Dünyanın ən yaxşı futbolçuları siyahısında ilk pillələrdə yer alan “Real Madrid” futbol klubunun portuqaliyalı ulduzu Cristiano Ronaldonu yəqin ki, tanımayan yoxdur.
Bu futbolçunun vurduğu qollar, oynadığı matçlar qədər həm də özəl həyatı haqqında da manşet xəbərlər hazırlanır.
Digər futbolçular da zəngin həyat yaşayırlar. Amma heç biri Ronaldo qədər ön planda deyil.
Niyə Ronaldo ön plandadır? Ronaldo nə qədər pul qazanır və qazandıqlarını haraya xərcləyir, futbolla necə tanış olub?
Bu və digər suallara cavab tapmaq üçün musavat.com olaraq bir araşdırma apardıq.
Cristiano Ronaldonun əsl adı…
Cristiano Ronaldo adı ilə tanınan futbolçunun əsl adı Cristiano Ronaldo Dos Santos Aveirodur. Cristianonun ikinci adının Ronaldo olaraq qoyulmasının səbəbi keçmiş ABŞ prezidenti Ronald Reyqanla bağlıdır. Ronald Reyqan məşhur futbolçunun atasının ən sevdiyi şəxs olub.
Cristiano Ronaldonun ən populyar ləqəbi CR7-dir. Bunun yanında futbolçuya Cris, Ron, Ronnie və The Sultan Of The Stepover kimi adlar da verilib.
Ronaldonun təhsili…
Məşhur futbolçu Cristiano Ronaldo əslində savadsızdır. Orta məktəbdə dərs zamanı stulu yerə sərt şəkildə çırpdığı üçün məktəbdən qovulub. Müəllimləri tərəfindən sevilməyən, amma yoldaşları tərəfindən sevilən bir şagird olub.
Cristiano Ronaldo məktəbdən uzaqlaşdırıldıqdan sonra bir daha həmin məktəbə geri dönməyib. Valideynləri də ona dəstək olublar. Futbola həvəsi olduğunu gördükləri üçün ona bu yolda köməklik ediblər.
Ronaldonun ailəsi…
Məşhur oyunçu ailəsinin 4 övladından biridir. Ronaldodan başqa ailənin 1 oğlu və iki qızı var. Ronaldonun anasının adı Maria Dolores dos Santos Aveirodur və o, əvvəllər aşpaz olaraq çalışıb.
Ronaldonun atasının adı Jose Dinis Aveirodur. Jose Dinis Aveiro bələdiyyədə bağça işləri ilə məşğul olub. İçki problemi olan Jose, Ronaldo 20 yaşında ikən yəni 2005-ci ildə pis həyat şərtlərindən ötəri vəfat edib. Ronaldonun bacıları Alma və Liliana Catiadır. Böyük qardaşının adı isə Hugodur.
Ronaldonun unudulmaz xatirəsi…
Uşaq vaxtlarında “Anrodinha” klubunun ulduzu olan Cristianonun unudulmaz xatirələrindən biri də belədir. Ronaldo bir matçın ilk hissəsində etdiyi “hat-trick”lə komandasını 3-0 önə keçirir.
Ancaq ilk hissənin son anlarında başına aldığı zərbə alır və zədələnir. Dərhal dövrə arasında xəstəxanaya götürülür. Başındakı sarğı ilə geri döndüyündə komandasının matçı 4-3 itirdiyini öyrənən Ronaldo ağlamağa başlayır.
Borc pulla Lissabon gedib, ulduz oldu
Seçilməsi üçün Ronaldonu “Sportinq” klubuna göndərmək istəyirlər. Amma ailəsinin maddi durumu buna imkan vermir. Borc pul toplayaraq, Ronaldonu təkbaşına Lissabona göndərirlər. “Sportinq” təmsilçilərinin Ronaldonu tanımaları üçün onun yaxasına yazı yapışdırırlar. Çünki ailəsi, maddi durumlarının zəif olması ucbatından onunla birgə gedə bilməmişdi.
