“Qanunda konkret göstərilir ki, irqindən, cinsindən, vəzifəsindən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, inzibati xəta törədən hər kəs məsuliyyətə cəlb edilməlidir”. Bunu Modern.az saytına açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov müğənni Elnarə Xəlilovanın avtomobilinin cərimə meydançasına aparılmasından danışarkən bildirib. Onun sözlərinə görə, tanınmış adamlar, “cəmiyyətin qaymaqları” yol hərəkəti qaydalarına əməl etməklə başqalarına nümunə olmalıdırlar:
“Ola bilsin, keçmişdə yol polisi tanınan insanlara humanistlik göstərib, protokol yazmır, sərbəst buraxırdılar. Amma bu gün tanınan, sayılan-seçilən insanlar gərək özləri yol hərəkət qaydalarının tələblərinə ciddi riayət etsinlər, başqalarına nümunə olsunlar”.
Qeyd edək ki, müğənni Elnarə Xəlilovanın idarə etdiyi “Jeep Wrangler” markalı avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılaraq mühafizə olunan dayanacağa aparılıb. Müşahidə kameralarının yaddaşına həkk olunmuş görüntülərdən müğəninin paytaxtın küçələrində idarə etdiyi avtomobilin ön hissəsindəki dövlət nömrə nişanın yerinə kustar üsulla hazırlanmış, qeyri-standart və üzərində müğənninin adı yazılmış lövhə yapışdırılması aydın görünür. Video görüntüdə “ELNARƏ” lövhəli avtomobili idarə edən müğənninin yol hərəkəti qaydalarını pozması da həkk olunub.
“Jeep Wrangler” markalı, 99 FB 078 dövlət nömrə nişanlı avtomobil 2 gün əvvəl yol polisi əməkdaşları tərəfindən saxlanılıb və hazırda mühafizə olunan dayanacağında saxlanılır.
Vaqif Əsədov deyib ki, əgər əvvəllər yol polisi əməkdaşları tanınmış insanlara hansısa məsələdə güzəştə gediblərsə, indi belə bir hal ola bilməz: “Hazırda kimliyindən asılı olmayaraq yol hərəkət qaydasını pozan, yəni xəta törədən sürücülər məsuliyyətə cəlb edilir”.