Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyinin başlaması ilə bağlı Strasburqa səfərdə olan prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında çıxış edib.
AzNews.az xəbər verir ki, AŞPA prezidenti Ann Brasser Azərbaycan prezidentini assambleya üzvlərinə təqdim edib.
O bildirib ki, İ.Əliyev əvvəllər AŞPA-nın vitse-prezidenti olub və Avropa Şurasının işində fəal iştirak edib.
A.Brasser xatırladıb ki, indi İ.Əliyev iclasda Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edən ölkənin dövlət başçısı kimi iştirak edir. A.Brasser Azərbaycanın ərazi bütövlüyü məsələsinə toxunub, ölkənin ərazilərinin bir hissəsinin qonşu Ermənistan tərəfindən işğal edildiyini, münaqişənin nizamlanması üçün Minsk Qrupunun vasitəçilik etdiyini, AŞ PA-nın da tərəflər arasında sülhə nail olmaq üçün səylər göstərdiyini bildirib.
Prezident İlham Əliyev çıxışında bildirib ki, 10 il əvvəl burada dediyim sözlərin üstündə dururam: “Azərbaycan həm siyasi, həm iqtisadi islahatlar sahəsində böyük inkişaf yolu keçib və biz qısa müddət ərzində böyük uğurlara nail olmuşuq. Azərbaycanda demokratik Konstitusiya var, siyasi, sərbəst toplaşmaq, söz və mətbuat azadlıqları təmin olunub. Ölkədə çoxlu demokratik institutlar, QHT-lər, partiyalar, azad KİV-lər fəaliyyət göstərir. İnternet azaddır. Bu institutlar lazımdır və onlar hökumətə kömək edirlər”.
İ. Əliyev Azərbaycanın AŞPA qarşısında götürdüyü öhdəliklərin böyük hissəsinə əməl etdiyini də bildirib: “Azərbaycanda təhsilin inkişafına böyük diqqət yetirilir”.
Prezident son illər ərzində təhsil sahəsindəki islahatlardan da danışıb. Azərbaycan prezidenti dünya birliyinin ikili standartları probleminə də toxunub. O deyib ki, Azərbaycan böyük ənənələrə, mədəniyyətə malik gənc dövlətdir. Onun dünyada yaxşı reputasiyası var və BMT Təhlükəsizlik Şurası sədri postundakı missiyasını da uğurla yerinə yetirib: “Bizə inanır, bizi dəstəkləyir və bizə etimad göstərirlər. Bunun sübutu olaraq BMT Təhlükəsizlik Şurasındakı iki illik fəaliyyətimizi göstərə bilərəm. Azərbaycan dünya birliyinin üzvü olan ölkələrin əksəriyyəti ilə bərabərhüquqlu münasibətlər qurub və regional təhlükəsizlik sisteminin formalaşmasında həlledici rol oynamağa hazırlaşır”.
İ.Əliyev çıxışında Qarabağ münaqişəsi barədə də ətraflı danşıb. Prezident Ermənistanın işğalının ağır nəticələri barədə geniş danışıb.
AzNews.az
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.