“Sportinq” kulubu tərəfindən bəyənilən 12 yaşlı Ronaldo bu klubda oynamaq üçün ailəsi ilə birlikdə Lissabona köçür. Ev həsrəti çəkən və digər uşaqlar tərəfindən Madeiralı şivəsi səbəbi ilə lağ mövzusu olan Ronaldo ilk zamanlarında olduqca çətinlik çəkir. Sonralıqca bütün bu hissləri geridə qoyur və karierasında addımlar atmağa başlayır.
Beləcə Ronaldonun karyerası başladı
Ronaldo “Sportinq”in gənc oyunçularının təhsil aldığı Alcochete futbol məktəbinə qatıldı. 1 mövsüm içində Sporting U-16, U-17, U-18, B komandası, və A komandasında oynayan ilk və tək oyunçu oldu. İlk çıxdığı matçda “Moreirense” komandasına 2 qol atdı. Bundan əlavə Avropa 17 yaşaltı Futbol Çempionatında da oynayırdı.
Ronaldo 15 yaşında olarkən ona futbolu buraxmağı məcbur edə biləcək bir ürək döyüntüsü diaqnozu qoyuldu. “Sportinq” klubu işçiləri bu vəziyyətdən xəbərdar edildi və anası Ronaldonun xəstəxanada yatması üçün razılıq verdi. Xəstəxanada ikən, ürəyindəki problemə səbəb olan bölgə bir lazer əməliyyatı ilə yandırıldı.
Əməliyyat səhər başladı və Ronaldo günortadan sonra xəstəxanadan buraxıldı. Yalnız bir neçə gün sonra məşqlərə davam etdi.
16 yaşında olarkən “Liverpul” onu qəbul etmədi
16 yaşında ikən o zamanlar Liverpulun baş məşqçisi olan Gerard Houllier tərəfindən bəyənildi, amma Liverpul Ronaldonun hələ çox gənc olduğunu və qabiliyyətlərini inkişaf etdirməsi lazım olduğuna qərar verdi. Onu komandaya qəbul etmədilər.
2003-cü ilin yazında Lisbonda Estadio Jose Alvalade stadının açılış matçında, “Sportinq Lissabon”un “Manchester United”i 3-1 məğlub etdiyi matçda Ronaldonun oyunu “Manchester United”in baş məşqçisi Alex Fergusonun diqqətini çəkdi.
Ronaldonun performansı “Manchester United”in futbolçularına da təsir etdi və Alex Fergusona Ronaldonu transfer etməsi üçün təkid etdilər.
“Manchester United” karierası
Ronaldo Manchester Unitedə transfer oldu və komandanın ilk portuqaliyalı oyunçusu oldu. Ronaldonun transferinə 12.24 milyon sterlinqə ödənildi. Ronaldo, daha əvvəl Corc Best, Bryan Robson, Eric Cantona, David Beckham kimi futbolçuların geydiyi 7 nömrəli formadakı gözləmələrin yarada biləcəyi təzyiqləri istəmədiyi üçün 28 nömrəli formanı seçdi (“Sportinq”də geydiyi forma nömrəsi 28 idi.)
Ronaldo 28 nömrəli forma ilə bağlı bunları demişdi: “Manchesterə gəldiyimdə baş məşqçi hansı nömrəli formanı geymək istədiyimi soruşdu. 28 nömrə dedim. Amma Ferguson : “Xeyr, 7 nömrəni geyəcəksən və bu məşhur forma sənə əlavə bir motivasiya qaynağı olacaq”. Belə bir şərəfə çatmağa məcbur buraxıldım “
Bundan sonra ulduzu parlayan Ronaldo, İspaniyanın Kral klubu olan “Real Madrid”ə transfer oldu. Bu transfer bütün dünyada səs salır. Çünki Ronaldo üçün rekord bir məbləğ ödənilmişdi. Müqaviləsindəki sərbəst qalma ödənişi 1 milyard dollardır.
