Bu yaxınlarda rəhmətə gedən Qabriel Qarsia Markesin “Patriarxın payızı” romanı diktatura haqda yəqin ki, dünyada ən yaxşı romandır. Mən təsəvvür eləmirəm diktaturanın absurdluğunu bundan təsirli yazmaq mümkündürmü. Markes mövzunu möhürləyib, ştamplayıb, qoyub rəfə.
Hansı situasiya istəsən orda tapa bilərsən. Bizim Azərbaycan tipli dövlətlərdə yaşayanlar üçün, təbii ki. Alman, amerikalı, ingilis, fransız üçün bəlkə “Patriarxın payızı” anlaşılmazdır. Biz isə elə qəşəng anlayırıq… Yeri gəlmişkən, Afaq Məsudun tərcüməsində bu romanı qəti oxumayın. Məsud onu məhv eləyib, romanın sür-sümükləri qalıb. İmkan varsa ispanca, ingiliscə, rusca oxuyun.
Srağagün Fatmayı-Goradil tərəflərdə dəniz axtaranda yenə Markes yadıma düşdü. Təsəvvür edin, düz 6 kilometrə yaxın (telefonda GPS proqramı ilə kilometrajı dəqiq ölçdüm) gəzəndən sonra dənizə bir balaca dəlik, çıxış yolu da tapa bilmədim! Bu görməmiş yapistlər hər tərəfi hasarlayıblar. Hasarlar azı 3 metr hündürlüyündədir, arxasında heç bir istirahət obyekti, turizm sektoru-zad yoxdur, sadəcə dənizi hasarlayıblar, vəssalam! Adam əsəbindən partlayır, bu qədər həyasızlıq olarmı?
Abşeron yarımadası böyük bir türmə kimi hasara alınıb, qara azərbaycanlılar dənizi ancaq nəcisli bulvarda-zadda görə bilər. “Patriarxın payızı” romanında diktator öz ölkəsinin altını-üstünü xaricilərə satır, bir gün dənizi də satır. Markes bunu unikal təsvir eləyib, romanda təxminən belə cümlələr var (yadımda qalan): “İşbaz amerikalılar şlyüzlərlə dənizin okeana birləşən hissəsini bağladılar. Sonra böyük tanker-gəmilər gətirib dənizin suyunu doldurub Amerikaya apardılar. Camaat bir gün yuxudan durub buxtanın ölü dibini gördülər. Dəniz yox idi”.
Həmin istiqamətdə yolun üstündə “Sərhədçi” istirahət-idman kompleksi var. Sərhəd qoşunları üçündür. Adam qüssə ilə fikirləşir ki, sərhəd deyəndə bunlar nəyi nəzərdə tutur. Azərbaycanlıların dənizə çıxmaq üçün cəhdi sərhəd pozuntusundan betər sayılır. İndi biz orta əsr səyyahlarının günündəyik, dənizdə “Hindistana yol” axtarırıq. Kim bilir, bəlkə bu qadağa və hasarlar bizim öz Amerikamızı kəşf etməyimizə səbəb olacaqdır? Zarafat edirəm, heç zad olan deyil.
Təkliflər də bu istiqamətdədir. Bazar iqtisadiyyatının klassik qanunundakı kimi: tələb təklifi formalaşdırır. İstədiyiniz yar idi, yetirdi pərvərdigar. Dəmir əl arzu edirdiniz, indi dəmir hasarınız var. Bir-birinizin saqqalını yolub, şalvar balağını güdüb dombalaq aşın. Atalar sözünə keçmişkən, birini də yazaq: Gözəlağa çox gözəl idi, vurdu çiçək də çıxartdı.
Məsələn, Nəqliyyat Nazirliyi bu yaxında təklif elədi ki, rayon maşınlarını Bakıya buraxmaq olmaz. Gəlsinlər, maşını paytaxtın girişində saxlayıb özləri taksi ilə, piyada, sürünərək – kimə necə sərfəlidirsə – şəhərə girsinlər, “Alov qüllələri”nə, Bayraq Meydanına, bulvardakı baobab ağacına baxıb qayıtsınlar. Abşeron qazamatına girişin ildə neçə dəfə olmasını da tənzimləməyin vaxtıdır. Yoxsa bəziləri paytaxtı su yoluna döndərib. Su yolu – açığı, bu ifadə qüvvədən düşmüş sayılır. Dənizə girmək mümkün deyilsə, su yolu nədən asan sayılır?
Ancaq yapistlər müəyyən qiymət müqabilində, müəyyən kilometlərdə dənizə giriş deşikləri qoysalar savab qazanardılar. Məsələn, qarşıdan gələn bələdiyyə seçkilərində məntəqələrə axışıb cənab prezidentin müdrik siyasətinə səs verərdik. Əvəz yaxşı şeydir. Naxçıvanda Sədərək gömrüyünün şefi Mirməhəmməd əkəni türkiyəlilər tutub aparmışdılar, sərhədimizə amansız yağı basqını yapmışdılar. İndi qəzet yazır ki, gömrükçümüzü zindandan alıb gətirmişik. Əvəzində isə Ərdoğan üçün burdakı bəzi liseylərin başını vermişik. Baş ver, baş al – orta əsr feodal dövlətlərində qayda bu cür idi.
Düzü, mən bilmirəm Şirvanşah İbrahimin vaxtında nehrəmlilər Fatmayıda dənizə girə bilirdilər, ya yox…