdiliklə sinə gərməsəydi” (Z.Yaqub) ittifaq çoxdan dağılıb gedərdi. 1500 şair və yazıçını bir damın altında, bir arxacda, eyni yamacda saxlamaq sizə asan gəlməsin, bunun hərəsinin müxtəlif problemləri olur. Ev, eşik, yemək, gəzmək, vurmaq, durmaq, yıxılmaq… Yazıçı aləminin problemləri çox fərqli olur. 1500 yazıçı azı 15000 problem deməkdir.
Hərəyə 10 dənə. Hələ mən aşağı yerini yazdım. Fəhlənin-kəndlinin nə problemi olur? Heç zad. Uzağı pendir-çörəyini yeyib yatır. Yazıçı isə yerlə-göylə əlləşir, ulduzla güləşir, asteroidlə helləşir, qalaktika ilə dilləşir, buludu minir, nə bilim, tarixə ekskurs edir, gələcəyə uzanır, kainata en verir və sairə. Bax, Anar müəllim belə problemlərə görə qəlyan çəkir.
Stalindən sonra yeganə adamdır ki, elə gözəl qəlyan çəkir. Hətta bir çox gənc şair və yazıçılarımız qəlyan çəkmək üçün Birliyə üzv olurlar. Bu məqsədlə AYB-nin Natəvan adına klubunda qəlyan kursları açılıbdır.
Dördüncüsü, bu adam kitab yazıb doymuş adamdır, yerinə gələn nə biləsən necə olacaq? Bəlkə başlayacaq yazdığı hər şeyi çap eləməyə? Ən pisi odur ki, yeni sədr başqalarının əsərlərini də oğurlayıb çap etdirə bilər. Tolstoyu, Dostoyevskini, canım sənə desin, Heminqueyi, Markesi… Bizə belə neqativ hallar qəti yaraşmaz. Bizim öz suveren, müstəqil ədəbiyyatımız var, bu ədəbiyyat dövlətin, xalqın, Qarabağın keşiyində ayıq dayanıbdır, bəyənməyənin gözü çıxsın.
Yeri gəlmişkən, son illər ölkəmizin uğurlu layihələrindən biri ASAN-xidmətdir, Anar müəllimin adı da buna çox uyğun gəlir. Hətta xalq arasında AYB-yə sevgi ilə “Anar-xidmət” də deyirlər.
Eşitdiyimə görə (kaş yalan olsun), Anar müəllimə alternativ olaraq sədrliyə namizədliyini vermək istəyən mənfurlar, manqurtlar, meymunlar, murdarlar da vardır, burdan onlara səslənirəm: özünüzü yığışdırın! Adam sizi bir qullab tüstüsündə boğar, tüllablar! Sən canın fikir ver, birinin ədəbi təxəllüsü “Zal”dır. Yox bir, şadlıq sarayı, xan bağı, sonalar sonası!
Hərçənd, dahi əsərdə deyilən kimi, tələsməyək, görək qurultayda nə olacaq. Bəlkə qanacaqları çatdı, vermədilər.