Ronaldo dünyanın ən varlı oyunçular arasındadır
Cristiano Ronaldo ötən il 44 milyon dollar qazandı. Hazırda dünyanın ən zəngin 10 idmançısı arasında yer alır. Onun 2018-ci ilə qədər “Real Madrid” klubu ilə müqaviləsi var və illik maaşı 23 milyon dollar təşkil edir.
Dünyanın ən çox maaş alan futbolçularındadır. Haradasa bir o qədər də (21 milyon dollar), sponsorlardan pul qazanır.
“Nike”la bağladığı yeni sponsorluq müqaviləsinə görə, ildə 8 milyon dollar alacaq. Ayrıca Herbalife, Clear, Castrol, Samsung kimi firmalarla da sponsorluq razılaşması var.
Ronaldonun şəxsi həyatı
Şəxsi həyatında da qazandığı pulun haqqını verir. Rus model İrina Shayk ilə 4 ildir ki, birlikdədirlər.
İrina da öz karierində olduqca müvəffəqiyyətlidir. “Herakl” filmində rol alaraq ağ pərdəyə ilk addımını atdı. Birlikdə bütün dünyanı gəzirlər.
Əsasən narahat edilməmək üçün istirahət məqsədi ilə bir o qədər də tanınmadıqları Amerikanı seçirlər.
Ronaldonun avtomobilləri
Avtomobillər Ronaldonun digər bir hobbisidir … – “Lamborgini Aventador”.
2009-cu ildə 320.000 dollara satın aldığı Ferrari ilə Manchesterdə qəza törətdi. Amma qəzadan yüngül xəsarətlə xilas oldu. Eyni zamanda Bentley, Porshe, Mersedesdən ibarət kolleksiyası da var.
Dəbə uyğun yaşam tərzi…
Madriddə 7 Milyon Dollarlıq bir villada yaşayır. Eyni zamanda dəbli geyimləri də sevir.
“Armani” şirkəti üçün modellik etdi və yaxında öz adı ilə bir alt paltarları kolleksiyası çıxacaq.
Jacob & Co saatları ilə də bir razılaşması var. Markanın 160.000 dollarlıq saatlarından istifadə edir.
Yardımsevər Ronaldo…
Bütün bunlardan əlavə Ronaldo həm də xeyriyyəçidir. Futbol karierasına başladıqdan bu vaxta qədər etdiyi yardım sevər hərəkətləri ilə hər kəsin qəlbini fəth edib. Cristiano Ronaldo, 2010-2011 mövsümündə Avropa qitəsinin ən çox qol vuran oyunçusu oldu və “qızıl ayaqqabı”nı qazandı.
Ronaldo bu mükafatın bir açıq artırmada satılmasına icazə verdi və əldə edilən təxminən 1,5 milyon avroluq qazancı fələstinli uşaqlara bağışladı. Bundan əlavə Ronaldo, 66 ölkədən 167 məktəbə də yardım edir. Xeyriyyə işləri bunlarla bitmir. Bundan əlavə Ronaldo, ispaniyanın Toledo şəhərinin Villaluenga de la Saqra mahalında beyin xərçəngi diaqnozu qoyulan körpənin 60 min avroluq müalicə xərclərini ödəyib və bu ilk dəfə deyil.
Sosial şəbəkələrdə də ilk yerlərdədir
Cristiano Ronaldo Twitter, Facebook kimi sosial şəbəkələrdə ən çox izlənilən 5-ci adamdır. Cristiano Ronaldonun önündəki adlar Justin Bieber, Lady Gaga, Rihanna və Katy Perrydir.
Ötən il dünyanın ən yaxşı oyunçusu adını 2-ci dəfə qazandığı zaman Ronaldo göz yaşlarını saxlaya bilmədi. Çünki bir zamanlar futbol ayaqqabısı almaq üçün pulu olmayan Ronaldo, indi milyonlar sahibi idi və dünyanın ən yaxşı oyunçusu adını 2-ci dəfə qazanırdı.
Məhəmməd TÜRKMƏN